Əsas Səhifə > Gündəm, Manşet > MOLLA REJİMİ DƏ “AVROVİZİYA”YA HAZIRLAŞIR

MOLLA REJİMİ DƏ “AVROVİZİYA”YA HAZIRLAŞIR


25-01-2012, 12:19
MOLLA REJİMİ DƏ “AVROVİZİYA”YA HAZIRLAŞIR

İRANA AİD KİV-DƏ AZƏRBAYCAN YENƏ DƏ ƏSAS HƏDƏFƏ ÇEVRİLİB

DİA.AZ: - Rəsmi Tehran Azərbaycan əleyhinə təbliğatını davam etdirməkdədir. Onu da bildirək ki, bəzi qaynaqlar İranın “Avroviziya-2012” yarışmasına ev sahibliyi etməyə hazırlaşan Azərbaycanda terror aksiyasına tədürk görməsi barədə məlumatlar da yayırlar. Bunlara qədər isə molla rejiminin təbliğat maşını işləməkdədir.

“Arannyus” portalında yer alan “QARA MAYA 118 GÜN QALDI! Eurovision”, yoxsa irimiqyaslı korrupsiya layihəsi?” adlı yazını olduğu kimi diqqətinizə çatdırırıq:

«Azərbaycan hökuməti, 2012-ci ilin mayında Bakıda keçirilməsi planlaşdırılan 57-ci “Eurovision” mahnı müsabiqəsində iştirak etmək üçün ölkəmizə gələcək bütün qonaqların təhlükəsizliyi üçün yazılı təminat verib. Baş nazirin əlaqədar məktubunda xüsusi vurğulanır ki, “Eurovision” mahnı yarışması zamanı mətbuat nümayəndəsi və azarkeş kimi gələcək bütün insanların Avropa İnsan Haqları Konvensiyasına uyğun ifadə və sərbəst toplaşma azadlıqları təmin edəcək. Bu təminatı verənlər hələ də Elmar Hüseynov, Rail Rzayevin qatillərini tapa bilməyib.

10 il əvvəl Azərbaycan Avropa Şurasına üzv olarkən rəsmi Bakı öz üzərinə bir yığın öhdəlik götürsə də, onların əksəriyyəti elə kağız üzərində də qaldı.
Azərbaycan insanını narahat edən daha ciddi problem ondan ibarətdir ki, bu populyar mahnı yarışmasına ləyaqətlə ev sahibliyi etmək pərdəsi altında bizim “doğma” iqtidar yenidən on və yuz milyonlarla manat neft gəlirlərini göyə sovuracaq və həmin məbləğin də bir xeyli hissəsi, son nəticədə, məmur-oliqarxlarımızın şəxsi bank hesablarını daha da zənginləşdirəcək.

Təşkilatçı qurum EBU yarışmanı qəbul edən ölkəyə müsabiqənin “nümunəvi” büdcəsini təqdim edir ki, burada da yalnız ən zəruri xərclər, ilk növbədə, səhnənin lazımı avadanlıqlarla təhciz olunması öz əksini tapır. Bu xərclərin 50%-ni EBU öz üzərinə götürür. Qalan yarısını isə ölkə öz imkanları hesabına maliyyələşdirməlidir. Bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, ölkə “nümunəvi” budcənin 50%-dən az vəsait xərcləyə bilməz. Lakin xərclərin yuxarı həddi müəyyənləşdirməyib. Bu isə bəzi ölkələrə xüsusilə “əl-qol” açmaq imkanı yaradır.

Belqradda keçirilən “Eurovision-2008” müsabiqəsinin EBU tərəfindən müəyyənləşdirilmiş “nümunəvi” büdcəsi 6,2 milyon avro təşkil edirdi. Bu o demək idi ki, Serbiya müsabiqənin təşkilinə minimum 3,1 milyon avro xərcləməlidir. Halbuki, real gerçəklikdə Serbiya tərəfi 3,1 əvəzinə 6,2 milyon avro, yəni “limit”dən 2 dəfə çox vəsait xərclədi. Belqraddakı mahnı müsabiqəsinin ümumi büdcəsi isə 9,1 milyon avro təşkil etdi.

Heç bir şübhə yoxdur ki, böyük korrupsiya tutumlu bu tip layihələrin sözün həqiqi mənasında “vurğunu” olan Azərbaycan iqtidarı EBU-nun müəyyənləşdirdiyi “limiti” on, bəlkə də yüz dəfələrlə üstələməyə çalışacaq. Bu baxımdan “Eurovision-2012” mahnı müsabiqəsi Azərbaycanın iqtidar mənsubları, ilk növbədə də, məmur-oliqarxlara daha da zənginləşmək üçün əlverişli imkan yaradır.

Bundan əlavə, Bakı şəhərində binaların fasadlarının təmiri, işıqlandırılması və əhalinin köçürülməsi üzrə işlər “Eurovision”a hazırlığın tərkib hissəsi hesab olunaraq, bunların reallaşdırılmasına dövlət büdcəsindən yalnız 2011-ci ilin ikinci yarısı üçün 198,19 milyon manat vəsait ayrılıb. Hesablamaq çətin deyildir ki, təkcə bu üç istiqamətdə işlərin görülməsinə 318,19 milyon manat (408 milyon ABŞ dolları) vəsait xərclənməsi nəzərdə tutulur».


Geri qayıt