Əsas Səhifə > Siyasət, Manşet > «ÇÖRƏKVERƏN» HEYDƏR ƏSƏDOV İSLAHATA GEDƏCƏK?

«ÇÖRƏKVERƏN» HEYDƏR ƏSƏDOV İSLAHATA GEDƏCƏK?


25-10-2013, 10:05
«ÇÖRƏKVERƏN» HEYDƏR ƏSƏDOV İSLAHATA GEDƏCƏK?
İSMƏT ABBASOVDAN QALMA KTN SİSTEMİ ÇOX ACINACAQLI DURUMDADIR

DİA.AZ: - Məlum olduğu kimi, artıq müdafiə nazirliyi sistemində ciddi kadr islahatlarına start verilməsilə bağlı məlumatlar yayılıb. Əslində gözləniləni də bu idi. Və eyni qaydada digər yeni nazirlərin də kadr islahatlarını həyata keçirməsi normal bir təzahür kimi qiymətləndirilir. Amma bu gün ən çox islahat xəbəri gözlənilən şəxs yeni kənd təsərrüfatı naziri Heydər Əsədovdur.

Elə DİA.AZ-ın əldə etdiyi informasiyalardan da anlışalına odur ki, Nazirlər Kabinetinin son təsdiqinə qədər Hesablama Palatasının rəhbəri kimi fəaliyyət göstərmiş Heydər Əsədov KTN sistemində ciddi kadr islahatları aparmaq qərarındadır. Nazirlər Kabinetindəki mötəbər mənbənin bildirdiyinə görə, bunun üçün Heydər Əsədova amma müəyyən zaman tələb olunacaq:

«Təbii ki, Zakir Həsənov hərbi sistemin adamı olduğundan onun üçün yeni kadrların müəyyənləşdirilməsi o qədər də çətin olmalı deyildi və olmadı da. Amma Heydər Əsədov tamam fərqli bir sistemdən gəlib və onun mütəxəssisləri müəyyənləşdirməsi və yaxud da öz komandasını qura bilməsi üçün kadrları seçməsi kifayət qədər vaxt ala bilər».

Bu arada KTN-də kifayət qədər yüksək vəzifə tutan məmurlardan biri DİA.AZ-ın əməkdaşı ilə söhbətində yeni nazirlə bağlı bəzi məqamları açıqladı. Onun söylədikləri: «Təbii ki, biz də yeni nazirimizlə bağlı informasiyalar toplamaqdayıq. Hər kəs gələcək aqibətindən dolayı narahatdır. Əsas öyrəndiyimiz odur ki, Heydər Əsədovu hər kəs «çörəkverən adam» kimi xarakterizə edir».

Hər halda, maraqlı bir qiymətləndirmədir. Amma bu qiymətləndirmə bir neçə formada qəbul olunur ki, bunu da deməliyik. Birincisi, hazırki məmuriyyət marağı fonunda «çörəkverən» o deməkdir ki, korrupsiyaya, rüşvətə şərait yaradacaq. İkincisi, gerçək anlamı isə kiminsə haqqını yeməyəcək birisidir. Hər halda, KTN-də çalışan mənbəmizin hansı anlamı ifadə etdiyini təxmin etmək hər kəsin öz öhdəsinə düşür.

Amma əsas bir məqam var ki, bu gün İsmət Abbasovdan qalan KTN sistemi çox ciddi problemlərlə üz-üzədir. Və mətbuatda bu nazirliyə qarşı çox ciddi ittihamlar səslənib və hətta İsmət Abbasov milyonlarla manat həcmində dövlət vəsaitini, həmçinin Dünya Bankından kənd təsərrüfatının inkişafı məqsədilə ayrılan pulları yeməkdə ittiham olunub.

Elə İsmət Abbasovun gedişindən sonra onun kurasiyasında olan şəxslərin məhz korrupsiya ittihamı ilə həbsinə başlanılması da deyilənlərin bariz sübutu kimi qəbul edilməlidir. Deməli, «yuxarılar» bu həbsləri həyata keçirməklə həqiqətən də KTN-dəki problemləri çözməyi məqsəd ediblər. Elə NK-dakı mənbəmiz də bunu deyir və bildirir ki, Heydər Əsədova mobil, çevik kadr komandasını formalaşdırma barədə tapşırıq verilib.

İsmət Abbasovun şəxsinə gəlincə isə, o, artıq «kəfəni yırtanlardan» hesab olunur.

Geri qayıt