Əsas Səhifə > Ölkə, Manşet > NAZİRLİYİN "QAÇAQ" ELAN ETDİYİ ƏSGƏR YARALI TAPILDI

NAZİRLİYİN "QAÇAQ" ELAN ETDİYİ ƏSGƏR YARALI TAPILDI


28-10-2013, 13:01
NAZİRLİYİN "QAÇAQ" ELAN ETDİYİ ƏSGƏR YARALI TAPILDI
DİA.AZ: - Tovuz rayonundakı hərbi hissəni silahını götürərək özbaşına tərk etmiş əsgər Cəmil Hüseynzadə Azərbaycanın Ermənistanla sərhədində qoşunların təmas xəttində yaralı vəziyyətdə hərbçilər tərəfindən tapılıb. Bu barədə Turan-a Tovuz rayon polis şöbəsindən bəlli olub.

Mənbənin məlumatına görə, əsgərin yaralanması müəmmalı olaraq qalır.

Yerli sakinlərin dediklərinə görə, əsgərin silahı götürüb hərbi hissəni tərk etməsi barədə yayılan məlumatlar düzgün deyil. Sadəcə, əsgər ermənilərin açdığı atəşdən yaralanıb və hərbi hissə komandirləri bunu müəyyən edə bilmədiyindən onun hərbi hissəni özbaşına tərk etməsi barədə məlumat veriblər.

Cəmil Hüseynzadənin oktyabrın 26-da hərbi hissəni özbaşına tərk etməsi barədə məlumat yayılıb.

Hadisə ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat almaq mümkün olmayıb. Nazirliyin mətbuat xidmətinin telefonuna cavab verən yoxdur.

DİA.AZ-a bu barədə daxil olan məlumatlardan isə aydın olur ki, əslində "qaçaq" kimi qələmə verilən əsgərimiz ermənilərlə sona qədər döyüşüb və hətta onun Milli Qəhrəman Mübariz İbrahimov sayağı düşmənin içinə doğru təkbaşına irəlilədiyi də söylənilir. Amma ermənilər onu təsbit etdiyindən əsgərimiz döyüşə-döyüşə geri çəkilməli olub.

Xatırladaq ki, Mübariz İbrahimovu da ilk əvvəl "rəsmi qaynaqlar" eyni qaydada qanunsuz olaraq hərbi hissəni tərk etməkdə ittiham etmişdilər. Və yalnız prezidentin müdaxiləsindən sonra bu biabırçı ittiham aradan qalxmışdı.

Geri qayıt