Əsas Səhifə > Partiya > BEYİN MƏRKƏZİ İDEYASI

BEYİN MƏRKƏZİ İDEYASI


25-01-2012, 16:02
BEYİN MƏRKƏZİ İDEYASI

"HAKİMİYYƏT OTURDUĞU BUDAĞI BALTALAMAQ İSTƏMİR"

Qarabağ münaqişəsi 20 ildən artıqdır ki, beynəlxaq səviyyələrdə müzakirə olunsa da ortada heç bir nəticə yoxdur. Əksinə, qloballaşaraq maraqlı dövlətlərin nəzarəti altına keçib. Problemin güc yolu ilə həllinin mümkünlüyü barədə arabir verilənbəyanatlar da elə həmin maraqlı dövlətlər tərəfindən qəzəblə qarşılanır. Bu qəzəbin təsirlərini neytrallaşdırmaq və münaqişəni gerçəkdən həll etmək üçün isə beyin mərkəzinin, siyasi institutların yaradılması təklif olunur. Münaqişənin beynəlxalq səviyyəyə qaldırılmasını yanlış addım hesab edən professor Rafiq Əliyev düşünür ki, əgər Azərbaycan hakimiyyəti bu ideyanı dəstəkləyərsə, onda Qarabağ probleminin həllinə nail olmaq mümkündür.

Məsələyə münasibətini bildirən Azərbaycan Ziyalılar Birliyinin (AZB) sədri Eldəniz Quliyev də hesab edir ki, problemin həllinin uzanaraq faciəyə çevrilməsinin səbəbi, onun beynəlxalq qurumlara həvalə olunmasıdır. Eldəniz bəy beyin mərkəzlərinin yaranmasını, Qarabağ probleminin həlli ilə məşğul olan institutların fəaliyyət göstərməsini yaxşı hal hesab etsə də, bir nüansın nəzərdən qaçdığını vurğuladı: “Doğrudur, ABŞ-ın xarici siyasətini demək olar ki, beyin mərkəzləri hazırlayıb ortaya qoyur. Azərbaycanda isə avtoritar siyasi sistem hökm sürür. Əgər bizdə hakimiyyət bir əldə cəmləşirsə, ölkədə korrupsiya, rüşvətxorluq baş alıb gedirsə, beyin mərkəzlərinin fəaliyyətinin müsbət nəticə verəcəyi ağlabatan deyil. Bu, Ziyalı Forumunun ilk addımından da açıq-aşkar göründü. Forumda ziyalılar öz fikirlərini ifadə edən kimi sərt reaksiya göstərildi”.

E.Quliyev mövcud Azərbaycan iqtidarının Qarabağ münaqişəsi həll etmək iqtidarında olmadığını bildirdi. Və dedi ki, bəzi hallarda hakimiyyətin buna gücü çatmır, yaxud indiki status-kvonun qalması onu qane edir, bəzən ölkənin demokratik imicinə qəsdən zərbə vurur, insanları azad fikirlərinə, ədalətli mövqeyinə görə həbs edir, təzyiqlərə məruz qoyur, İslamofobiya siyasəti yeridilir və sair: “Bunlar hamısı ondan xəbər verir ki, Azərbaycan öz demokratik imicini itirib. Yəni Qarabağ probleminin həll edilməsində demokratik mühitin yaradılması, sosial-iqtisadi problemlərin aradan qaldırılması vacibdir. Bunlar olmadan beyin mərkəzinin yaradılması küçə hərəkəti qaydalarını pozan “avtoş”un əhəmiyyət vermədiyi işıqfor effekti verə bilər. Amma heç nəyin olmamasındansa, nəyinsə mövcudluğu yaxşıdır. Bu gün həm beyin mərkəzləri, həm xalq diplomatiyası vasitəsilə hakimiyyəti problemlərin çözülməsinə, xalqın qulluğunda durmağa məcbur etmək lazımdır”.

Hakimiyyətin dəstəkləyəcəyi halda sözügedən ideyanın müsbət nəticə verib-verməyəcəyinə gəlincə, AZB sədri dedi ki, ümumiyyətlə xalq Qarabağ münaqişəsinin həllində iqtidarın limitinin bitdiyini anlayır: “Əgər beyin mərkəzi münaqişənin həlli və ya heç olmasa diaqnoz qoymaq üçün yaranırsa, onda ilk növbədə Azərbaycan hakimiyyətinin apardığı siyasətin iflasa uğradığını ortaya qoymalı, beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, ölkədəki özbaşınalığı bəyan etməlidir. Bunları nəzərə alanda beyin mərkəzlərinin yaranması və hakimiyyətin də bunu dəstəkləməsi şübhə doğurur. Çünki iqtidar heç vaxt öz oturduğu budağı baltalamaq istəməz”.
Əgər beynəlxalq qurumlar, güc mərkəzləri, iri dövlətlər Qarabağ probleminin həllini istəmirsə necə, hətta hakimiyyət ideyanı dəstəkləsə belə müsbət nəticə əldə etmək olarmı? “Mənə istinad nöqtəsi verin, Yer kürəsini tərpədim” kəlamını xatırladan Eldəniz bəy əmin olduğunu bildirdi ki, qlobal məsələlərdə xalqla hakimiyyət bir olsa, çox şeyə nail olmaq mümkündür: “Çox təəssüf ki, indiki hakimiyyət xalqdan ayrıdır və onlar arasındakı çat böyüyərək uçuruma çevrilməkdədir. Ortada siyasi iradə olsa, iqtidar problemi gerçəkdən həll etmək istəsə, xalq ona dəstək verəcək. Və bu zaman heç bir beynəlxalq təşkilat, onların nümayəndələri, o cümlədən Azərbaycanda “at oynadan”, ölkəmizin siyasətinə təsir etmək gücündə olan Qərbin, ABŞ-ın, İsrailin bəzi siyasi texnoloqları geri çəkiləcəklər. Hansı ki, onlar Qarabağ məsələsində maraqlı olsaydılar BMT-nin Təhlükəsizlik Şurasında bitərəf qalmazdılar, erməni separatçılarına maliyyə yardımı ayırmazdılar, İsrail parlamentində “erməni soyqırımı”nı hər dəfə gündəmə gətirməzdilər”.


Geri qayıt