Əsas Səhifə > Ölkə > NƏQLİYYAT NAZİRLİYİNİN TAKSİ STANDARTLARI QANUNİDİRMİ?
NƏQLİYYAT NAZİRLİYİNİN TAKSİ STANDARTLARI QANUNİDİRMİ?25-01-2012, 15:18 |
ZİYA MƏMMƏDOVUN İDARƏSİ YALAN DANIŞIR Nəqliyyat Nazirliyi taksi standartlarına etirazları nəzərə alıb müəyyən yumşalmaya getdi. Texniki durumu imkan verdiyi halda istismar müddəti 5 ildən çox olan maşınların taksi xidmətləri göstərə biləcəyi bəyan olundu. Amma avtomobilin rəngi yalnız ağ və ya bənövşəyi olmalıdır. Sovet istehsalı olan minik avtomobilləri də taksi xidmətləri üçün yararlı sayılmır. “Media forum” saytına açıqlama verən Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyir ki, məhdudiyyətlərin yumşaldılması “Avtomobil nəqliyyatı haqqında” qanuna, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları”na, sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırlması qaydalarına və İnzibati Xətalar Məcəlləsinə əsaslanır: “Taksi fəaliyyəti göstərən maşınlara lisenziya beş il müddətində verilir. Dünya praktikasına görə, beş ildən az istismar olunan maşınlar sərnişinlər üçün daha təhlükəsiz sayılır. Sadəcə bəzi sürücülərin müraciətləri nəzərə alınaraq belə bir qərar verildi. Elə maşınlar var ki, məsələn, 2000-ci il buraxılışıdır, amma texniki cəhətdən taksi fəaliyyəti üçün yararlıdır”. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev rəsmilərin bəyan etdiyi texniki normaları qanunsuz adlandırır. “Media forum”a açıqlamasında ekspert deyib: “Nə 2008-ci ilin iyulundan qüvvədə olan “Avtomobil nəqliyyatı haqqında” qanunda, nə də Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları”nda Nəqliyyat Nazirliyinin bəyan etdiyi texniki standartlar barədə məlumat yoxdur. Məsələn, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları”nda iki qapılı, fərdi konstruksiya əsasında hazırlanan, əlillər üçün xüsusi avadanlıqlar quraşdırılmış, eləcə də əllə idarə olunan əlil avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına yol verilməməsi, taksi minik avtomobillərinin taksometrlə təchizatının vacibliyi, oturacaqların sayının 9-dan çox olmaması norma kimi müəyyən edilib. Yaxud avtonəqliyyat vasitələrinin daşımalara yararlı olması üçün Nəqliyyat Nazirliyi və yol polisinin birgə yoxlamasından keçirilməsi, lisenziya alması da məcburi normalardır. Amma maşının rəngi, markası və istismar müddəti barədə həmin sənədlərdə heç bir icbari hüquqi tələb yoxdur”. Ekspertin fikrincə, Nəqliyyat Nazirliyi bunu şifahi formada və ya özünün hansısa daxili təlimatı əsasında həyata keçirirsə, bu, ciddi qanun pozuntusudur: “Çünki sərnişin daşıma qaydalarına dəyişiklik Nazirlər Kabinetinin müstəsna səlahiyyətlərinə aiddir. Konstitusiya normativ hüquqi aktların hüquqi qüvvə qazanması üçün onların rəsmi təsdiqlənməsini və çap olunmasını tələb edir. Nazirlər Kabinetinin qərarlarının normativ hüquqi akt olduğunu nəzərə alsaq, sərnişindaşımaya dair qərara hansı tarixdə dəişiklik edildiyi və harada çap olunduğu ictimaiyyətə elan olunmalıdır”. Rövşən Ağayev hesab edir ki, Nəqliyyat Nazirliyi özfəaliyyətlə məşğuldursa, Konstitusiya Məhkəməsi və Nazirlər Kabineti buna rəsmi mövqe bildirməlidir. Geri qayıt |