Əsas Səhifə > Güney Press, Araşdırma > ƏLİ İNSANOV AVROPAYA ŞİKAYƏT ÜNVANLAYIB

ƏLİ İNSANOV AVROPAYA ŞİKAYƏT ÜNVANLAYIB


28-10-2013, 17:36
ƏLİ İNSANOV AVROPAYA ŞİKAYƏT ÜNVANLAYIB
Hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov bu gün Azərbaycan Ali Məhkəməsinin Plenumunun təxirə salınmasından Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsinə şikayət edib. Bu barədə Turan-a vəkil Toğrul Babayev bildirib.

Əli İnsanov 2005-ci ilin oktyabrında parlament seçkilərindən öncə həbs edilib və dövlət çevrilişi hazırlamaqda ittiham edilib. Sonra ittiham dəyişdirilib və onu iqtisadi cinayətlərə görə 11 il müddətinə mühakimə ediblər.

Avropa İnsan Hüquqları Məhkəməsi 14 mart 2013-cü ildə İnsanovun ədalətli mühakimə hüququ haqqında iddiasını təmin edib və ona qarşı işgəncə faktını təsdiq edib. Bu səbəbdən Avropa Məhkəməsi Azərbaycan hökumətinin İnsanova 10 min avro kompensasiya ödəməli olduğu haqqında qərar verib.

Avropa İnsan Hüquqları Məhkəməsinin İnsanovun işi üzrə 14 iyun 2013-cü ildə qüvvəyə minmiş qərarında deyilir ki, sabiq nazirin Avropa İnsan Hüquqları Konvensiyasında zəmanət verilmiş hüquqları onun uzun müddət ağır şəraitdə saxlanılması ilə pozulub. Ə.İnsanov 178 nəfərlə birlikdə barakda saxlanılır. İnsanovun saxlandığı yer rütubətlidir və az işıqlandırılır.

Vəkil Toğrul Babayev deyib ki, Əli İnsanov barəsində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icrası üçün oktyabrın 28-nə təyin edilmiş Ali Məhkəmənin Plenumu heç bir səbəb göstərilmədən bir gün qalmış noyabrın 15-dək təxirə salınıb. “Əli İnsanov hesab edir ki, hakimiyyətin siyasi sifarişi ilə Ali Məhkəmənin Plenumunun təxirə salınması onun dözülməz şəraitdə saxlandığı cəzaçəkmə müəssisəsindən azad olunmasının qarşısını almaq məqsədi daşıyır. Bu səbəbdən də İnsanov plenumun təxirə salınması ilə bağlı Avropa Şurasının Nazirlər Komitəsinə şikayət göndərib”, deyə o qeyd edib.

Geri qayıt