Əsas Səhifə > Ölkə, Manşet > İCRA BAŞÇILARI YOL ÜSTÜNDƏ

İCRA BAŞÇILARI YOL ÜSTÜNDƏ


25-01-2012, 15:39
İCRA BAŞÇILARI YOL ÜSTÜNDƏ

HANSI RAYONUN RƏHBƏRİ DƏYİŞƏCƏK, KİMLƏR HARA GEDİR?

DİA.AZ: Nə zamandır bir neçə rayonunun icra başçısının dəyişdiriləcəyi ilə bağlı məlumatlar yayılsa da, bu istiqamətdə heç bir yenilik müşahidə olunmur. Bununla bağlı DİA.AZ olaraq hökumət içindəki məlumatlı çevrələrin münasibətini öyrəndikdə aydın oldu ki, əslində hakimiyyətin icra başçıları ilə bağlı planları qüvvədədir və fevral ayında bu istiqamətdə çox ciddi addımlar atılacaq.

Mənbəmiz bildirdi ki, Xaçmazın, Masallının icra başçıları başqa rayonlara rəhbər göndəriləcək: «Amma Samuxun, Mingəçevirin və daha iki rayonun icra başçısı isə birdəfəlik olaraq vəzifələrini itirəcəklər».

Mənbəmizə görə, eyni zamanda Bakının və Naxçıvan Muxtar Respublikasının da rayonlarında rəhbər dəyişikliyi həyata keçiriləcək: «Konkret olaraq Xətai və Binəqədi rayonlarının icra başçıları dəyişdiriləcək. Naxçıvanın da iki rayonunun başçısı görəvdən alınacaq».

Mənbəmizə görə, bu kadr islahatları təxminən ay yarım müddətində icra olunacaq: «Artıq yeni kadrların kimlikləri də məlumdur. Burada maraqlı olanı odur ki, yeni icra başçılarının əksəriyyəti hansısa hakimiyyətiçi qruplaşmaya bağlı deyil. Onların birbaşa olaraq prezident tərəfindən müəyyən olunduğu və hansısa təqdimatla müəyyənləşmədiyi söylənilir».

Əslində belə bir islahatın həyata keçirələcəyi söylənilirdi. Bu barədə bir müddət əvvəl yayılan məlumatlarda da deyilirdi ki, İlham Əliyev ayrı-ayrı istiqamətlərin, eləcə də rayonların oliqarx-məmurlar arasında bölüşdürülməsi siyasətinə son qoymaq qərarını verib. Deyəsən, icra başçıları ilə bağlı nəzərdə tutulan dəyişiklik planı ilə bu niyyət istiqamətində də ilk addımın atılması nəzərdə tutulub.

Geri qayıt