Əsas Səhifə > Siyasət, Manşet > DİNİ TURİZM ŞEYXDƏN ALINA BİLƏR

DİNİ TURİZM ŞEYXDƏN ALINA BİLƏR


23-01-2012, 12:55
DİNİ TURİZM ŞEYXDƏN ALINA BİLƏR

ALLAHŞÜKÜR PAŞAZADƏYƏ QARŞI PA-DAN “YENİ QANUN” SÜRPRİZİ!

DİA.AZ: - Bir müddət əvvəl Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətini monopoliyaya aldığı üçün kəskin suçlamalarla üz-üzə qaldı. Xatırladaq ki, idarənin rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadəyə qarşı belə bir ağır ittihamla "Prezident" Turizm şirkətinin rəhbəri Əkbər Şahmarov çıxış edir.

Şirkət rəhbərinin iddialarına görə, QMİ artıq bir neçə ildir ki, ölkədəki turizm şirkətlərinə Azərbaycandan Həcc ziyarətinə zəvvarların daşınması üçün icazə vermir. Belə ki, əvvəllər yerli tur şirkətləri də Həcc ziyarətinə zəvvarları aparırmışlar. Amma sonradan QMİ bu sahəni öz monopoliyasına alıb.

Əkbər Şahmarovu narazı salan o idi ki, neçə ildir Həccə zəvvarları ancaq QMİ aparır. Halbuki 2001-ci ildə tur şirkətləri zəvvarları çox sərfəli və təhlükəsiz şəkildə Həccə aparıb-gətirirdi. Həcc ziyarətinə zəvvarları bir neçə tur şirkəti aparıb-gətirdiyindən rəqabət mühiti vardı. Zəvvarlar qiymətdə və keyfiyyətdə onlara sərf edən istədikləri şirkəti seçib, ziyarətə gedirdilər. Amma indi zəvvarların bu seçim imkanı yoxdur. QMİ Həccə ziyarəti 5 min manata qaldırsa, zəvvarlar məcburdur ki, həmin qiymətlə razılaşsınlar. Şirkət prezidentinin iddiasına görə, halbuki bunu tur şirkətləri təşkil etsə, dəfələrlə ucuz başa gələr. Üstəlik, QMİ-nin Həcc ziyarətlərinin təhlükəsizliyinin də ciddi şübhə altında olduğu iddiası var.

Məlumatlara görə, "Prezident" Turizm Şirkətinin rəhbəri illərdir QMİ-yə onlara Həcc ziyarətinin təşkili məqsədi ilə icazə verilməsi üçün məktub göndərsə də, onun məktublarının heç birinə cavab verilməyib. Bu isə Əkbər Şahmarovda belə bir qənaəti möhkəmləndirib ki, QMİ Həcc ziyarətini monopoliyaya alıb.

Əməkdaşımızla söhbətində vaxtilə Həcc ziyarətlərinin təşkili ilə məşğul olmuşfirmalardan birinin rəhbərliyində təmsil edilən şəxs də Əkbər Şahmarovun Şeyxə suçlamaları ilə razılaşıb. O da QMİ-nin Həcc ziyarətini inhisara aldığını deyib və əlavə edib ki, belə hal digər müsəlman ölkələrinin heç birində yaşanmır.

Qeyd edək ki, neçə ildir Həcc ziyarətini QMİ təkbaşına həyata keçirir. Ziyarət səfərləri avtobuslarla 2650 manat (keçən il 2500 manat olub), təyyarə ilə səfər edənlər üçün isə 3750 manat (keçən il 3500 manat olub) dəyərindədir. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir.

Yəni ortada kifayət qədər iri məbləğdə gəlir götürmək imkanı var. Görünür, QMİ rəhbərliyi həmin imkanı öz əlində cəmləşdirərək, digərləri ilə paylaşmaq istəməyib. Nəticədə isə artıq turizm şirkətlərinin səbr kasası daşmaqda və onlar Allahşükür Paşazadəyə açıq savaş elan etməkdədirlər...

Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, "Prezident" Turizm Şirkətinin rəhbəri tətərfindən qaldırılan problem artıq hakimiyyət içində Şeyxə qrşı olan qüvvələrin də maraqlarını cəlb edib. Bu barədə redaksiyamızı bilgiləndirən qaynaq iddia edir ki, rəqibləri hətta dini turizmin tənzimlənməsi məqsədilə yeni qanun layihəsi də hazırlayırlar.

Məlumatlara görə, bu barədə əsas maraqlı tərəf kimi Prezident Administrasiyası çıxış edir: “Administrasiyada dini turizmin tənzimləyən yeni qanun layihəsinin hazırlanması birbaşa olaraq Allahşükür Paşazadənin çörəyi ilə oynamaq anlamına gəlir. Şeyx bu sahədən hər il milyonlarla vəsaiti götürür. Və belə bir yenilik QMİ tərəfindən çox sərt qarşılana bilər”.

Mənbəmiz bildirir ki, Allahşükür Paşazadəyə qarşı dini turizm məsələsində dəfələrlə təzyiqlər edilməsinə cəhdlər olsa da, Şeyx hər zaman qalib tərəf olmasını qoruya bilmişdi: “Ona görə də, PA-nın gözlənin sürprizinə QMİ-dən sərt reaksiya veriləcək”.


Geri qayıt