Əsas Səhifə > Siyasət, Manşet > ŞƏMSƏDDİN HACIYEV ÇƏTİN DURUMDA

ŞƏMSƏDDİN HACIYEV ÇƏTİN DURUMDA


24-01-2012, 12:30
ŞƏMSƏDDİN HACIYEV ÇƏTİN DURUMDA

İQTİSAD UNİVERSİTETİNİN REKTORU ÖZ MÜŞAVİRİ TƏRƏFİNDƏN “VURULDU”

Yaxın günlərdə universitetdəki qanunsuzluqlarla bağlı daha ciddi faktların ortaya qoyulacağı güman edilir

Ölkənin aparıcı ali məktəblərinin rüşvətxorluq bataqlığında çabalaması haqda çoxsaylı faktlar dərc olunub. Amma hər dəfə universitet rəhbərləri yazılanları təkzib edərək, bunları hansısa jurnalistin »təxəyyülü» hesab etdiklərini bəyan ediblər. Amma artıq universitetlərdəki rüşvətxorluq və korrupsiya faktlarından elə həmin ali məktəbin öz işçilərinin danışması vəziyyətin həqiqətən kritikliyindən xəbər verir. Bu baxımdan Azərbaycan İqtisad Universiteti ətrafında cərəyan edən proseslər daha çox maraq doğurur.
Belə ki, adıçəkilən universitetdə rektor müşaviri işləmiş Bədirxan Musayevin İqtisad Universitetinin rektoru, Milli Məclisin Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevə qarşı irəli sürdüyü kəskin ittihamlar böyük ictimai rezonansa səbəb olub. Bədirxan Musayevin universitetdəki reallıqları özündə əks etdirən faktları yazılı şəkildə mətbuata ötürməsindən sonra sözün əsl mənasında ara qarışıb.

B.Musayev həmin müraciətdə iddia edir ki, hər növbəti semestrin sonunda prorektor və tədris bölməsinin müdiri vasitəsilə dekanlardan külli-miqdarda rüşvət yığılır. Təhsil prosesində istənilən maxinasiya xarakterli qeyri-qanuni əməllərin konkret qiymətlərini göstərən Bədirxan Musayev bildirir ki, bu məbləğləri ödəməklə universitetin müəyyən fakültələrinə qeyri-qanuni tələbə qəbuluna, ali məktəbə yenidən bərpa olunmağa, dərs buraxmalarının silinməsinə və s. nail olmaq olar. Həmçinin məlumatda universitetin kafedra və dekanlıqlarına rəhbər vəzifələrin konkret qiymətlərə satılması və hətta burada fəaliyyət göstərən yeməkxana və bufetlərin də ayrıca rüşvət mənbəyi olduqları bildirilir. B.Musayev universitetdə aparılan təmir-tikinti işlərində olan maxinasiyalara da toxunaraq bildirib ki, bu işlərin layihə-smeta dəyərləri məbləğinin 40 faizi rektora çatır. »... Hər il qapılar yeniləri ilə əvəz edilir, köhnələr satılır. Kafedraları kafedra müdirləri, laboratoriyaları laboratoriya müdirləri təmir edir, əvəzində isə mühasibatlıqdan pullar silinir və rektora çatır».

Məlumatda bildirilir ki, rektor bu maxinasiyalarını əsasən öz yaxın adamlarının əli ilə həyata keçirir. Belə ki, Şəmsəddin Hacıyevin təmir-tikinti işlərini qardaşı və qardaşı oğluna, mühasibatlığı isə baldızı qızına həvalə etdiyi bildirilir. Universitetin idarəetməsi isə kürəkəni və həyat yoldaşının əlindədir.

Sənəddə həmçinin universitetin Dərbənd filialındakı qanunsuzluqlara da yer ayrılıb. B. Musayev iddia edir ki, filiala savadsız tələbələr qəbul edilir və sonradan onlar hansısa yolla 500-600 bal toplayan tələbələrin siyahısına daxil edilirlər. Hər il təxminən 500-600 tələbə bu yolla universitetə qəbul edilir. Bu filial isə ADİU rektorunun yaxınlarından ibarət Göyüşov, Mirzəyev və Bağırov üçlüyü tərəfindən idarə edilir.

B.Musayev Şəmsəddin Hacıyevin qeyri-qanuni pul yığımlarını həyata keçirən universitet əməkdaşlarının adlarını da bir-bir açıqlayır. Bu siyahıda prorektor Damət Bağırov, rektorun kompüter şirkətinin rəhbəri Bəhruz Abdullayev, YAP-ın universitet şöbəsinin sədri Zəfər Bayramov da öz yerlərini almışlar.

Daxil olan məlumatlarda bildirilir ki, B.Musayevin əlində Şəmsəddin Hacıyevi ifşa edəcək daha ciddi faktlar var və o bu faktların açıqlanmasını bir qədər sonraya saxlayıb. Həmin faktlarda isə Şəmsəddin Hacıyevin təhsil nazirinə qarşı fəaliyyətindən və hamıdın gizli saxladığı biznes strukturlarının siyahısı öz əksini tapacaq. Biz də öz növbəmizdə məsələni diqqətdə saxlayacaq və mövzuya qayıdacağıq.

Qarşı tərəf kimi Azərbaycan İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevin də fikirlərini dərc etməyə hazırıq.

DİA.AZ: - Orxan


Geri qayıt