Əsas Səhifə > Sosial, Manşet > FACİƏDƏN PUL ÇIXARAN NN MÜFƏTTİŞLƏRİ

FACİƏDƏN PUL ÇIXARAN NN MÜFƏTTİŞLƏRİ


23-01-2012, 12:36
FACİƏDƏN PUL ÇIXARAN NN MÜFƏTTİŞLƏRİ

ZİYA MƏMMƏDOVUN İŞÇİLƏRİNİN SÜRÜCÜLƏRƏ TANIDIĞI «İSTİSNA HAL»

DİA.AZ: - Nəqliyyat naziri Ziya Məmmədovun yeni «taksi islahatı» artıq nəinki ona, hətta ümumilikdə olaraq hakimiyyət düşərgəsinə çox ciddi problemlər yaratmaqdadır. Hər halda, hər gün etiraz aksiyası düzənləyən və saylarının 12-15 min arası olduğu bildirilən taksi sürücüləri tərdicən təşkilatlanmış narazı zümrəyə çevrilməkdədirlər ki, bu zümrənin bu gün apardığı mübarizənin hansı sonluqla bitəcəyini söyləmək çox çətindir. Bu gün yalnız sosial haqqlarını tələb edən sürücülərin nəhayətdə siyasi tələblər irəli sürəcəyi də istisna deyil.

Lakin hələlik, taksi sürücüləri Ziya Məmmədovun yeni qanunlarına etiraz olaraq bir qarın çörəklərinin davasına çıxıblar. Artıq nazirliyin binası sanki bir cəbhə bölgəsini xatırladır. Polis işçiləri üçün də əlavə olaraq post yeri müəyyənləşib. Münasibətlər isə gərilmə həddinə çatıb. Verilən xəbərlərdən aydın olur ki, artıq sürücülərdən biri nəqliyyat nazirliyinin işçisinə ağır xəsarət yetirib. Vəziyyətin daha da ağırlaşacağı isə ekspertlər tərəfindən proqnozlaşdırılır və bildirilir ki, əgər hökuət bu işlə bağlı müəyyən güzəşt xarakterli addımlar atmasa, o zaman taksi üsyanlarının miqyası və şiddəti arta bilər.

Amma bu arada «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) daxil olan məlumatlardan aydın olur ki, sən demə, NN strukturlarında oturanlar faşist Almaniyasının «SS»çilərindən fərqlənməyərək bu gün minlərlə vətəndaşımızın çörəkləri ilə oynamaları bir yana, hətta bu gərginlikdən mənfəət də götürmək istəyirlər.

NN-dəki məlumatlı mənbənin redaksiyamıza bildirdiyinə görə, əslində bu gün hətta köhnə sovet maşını ilə də taksi kimi işləmək mümkündür: «NN buna «istisna halarda» göz yuma bilər. Bu «istisna»isə sürücünün NN müfəttişlərinə 2-3 min manat arası pul ödəməsi müqabilində yaranır».

Qeyd edək ki, əldə etdiyimiz bu məlumatı taksi sürücüləri də təsdiqlədilər. Onların bildirdiyinə görə, nazirliyin müfəttişləri sürücülərə işləyə biləcəklərini bildiriblər və qeyd ediblər ki, hansı sürücü 3000 manat versə, o işləyəcək, digərləri isə işləyə bilməz.

Hər halda, bu biabırçı və dəhşətli bir faktdır. Ən azından ona görə ki, söhbət minlərlə vətəndaşımızın öz ailəsini dolandıra bilməməsi fonunda baş verən korrupsiyadan gedir.

Mövzu diqqətimizdədir…


Geri qayıt