Əsas Səhifə > Cəmiyyət > KƏMALƏDDİN HEYDƏROVUN ATASI AZƏR HƏSRƏTƏ CAVAB VERDİ

KƏMALƏDDİN HEYDƏROVUN ATASI AZƏR HƏSRƏTƏ CAVAB VERDİ


24-01-2012, 13:11
KƏMALƏDDİN HEYDƏROVUN ATASI AZƏR HƏSRƏTƏ CAVAB VERDİ

“BİZ TARİXİMİZİ SAXTALAŞDIRMAMALIYIQ”

“Azərbaycanda ad və soyadların dəyişdirilməsinə ehtiyac varmı? Bizim işimiz qurtarıbmı ki, indi də ad və soyadları dəyişək?..” Bu sözləri Mili Məclisin Regional məsələlər komitəsinin iclasında millət vəkili Fəttah Heydərov deyib.

O bildirib ki, bu məsələdə tələsmək lazım deyil: “Ad və soyadların dəyişməsi zamanı bir sıra problemlər meydana çıxa bilər. Çünki çox sayda insan uzun illərdir “ov”, “yev” soyadını daşıyır. Bu gün Cənubi Azərbaycanda, Gürcüstanda və digər bölgələrdə azərbaycanlılar yaşayır. Bu soyad dəyişmə Gürcüstanda yaşayan yarım milyon azərbaycanlıya da şamil olunacaqmı? Bu, insan hüquqlarına uyğun deyil. Eyni zamanda biz yer adlarını da dəyişdiririk. Bu məsələdə diqqətli olmaq lazımdır. Biz tariximizi saxtalaşdırmamalıyıq”.

Xatırladaq ki, bir gün əvvəl Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı, Türk Xalqları Mədəniyyət Vəqfi başqanının yardımçısı Azər Həsrət prezident İlham Əliyevə müraciət edib. Müraciətdə vətəndaşların soyadlarının milliləşdirilməsi məsələsinə toxunulur: “Sizin rəhbərliyiniz altında bu məsələnin də həlli üçün son iki ildə gərəkli addımlar atılıb, soyadların milliləşdirilməsi üçün lazım olan qanunverici baza hazırlanaraq təsdiqlənib. Vətəndaşlarımız çox sadə bir əməliyyatla soyadlarımızdakı yad sonluqlardan imtina etmək imkanı əldə ediblər. Ancaq təəssüflər olsun ki, bəzən arzuolunmaz bürokratik əngəllər, bəzən də sadəcə səhlənkarlıq üzündən bu proses əngəllənir.

Sizdən xahiş etmək istərdik ki, soyadların milliləşdirilməsində bütün ölkəyə nümunə olacaq bir addım atasınız. Əlbəttə ki, Sizə yol göstərməyin bizim həddimizin olmadığını anlayırıq. Ancaq onu da anlayırıq ki, hər zaman milli mənafelərimizi hər şeydən üstün tutan bir dövlət başçısı olaraq Sizə bu cür müraciətimiz çox gərəklidir. Ona görə də xahiş edərdik ki, öz soyad sonluğunuzun milliləşdirilməsini gerçəkləşdirməklə xüsusən də Sizə rəğbəti və inamı olan hər kəsin istəklərinə cavab verəsiniz”.


Geri qayıt