Əsas Səhifə > Ölkə > HAKİMİYYƏTİN 3 AY VAXTI QALIB...

HAKİMİYYƏTİN 3 AY VAXTI QALIB...


23-01-2012, 12:23
HAKİMİYYƏTİN 3 AY VAXTI QALIB...

BAKI BÖYÜK SINAQ QARŞISINDADIR: TƏK MAHNI YARIŞMASI DEYİL...

Gənc müğənnilər Eldar Qasımov və Nigar Camal 2011-ci iilin may ayında “Eurovision” mahnı yarışmasında qalib gəldikdə Azərbaycanda sevincin həddi-hüdudu yox idi. Hakimiyyət də vaxt itirmədən bu qələbəni əlində rupora çevirərək, musiqi yarışmasındakı birinciliyi aparılan siyasətin tərkib hissəsi kimi qələmə verməyə başladı. Ancaq günlər keçdikcə qələbə sevincini beyinlərdə dolaşan suallar əvəz etməyə başladı.

Azərbaycanın bu ilin may ayında “Eurovision” musiqi yarışmasına ev sahibliyi etməsi rəsmi Bakını nə qədər sevindirirsə, bir o qədər də düşündürür. Çünki, musiqi yarışmasıyla bağlı Qərbin Azərbaycana diqqəti bir az daha artıb. ABŞ və Avropanın siyasi dairələri və mediası Azərbaycandakı insan haqları və demokratiyanın mövcud durumunu araşdırır, tənqidi hesabatlar yayınlayırlar.

Azərbaycanın musiqi yarışmasına ev sahibliyinə yiyələndiyi bəlli olduqdan sonra ilk reaksiya Almaniyanın “Şpigel” jurnalından gəlmişdi. Jurnal «Eurovision»dakı qələbəmizlə yanaşı, Azərbaycanda insan haqlarının pozulmasından, siyasi məhbuslardan və sosial şəbəkələrdə aktiv olanların həbslərindən, varlılarla kasıblar arasındakı dərin təbəqələşmədən yazmışdı. Bundan sonra Qərbin müxtəlif nəşrlərində bu səpgili məqalələrin sayı daha da artdı.

Avropanın gözü və qulağı Azərbaycandadır. Avropa bu kimi mötəbər tədbirin insan haqlarına və demokratiyaya hörmət edən, Avropaya sözdə deyil, əməldə inteqrasiya olunmaq istəyən dövlətdə gerçəkləşməsini istəyər. Təsadüfi deyil ki, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia “Eurovision”dakı qələbə ilə bağlı yaydığı açıqlamada Azərbaycan xalqını təbrik etməklə yanaşı, zəruri əlavəsini də unutmamışdı: “Mən əminəm ki, 2012-ci ildə bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyətin diqqətinin ölkəyə cəlb edilməsi baxımından əlamətdar hadisə olacaq. Bu, Azərbaycan cəmiyyətinin qəti və radikal şəkildə müasirləşdiyini dünyaya göstərmək üçün gözəl fürsətdir”. Azərbaycan hakimiyyəti hələ ki, bu fürsətdən istifadə etmir.

Musiqi yarışmasının başlamasına cəmi 3 ay vaxt qalıb. Ancaq Azərbaycandakı problemlər bir il öncəkindən heç nə ilə fərqlənmir, bəlkə də əksinə bir az daha dərinləşib. Siyasi, iqtisadi və sosial müstəvidə qarşıdurma güclənib. Həbsxanalar siyasi məhbuslarla “zənginləşib”, müxalifətin toplaşmaq hüququ əvvəlkitək tanınmır, inhisarçılıq və korrupsiyanın miqyası azalmayıb, musiqi yarışmasının keçiriləcəyi məkanda insanların evləri sökülüb, şəhərin mərkəzində bağ salınması adı altında mülkiyyət hüquqları kütləvi şəkildə pozulub, Bakıya London taksiləri gətirilib ki, digərlərinin fəaliyyətinə qadağa qoyulub və bu da minlərlə insanın işsiz qalması deməkdir.

Müxalifətin mitinq və küçə yürüşü keçirmədiyi bu aylarda narazı vətəndaşlar fəallaşaraq haqlarını tələb etməyə başlayıblar. Evləri sökülənlər, mülkiyyət hüquqları pozulanlar, işsiz qalan taksi sürücüləri haqlarını dövlət instansiyalarının qarşısında axtarmağa çalışırlar. Və bu prosesin musiqi yarışmasının keciriləcəyi may ayında qədər səngiyəcəyini söyləmək çətindir. Çünki, iqtidar Avropaya “modern” Bakını göstərməyə tələsdikcə, haqları pozulan vətəndaşların sayını da sürətlə artırır.

Bu arada, İctimai Palatanın yaxın aylarda mitinq keçirməyə qərar verməsi xəbəri də hakimiyyətin başağrısını artırmalıdır. Hakimiyyətin müxalifətin 2011-ci ilin aprel mitinqini dağıtmasından fərqli olaraq, musiqi yarışması öncəsində opponentlərini yenə polis dəyənəyi ilə həbsxanalara doldurması asan olmayacaq.

May ayındakı tədbirə tələsən hakimiyyət söküntü və quruculuq işləri ilə yanaşı, yaxın aylarda “etiraz dalğasının miqyasını necə azaltmaq olar” sualı ətrafında da düşünmək məcburiyyətində qalacaq, əks halda Bakıya gələn on minlərlə qonaq və media nümayəndəsi musiqi yarışması ilə bərabər Azərbaycandakı narazılığın təfərrütları ilə də maraqlanacaq, bu haqda mənfi rəy bildirəcəklər. Bu halla üzləşməmək üçün ilk növbədə may ayına qədər siyasi məhbus kateqoriyasına aid edilən insanlar azad edilməlidir.

Turan Analitik Xidməti


Geri qayıt