Əsas Səhifə > Partiya > ƏLİ ORUCOV SƏDRİNƏ ASİ OLDU

ƏLİ ORUCOV SƏDRİNƏ ASİ OLDU


23-01-2012, 18:07
ƏLİ ORUCOV SƏDRİNƏ ASİ OLDU

"YUSİF BAĞIRZADƏ AMİP-İN TARİXİNİ YAXŞI BİLMİR"

Əgər hər hansı təşkilata qoşulmaq zərurətə çevrilərsə, bu halda AMİP İctimai Palatanı seçə bilər. Bu barədə ötən həftə Modern.az-a adıçəkilən partiyanın sədri Yusif Bağırzadə deyib. İctimai Palatada fəaaliyyətinin dayandıran və üzvlərinə Koordinasiya Şurasında təmsilçiliyinə yasaq qoyulan bir partiya sədrinin belə bir açıqlaması paradoksal görünsə də, hər halda maraq doğurmaya bilməz. Görəsən, qısa müddət ərzində AMİP sədrinin mövqeyinin birdən-birə dəyişməsi nə ilə bağlıdır?
Yaxud da İctimai Palatanın Koordinasiya Şurasına seçilmək üçün fərdi qaydada öz iddiasını ortaya qoyan AMİP-in mətbuat və təbliğat katibi Əli Orucova qarşı partiyanının rəhbərliyi tərəfindən edilən basıqlarda məqsəd nə idi? Bununla bağlı verdiyimiz sualları cavablandıran Əli Orucov Yusif Bağırzadənin dediklərini şərh etməkdən yayınsa da, belə deyib:

“AMİP yarandığı gündən indiyədək heç bir bloka, heç bir birliyə, ittifaqa qoşulmayıb və belə seçim qarşısında da qalmayıb. Heç kəsin və heç bir siyasi qüvvənin də yanında olmayıb. Əksinə tanınmış şəxslər, görkəmli ziyalılar, aparıcı siyasi qüvvələr AMİP-in yanında olub və partiyanın özü belə birlikləri yaradıb, digərləri də bu birliklərə qoşulub. Ola bilsin Yusif bəyin AMİP-in tarixi və keçdiyi yolu, eləcə də, partiyanın gücü, imkanları və potensialı haqqında o qədər də geniş bilgilərə sahib olmaması onun belə bir fikir səsləndirməsinə rəvac verib. Amma mən hesab edirəm ki, AMİP ölkənin aparıcı siyasi təşkilatlarından biri olaraq özü müstəqil surətdə əsas siyasi güc mərkəzinə çevrilə bilər. Bunun üçünsə ilk növbədə partiyadaxili problemlər çözülməli, narazılıqları yaradan səbəblər aradan qaldırılmalı, hər kəsin mövqeyinə, fikir və düşüncələrinə hörmətlə yanaşılmalı, partiyadaxili tənqidlərə tolerantlıq göstərilməli, idarəçilikdə indiki yanaşmalar dəyişməli, verilən vədlər yerinə yetirilməli, yürüdülən siyasətdə ardıcıllığa və sistemliliyə əməl edilməlidir. Bütün bunların öhdəsindən indiki rəhbərliyin gələ biləcəyini əminliklə söyləməyimə isə çətinlik çəkirəm”.

AMİP sədrinin birdən-birə partiyanın İctimai Palatanı seçə bilməsi haqqında dediklərinə nələrin səbəb olmasına isə Ə.Orucov belə cavab verib: “Bu sualınızı Yusif Bağırzadəyə ünvanlasanız daha yaxşı olar”.


Geri qayıt