Əsas Səhifə > Araşdırma > AZƏRBAYCANDA BALIQÇILIQ SƏRFƏLİDİRMİ?

AZƏRBAYCANDA BALIQÇILIQ SƏRFƏLİDİRMİ?


25-01-2012, 13:49
AZƏRBAYCANDA BALIQÇILIQ SƏRFƏLİDİRMİ?

EKSPERTLƏR BU BARƏDƏ ARAŞDIRMA APARIB

Balıqçılıq sahibkarlığın mənfəətli sahələrindəndir, amma onun inkişafı üçün Azərbaycanda rəqabət qabiliyyətli iqtisadiyyat yoxdur.

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Aqro-biznes Mərkəzi (ABM) ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi Azərbaycanda Rəqabətlilik və Ticarət (ART) layihəsinin aralıq təqdimatının əsas leytmotivi bu olub.

İTM sədri Qubad İbadoğlunun sözlərinə görə, tədqiqatın əsas vəzifəsi Azərbaycanın balıqçılıq təsərrüfatlarının əsas inkişaf tendensiyalarını və çətinliklərini müəyyənləşdirməklə bu sektorun vacibliyi, imkanları, mənfəətliliyi və rəqabətliyinə dair müzakirələr aparmaqdır.

Layihənin birinci mərhələsini Daxili Resurs Xərcləri (DRX) metodologiyası əsasında təhlilin aparılması təşkil edir.

Balıqçılıq təsərrüfatlarının sahibləri arasında sorğular və ekspert rəyi də tədqiqatın zəruri tərkib hissəsidir. Təhlilin başlıca informasiya mənbələrini əsasən karp və qızılxallı balıq (forel) balıq növlərini yetişdirən Salyan-Neftçala və Şəki-Zaqatala regionlarının fermerləri və ticarətçiləri arasında keçirilmiş sorğu materialları təşkil edib.

Tədqiqat nəticəsində məlum olub ki, maliyyə mənfəətliliyinə baxmayaraq, iqtisadi nöqteyi nəzərdən bu sektor, xüsusilə də karp təsərrüfatları rəqabətliliyin yüksək səviyyəsini özündə əks etdirmir. Belə ki, bu sektorun ixrac yönümü inkişaf etməyib. Lakin tədqiqatlar göstərir ki, sektorda idarəçilik və xarici bazara yönümlü inkişaf strategiyası ilə onun ixrac potensialını yüksəltmək mümkündür;

Tədqiqat nəticəsində dövlət siyasəti və texniki istiqamətlərdə çoxsaylı çətinliklər aşkarlanmışdır ki, bu da balıqçılıq təsərrüfatlarında nəinki istehsalın həcminə, həmçinin də istehsal olunmuş məhsulun keyfiyyətinə mənfi təsir göstərir. Hökumət balıq yeminin və onun komponentlərinin ölkəyə gətirilməsində gömrük və sanitary maneələrin aradan qaldırılmasına ehtiyac var. İnvestisiyalarla bağlı problemlər də var. Normal kapital qoyuluşu zamanı forelin yetişdirilməsi (1 kq forel dünya bazarında $50-$200-dır) başqa növ məhsulların ixracından geri qalmır.

Ekspertlərin fikrincə, kiçik balıqçılıq təsərrüfatlarının, emal müəssisələrinin açılmasına ehtiyac var. Balıq məhsullarının daşınması və onun soyuducularda saxlanılması ilə əlaqədar olan xərclərin aşağı salınması imkanları yüksəkdir, deyə İbadoğlu hesab edir.

Mütəxəssis və sahibkarların nəzərinə - Əlavə suallarla bağlı layihənin tədqiqat qrupunun üzvü Vahid Məhərrəmovla (012) 465 1841 saylı telefonla əlaqə saxlamaq lazımdır.


Geri qayıt