Əsas Səhifə > Ölkə, Manşet > "XALƏDDİN İSGƏNDƏROV RUSDAN DA BETƏRDİR"

"XALƏDDİN İSGƏNDƏROV RUSDAN DA BETƏRDİR"


21-10-2013, 16:14
"XALƏDDİN İSGƏNDƏROV RUSDAN DA BETƏRDİR"
SAHİBKARLAR BAŞÇIDAN NARAZIDIRLAR

DİA.AZ: - Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərovdan narazılıq var. Redaksiyamızın elektron poçtuna göndərilən məktubda bir qrup sahibkar bildirir ki, icra başçısı rayon ərazisindəki iş adamlarının gününü göy əskiyə büküb.

Sahibkarların adından DİA.AZ-a daxil olan mürəciətdə deyilir: «Xaləddin İsgəndərov bizimlə elə davranır ki, sanki zəhmətlə qazandığımız pulları o, bizə hədiyyə edib. Rayondakı abadlıq işlərinə demək olar ki, büdcədən heç bir vəsait xərclənmir. Təbii ki, prezident İlham Əliyev dövlət büdcəsindən hər görülən iş üçün lazımi vəsaitin ayrılmasına göstəriş verib. Bundan əlavə dövlət büdcəsindən müvafiq olaraq da pullar ayrılıb. Amma həmin vəsaitlərin heç bir ünvanı üzrə xərclənmir.

Çünki Xaləddin İsgəndərovun bizim kimi «qulları» var. Artıq biz icra başçısının pulyığma kampaniyalarından yorulmuşuq. Bu ilin 14 fevral tarixində prezident İlham Əliyev bəyan etdi ki, sahibkarlar görülən abadlıq işlərinə könüllü surətdə cəlb olunmalıdırlar. Lakin Xaləddin İsgəndərov «gestapo» rejimi yaradaraq hər bir sahibkarı buna məcbur edir. Çünki o, zamanında vergi məmuru olub və hər bir sahibkarın zəif nöqtəsini yaxşı bilir.

Əlindəki imkanlardan istifadə edərək neçə sahibkarın dizini yerə qoyub. Səbəbsə həmin iş adamlarının Xaləddin İsgəndərova boyun əyməməsidir. Biz artıq bu şəkildə işləyə bilmirik».

"XALƏDDİN İSGƏNDƏROV RUSDAN DA BETƏRDİR"

Sahibkarlar bildirir ki, bu gün bütün Azərbaycan Rusiyada yaşayan soydaşlarımızın halına acıyır: «Doğrudur, orada yaşayan iş adamlarımız da çətin durumdadırlar. Amma Xaləddin İsgəndərov ruslardan da betər formada azərbaycanlı iş adamlarını əzir. Buna da bir ağlayan lazımdır».

Onu da bildirək ki, müraciətin altında heç bir imza yoxdur, sadəcə olaraq «bir qrup sahibkar» imzası qoyulub. Bunu da izahlayan müraciət müəllifləri yazır: «Biz Xaləddin İsgəndərovun imkanlarına yaxşı bələdik. Yaxşı bilirik ki, başımıza hansı oyunları aça bilər. Odur ki, imzamızı gizlətməyimizi anlaqlı qəbul edin».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt