Əsas Səhifə > Hadisə > PAKİSTANDAN AZƏRBAYCANA SİRLİ TELEFON ZƏNGİ

PAKİSTANDAN AZƏRBAYCANA SİRLİ TELEFON ZƏNGİ


28-10-2013, 09:45
PAKİSTANDAN AZƏRBAYCANA SİRLİ TELEFON ZƏNGİ
Pakistan kəşfiyyatı ölkənin Faqirabad şəhərindəki otellərdən birindən Azərbaycana son üç gündə edilən intensiv telefon zənglərini araşdırır.

Virtualaz.org ingilisdilli Pakistan nəşri “The News İnternational”a istinadən xəbər verir ki, ölkənin xüsusi xidmət orqanları təkadamlıq otel otağından üç gün ərzində 4.3 milyon Pakistan rupisi (təqribən 44 min ABŞ dolları) dəyərində beynəlxalq telefon danışıqlarının aparıldığını aşkarlayıb.

Pakistan Federal Təhqiqat Bürosunun və polisin oteldə həyata keçirdiyi reyd zamanı məlum olub ki, telefon zəngləri Azərbaycan, Almaniya, Somali, Səudiyyə Ərəbistanı və İsrailə edilib. Xüsusi xidmət orqanları təkadamlıq otağa çəkilmiş 20 telefon xəttindən edilən zənglərin məzmununu araşdırır.

Pakistan kəşfiyyatındakı mənbə bildirib ki, zənglərin böyük əksəriyyəti Azərbaycana və Somaliyə edilib. Otel otağındakı 20 telefon xətti və bir DSL xətti üç nəfərin adına qeydiyyatdan keçib. “Hazırda həmin şəxslər istintaq altındadır” deyə mənbə bildirib.

Mənbə əlavə edib ki, 4.3 milyon rupi dəyərində intensiv telefon zəngləri bu xətlərin alınmasından sonrakı üç gün ərzində edilib. Bundan sonra kəşfiyyat xidməti və polis şübhəli telefon trafikini aşkarlayaraq otelə basqın edib.

Qeyd edək ki, Pakistan beynəlxalq terror şəbəkələrinin platsdarm kimi istifadə etdiyi ölkələrdən biridir. Bu ölkədə həm “Taliban” hərəkatının, həm “Əl-Qaidə”nin möhkəm dayaqları var. Ona görə də Pakistan kəşfiyyatının araşdırdığı şübhəli və intensiv telefon trafikinin beynəlxalq terrorçu şəbəkələrlə bağlılığı istisna deyil. Xüsusən də zənglərin edildiyi ölkələr, o cümlədən “Əl-Qaidə”nin Afrika özəyi “Əş-Şabab” qruplaşmasının baza kimi istifadə etdiyi Somali nəzərə alınarsa. O da istisna deyil ki, Pakistan kəşfiyyatı bu şübhəli telefon danışıqlarının araşdırılması çərçivəsində Azərbaycan xüsusi xidmət orqanlarına əməkdaşlıq üçün müraciət edib.

Geri qayıt