Əsas Səhifə > Cəmiyyət, Manşet > VASİF TALIBOV ZİYA MƏMMƏDOVU VECİNƏ ALMIR

VASİF TALIBOV ZİYA MƏMMƏDOVU VECİNƏ ALMIR


28-09-2011, 15:10
VASİF TALIBOV ZİYA MƏMMƏDOVU VECİNƏ ALMIR

NAXÇIVANDA DA TAKSİ BİZNESİ XANA MƏXSUSDUR

DİA.AZ: - Məlumat verildiyi kimi, yaxın perspektivdə Azərbaycanın Naxçıvan şəhərində taksi xidmətlərinin yalnız «Lifan» avtomobilləri ilə göstərilməsinə başlanacaq. Bu barədə Naxçıvan Avtomobil Zavodunun (NAZ) rəsmi nümayəndəsi Murad Feyzullayev məlumat verib.

Onun sözlərinə görə, hazırda NAZ-da taksi xidmətlərinin göstərilməsi üçün xüsusi «Lifan 620» modelləri istehsal olunur ki, artıq bunun 400 ədədi satılıb: «Hazırda Naxçıvan şəhərində taksilərin ümumi sayı 500-ə yaxındır. Biz ilin sonunadək taksi xidmətlərinin göstərilməsi üçün daha 100 ədəd «Lifan 620» modeli istehsal edib satmaq niyyətindəyik. Bununla da, Naxçıvan şəhərində taksilərin hamısı standart olacaq».

M.Feyzullayev onu da bildirib ki, indiyədək zavodda 650 ədəd «Lifan 620» modeli yığılıb və onlardan 250-si adi, 400-ü isə taksi xidmətləri üçün nəzərdə tutulub. Bu modelin NAZ-da istehsalına 2010-cu ilin iyul ayında başlanılıb.

Xatırladaq ki, «Lifan 620» modeli 3 variasiyada yığılır. Komplektasiyadan asılı olaraq modelin satış qiyməti 11,8 min manat, 12,2 min manat və 13,1 min manat təşkil edir.

Onu da qeyd edək ki, Naxçıvan Avtomobil Zavodunun əsas sahibi Naxçıvan Ali Məclisinin sədri, mətbuatda «Naxçıvan Xanı» olaraq təqdim edilən Vasif Talıbovdur. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.site) danışan Naxçıvandaı qaynaqlar bildirir ki, artıq MR ərazisində digər avtomobillərin taksi kimi fəaliyyət göstərməsinə qadağalar qoyulmaqdadır: «Xarici markalı maşınlar bir yana, kasıbçılıqla ailəsini dolandıran köhnə sovet maşını olan taksi sürücüləri də təqib olunur».

Mənbə bildirir ki, hətta Naxçıvan xanının bu qərarı Azərbaycan Nəqliyyat Nazirliyi ilə də razılaşdırılmayıb. Qeyd edək ki, bu günlərdə açıqlama verən nəqliyyat naziri Ziya Məmmədov bildirmişdi ki, Azərbaycanın bütün şəhərlərinin taksi xidmətləri NN tərəfindən mərkəzləşdiriləcək və bu məqsədlə hər şəhərin özəl taksi rəngi də müəyyən olunub.

Amma bütün fəaliyyətində özünü kifayət qədər sərbəst və toxunulmaz hiss edən Vasif Talıbov bu işdə də ümumi qərardan kənarda qalır.


Geri qayıt