Əsas Səhifə > Cəmiyyət > MTN-in ƏMƏLİYYATINA NARDARANDAN REAKSİYA
MTN-in ƏMƏLİYYATINA NARDARANDAN REAKSİYA21-01-2012, 14:23 |
“BALAQARDAŞ NARDARANLIDIR, O BİRİLƏRİNİ TANIMIRAM” Xəbər verdiyimiz kimi, Milli Təhlükəsizlik Nazirliyi İrandan dəstəklənən və Bakıdakı xarici ictimai xadimlərə qarşı yönəldiyi bildirilən terror planının üstünü açıb. Məlumatda bildirilir ki, Bakıda yaşayan yəhudilərə qarşı sui-qəsdə hazırda İranın Ərdəbil şəhərində yaşayan Balaqardaş Dadaşov rəhbərlik edib. Nardaran kənd Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov əməkdaşımızla söhbətində deyib ki, B. Dadaşov nardaranlıdır və 20 ildi kənddə yaşamır: “Mən onun Rusiyada yaşadığını bilirdim. Amma MTN yaydığı məlumatlardan bəlli oldu ki, o hazırda İranda yaşayır. Uzun illərdi ki, onu görmürəm. Qaldı ki, məlumatda adı keçən Rasim Əliyevlə Əli Hüseynova onlar bizim kənddə yaşamayıblar. Aldığım məlumata görə tutulanlardan biri Balaqardaşın qaynıdır. Adı çəkilənlərin hər ikisi Binə kəndindəndir”. Məşədi Natiq həmçinin son aylar qəsəbədə həbs edilən hacılar barədə məlumat verdi. O bildirdi ki, son günlər belə söz söhbət gəzir ki, guya Hacı Elçin və Hacı Dilavər də bu məsələ ilə bağlı həbs ediliblər: “Mən buna inanmıram. Onların Balaqardaşla heç bir əlaqəsi yoxdur. Son vaxtlar qəsəbədə tutulanların hamısı oruc tutan, namaz qılan adamlardır. Balaqardaş isə 90-cı ildən kənddən gedib və camaatla əlaqəsi yoxdur”. Xatırladaq ki, adı adam oğurluğu, qəsdən adam öldürmə və digər ağır cinayətlərdə hallanan Dadaşov Balaqardaş Əlisəfa oğlu barəsində beynəlxalq axtarış elan edilib. Hazırda onun İran İslam Respublikasında gizləndiyi söylənilir. Lakin İran heç bir beynəlxalq konvensiyaya qoşulmadığı üçün B.Dadaşovu Azərbaycana gətirmək mümkün olmayıb. musavat Geri qayıt |