Əsas Səhifə > Cəmiyyət > “SİYASİ MƏHBUSLARA AZADLIQ”

“SİYASİ MƏHBUSLARA AZADLIQ”


25-01-2012, 14:53
“SİYASİ MƏHBUSLARA AZADLIQ”

BU TƏLƏBLƏ AŞPA-YA BEYNƏLXALQ MÜRACİƏT ÜNVANLANDI

Beynəlxalq QHT-nin Azərbaycan üzrə Tərəfdaşlıq Qrupunun üzvləri (İPGA) Azərbaycanda vətəndaşların siyasi motivlərlə həbsinin davam etməsindən və ifadə azadlığı hüququnun pozulmasından ciddi narahatlığını bildirib.

Bununla əlaqədar IPGA AŞPA-nı bu şəxslərin azadlığa buraxılmasına nail olmaq üçün təcili addımlar atmağa, Avropa Şurasının üzvü kimi Azərbaycandan öz öhdəliyini yerinə yetirməsi ilə bağlı açıqlama tələb etməyə çağırıb.

Azərbaycan insan hüquqları üzrə Avropa Konvensiyasına qoşulsa da, ölkə hakimiyyəti öz öhdəliklərini yerinə yetirmir və müntəzəm olaraq bu hüquqları pozur. Ölkə jurnalistləri, blogerlər və sıravi vətəndaşlar hakimiyyətin ünvanına tənqidlərə görə təqiblərə, hücumlara və həbslərə məruz qalır.

IPGA Əvəz Zeynallı, Bəxtiyar Hacıyev, Vidadi İsgəndərov və 2011-ci ilin mart-aprel mitinqlərində iştiraka görə həbs edilən 15 fəalın, həmçinin 2005-ci ildə iğtişaşların hazırlanması ittihamı ilə məhkum olunmuş “Yeni Fikir” gənclər təşkilatının lideri Ruslan Bəşirlinin həbsindən narahatlığını bildirib.

Yanvarın 26-da AŞPA-nın Hüquq məsələləri və insan haqları üzrə Komitəsinin iclasının keçirilməsi ilə əlaqədar İGPA Azərbaycanda siyasi məhbuslar problemi ilə bağlı vəziyyətin pisləşdiyini qeyd edirlər.

AŞPA AŞ üzvü olan Azərbaycandan davranışına görə hesabat tələb etməlidir. İGPA AŞPA-nı təcili addımlar atmağa çağırır:

- adı çəkilən şəxslər dərhal azadlığa buraxılsın, siyasi motivli həbslərə son qoyulsun;

- Azərbaycan hakimiyyəti ilə AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi arasında əməkdaşlıq gücləndirilsin, onun ölkəyə gəlişinə viza verilsin;

- Avropa insan hüquqları Konvensiyası çərçivəsində Azərbaycanın öz öhdəliklərini yerinə yetirməsinin monitorinqi gücləndirilsin, AŞPA Monitorinq Komitəsinin məruzəçilərinin Azərbaycana, ilk növbədə Naxçıvana səfəri təşkil olunsun;

- Azərbaycanda demokratik institutların formalaşdırılması haqqında 2010-cu il 1750 saylı qətnamə çərçivəsində tövsiyələrin Azərbaycan tərəfindən yerinə yetirilməsinə baxılsın və nöqsanların aradan qaldırılması üçün tədbirlər görülsün;

- Avropa Şurası Nazirlər Komitəsinə tapşırılsın ki, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin siyasi məhbusların işlərinə dair qərarlarını yerinə yetirməsi üzrə tədbirləri gücləndirsin”, - bəyanatda deyilir.

Sənədi ARTICLE 19, İfadə Azadlığı Uğrunda Qlobal Kampaniya, Jurnalistləri Müdafiə Komitəsi, İnsan Hüquqları Evi, Senzura İndeksi, Media Müxtəlifliyi İnstitutu, Norveç Helsinki Komitəsi, PEN klub, “Sərhədsiz Reportyorlar” təşkilatı imzalayıb.


Geri qayıt