Əsas Səhifə > Ölkə > “RƏSUL QULİYEVİN HAKİMİYYƏTİN ADAMI OLMASI CƏFƏNGİYYATDIR...”

“RƏSUL QULİYEVİN HAKİMİYYƏTİN ADAMI OLMASI CƏFƏNGİYYATDIR...”


25-01-2012, 16:40
“RƏSUL QULİYEVİN HAKİMİYYƏTİN ADAMI OLMASI CƏFƏNGİYYATDIR...”

BAHAR MURADOVA XƏBƏRİMİZƏ REAKSİYA VERDİ

Son dövrlər Rəsul Quliyevin guya fəallaşmasının arxasında hakimiyyətin dayanması, iqtidarın maraqlarının olması barədə müxalifət düşərgəsində, mediasında səslənən iddiaların heç bir əsası yoxdur və ola bilməz.

Modern.az-ın məlumatına görə, bu sözləri hakim YAP-dan olan millət vəkili, Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova deyib.

Onun sözlərinə görə, xalq arasında, siyasi elita və siyasi cəhətdən fəal təbəqə içərisində heç bir dayağı olmayanlar bu gün Yeni Azərbaycan Partiyası (YAP) və yaxud onun prezidentliyə namizədi üçün ciddi rəqib sayıla bilməzlər.

Hakim partiya təmsilçisi deyib ki, həmin şəxslər seçki prosesinə qoşulmaqda sərbəstdirlər, qanun imkan verdiyi çərçivədə seçki prosesinə qoşula, fikirlərini bəyan edə, bu və ya digər fantastik hədəflər müəyyənləşdirib,ona çatacaqlarını söyləyə də bilərlər:

“Bu, onların hüququdur və bizim buna da heç bir irad bildirmək niyyətimiz yoxdur. Ancaq o ki qaldı eks-spikerin guya hakimiyyət tərəfindən müxalifət düşərgəsini parçalamaq üçün ortaya atılması məsələsinə, dediyim kimi, bunlar əsassızdır və cəfəngiyyatdan başaq bir şey deyil.

YAP, hazırki Azərbaycan iqtidarı,İlham Əliyev komandası öz üzərinə götürdüyü vəzifələri yerinə yetirməklə və Azərbaycanı irəliyə aparmaqla, inkişafa qovuşdurmaqla məşğuldur. Bunu da kimləri isə parçalamaq, kimləri isə bir-birinə qarşı qoymaq məqsədi ilə etmir, öz vəzifəsini xalqın onun üzərinə qoyduğu etimad mandatına uyğun olaraq yerinə yetirir”.

Azərbaycanda demokratik mühitin mövcud olduğunu deyən B.Muradovanın qeyd etdiyinə görə, hər kəs istədiyi vaxt fəallaşa bilir:

“İmkanı çatdığı təqdirdə ən azı mətbuatda fəallaşır. Amma bu gətirib bir konkret siyasi nəticəyə çıxarırmı? Söhbətin mövzusu yalnız bu ola bilər. Yenə də bildirirəm, fəaliyyət növünü, onun təzahür formasını seçməkdə insanlar sərbəstdirlər və qanun buna hər cür şəraiti yaradır.

Bizim də istədiyimiz odur ki, Azərbaycanda elə bir mühit mövcud olsun ki, hətta, 3-5 adam tərəfindən dəstəklənməyən adam belə özünü ehtimali şəkildə prezidentlikdə görsün. Yəni, bunun üçün hansısa bir məhdudiyyət hiss etməsin. Söhbət bundan gedir. Bu, çox yaxşıdır ki, hətta, cüzi imkanı olmayan adamlar belə özlərini bu vəzifəni yerinə yetirməyə hazır bilirlər və bu cəhddə bulunurlar.

Bulunsunlar, yeganə hakimiyyət xalqadır və xalq da bu məsələdə mövqeyini bildirəcək ki, kim Azərbaycanı irəliyə aparmaq imkanlarına malikdir, kimə etimad göstərmək lazımdır, kim bu vəzifələri yerinə yetirə bilər. Bunu isə xalq dəfələrlə bildirib, deyib və mən inanıram ki, qarşıdakı seçkidə də deyəcək, bildirəcək. Müxalifət düşərgəsinə isə öz fəaliyyətlərində, öz işlərində uğurlar arzulayıram. Təki işləri rəvan getsin”.


Geri qayıt