Əsas Səhifə > Cəmiyyət > RATİ "AYI MƏHKƏMƏSİ"NƏ DAİR BƏYANAT YAYIB

RATİ "AYI MƏHKƏMƏSİ"NƏ DAİR BƏYANAT YAYIB


24-01-2012, 12:47
RATİ "AYI MƏHKƏMƏSİ"NƏ DAİR BƏYANAT YAYIB

QURUM QƏZETLƏRİN CƏRİMƏLƏNMƏSİNİ PİSLƏYİR

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) yanvarın 23-də Yasamal rayon Məhkəməsinin qərarı ilə “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin cərimələnməsini qətiyyətlə pisləyir və bunu azad mətbuata davam edən təzyiqlərin tərkib hissəsi hesab edir.

Belə ki, Yasamal rayon məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi ziyanın ödənilməsi ilə bağlı iddiası üzrə keçirilən məhkəmə prosesində qəzetlərin təkzib verməsi, iddiaçıdan üzür istəməsi və 4 min manat cərimələnməsi barədə qərar verilib. Habelə proses kobud qanun pozuntuları ilə keçirilib, hətta müdafiə tərəfin vəkili Vaqif Hüseynə də təzyiq edilib. Hakim Elçin Qurbanov vəkilin 50 manat cərimələnməsi barədə qərar verib.İddiaya səbəb isə Anar Məmmədov “Azadlıq” qəzetinin 01 iyul 2010-cu il tarixli sayında “Kəmaləddin Heydərovun ayısını yedilər”, “Yeni Müsavat” qəzetinin isə 02 iyul 2010-cu il tarixli sayında əlavələrlə eyni məqalənin çapı və “Yeni Müsavat” qəzetinin 14 sentyabr tarixli sayında “Şeyx Anar Məmmədovu Dubaydan qovdu” başlıqlı məqalələrində özünün şərəf və ləyaqətinə toxunulduğunu, işgüzar nüfuzuna xələl gətirildiyini iddia edərək, məhkəməyə müraciət edib və təzminat olaraq hər qəzetdən 250 000 (min) manat məbləğində pul tələb edirdi.
RATİ Azərbaycan hakimiyyətini və hakimiyyətlə sıx bağlı olan iş adamlarını azad mətbuatdan əl çəkməyə çağırır. RATİ hakimiyyətdən asılı məhkəmələr vasitəsilə qəzetlərə, jurnalistlərə qarşı təzyiqlərin davam etməsini Azərbaycanın imicinə vurulan ciddi zərbə hesab edir və bu səbəbdən hakimiyyəti, hakimiyyətlə bağlı olan iş adamlarına mediaya qarşı dözümlü olmağa çağırır.


Geri qayıt