Əsas Səhifə > Şou-biznes > DEYİR, ƏRİM MƏNİ QISQANMIR...

DEYİR, ƏRİM MƏNİ QISQANMIR...


11-10-2013, 09:09
DEYİR, ƏRİM MƏNİ QISQANMIR...
Dövlət Rus Dram Teatrının aktrisası Natavan Hacıyevanın Milli.Az-a müsahibəsi.

- Natavan xanım, aktrisa olmaq qərarını nə zaman verdiniz?

- Mənim aktrisalığa həvəsim illər əvvəl yaranıb. Hələ universitetdə oxuyarkən tez-tez Dövlət Rus Dram Teatrına gəlib tamaşalara baxırdım. O zamanlar mən həm də rəqs ansambllarından birinin üzvü idim. Bu da, öz növbəsində, mənim aktrisalığa meyl etməyimdə az rol oynamadı. Mən, əslində, iqtisadçıyam. Öz sahəm üzrə müxtəlif yerlərdə işləyə bilərdim. Ancaq qəti şəkildə planlaşdırmışdım ki, aktrisa olacağam və buna görə də ikinci universitetə qəbul olmaq məqsədi ilə sənədlərimi Dövlət Mədəniyyət və İncəsənət Universitetinə təqdim etdim və ora qəbul olundum. Bir il orada oxuduqdan sonra təhsilimi davam etdirmək üçün Moskvaya yollandım.

- Bəs valideynləriniz bu qərarı necə qarşıladılar?

- Təbii ki, onlar müəyyən qədər narahat və narazı idilər. Ancaq mən onları razı sala bildim.

- Moskvadan qayıtdıqdan sonra dərhal işlədiniz, yoxsa?..

- Təhsilimi başa vurduqdan sonra Bakıya qayıtdım və 2008-ci ildə Dövlət Rus Dram Teatrının aktyor heyətinə cəlb edildim. O gündən bu günə qədər də burada fəaliyyət göstərirəm.

- Sizi sənətdən hansı qüvvə ayıra bilər?

- Qətiyyən, Allahdan başqa heç bir güc məni bu sənətdən ayıra bilməz.

- Ailəlisiniz?

- Bəli, artıq dörd ildir ki, ailə həyatı qurmuşam.

- Övladınız var?

- Xeyr, yoxdur. İnşallah, o da olacaq (gülür).

- Həyat yoldaşınızın sənətinizə müasibəti necədir? Sizi qısqanmır ki?

- Həyat yoldaşım mənim sinif yoldaşım olub. Əslində, sənətimə normal baxır. Amma bu, o demək deyil ki, qısqanclıq olmur. Olan olur...

- Bəs özünüz necə, qısqancsınız?

- Bir o qədər də yox, müəyyən qədər.

- Tamaşaçılardan sizə sevgi etirafı edən olub?

- Sırf “səni sevirəm” deyən insan olmayıb. Məni bir aktirsa kimi bəyənənlər isə kifayət qədərdir.

- Həyatınızda neçə dəfə sevmisiniz?

- Yalnız bir dəfə. O da həyat yoldaşımı. Sevgim təkcə ona olub.

- Ümumiyyətlə, təbiətcə necə insansınız?

- Təbiətcə sakit biriyəm. Çalışıram ki, adım heç bir qalmaqalda hallanmasın.

- Hər kəsin həyatında özünün də bağışlamadığı bir səhv olur. O səhv hər dəfə yada düşəndə insanı “incidir”. Sizin də belə bir səhviniz olub?

- Olub. Üç il bundan öncə elə bir səhv etmişəm ki, acısını hələ yaşayıram.

- Nə idi o səhv?

- Bu barədə danışmaq istəməzdim... Ümumiyyətlə, mən dərdimi bölüşən insan deyiləm. Dərdlərimi, sirlərimi nədənsə öz içimdə boğmağa üstünlük verirəm.

- Bir neçə il bundan öncəki Natavanla indikinin arasında fərq nədir?

- Əsas fərq budur ki, əvvəllər həddindən artıq səbrsiz idim. İndi elə bil ki, səbr etməyi öyrənmişəm, zaman keçdikcə bu neqativ halı aradan qaldıra bilmişəm.

- Hansı geyim tərzinə üstünlük verirsiniz?

- Mənə necə rahatdırsa, elə də geyinirəm. Kənardakı insanların fikirlərini çox vaxt nəzərə almıram.

- Sizə nə çox qayğı göstərən kimdir?

- Düşünürəm ki, anam. Çünki o, indinin özündə də mənimlə mütəmadi olaraq əlaqə saxlayır, harada olduğumu, nə etdiyimi, nəyəsə ehtiyacım olduğunu, və s. soruşub maraqlanır.

- Tez kövrəlirsiniz?

- Bəli, kövrək olmağına kövrəyəm. Ancaq heç vaxt istəməmişəm ki, mənim göz yaşlarımı kimsə görsün.

- Seriallardan dəvət alırsınız?

- Bu vaxtacan seriallarda rol almamışam. Ancaq təzəliklə “Sonuncu bahar” adlı bir seriala dəvət almışam, orada çəkilirəm.

- Azərbaycanda açıq-saçıq səhnələrin çəkilməsinə münasibətiniz necədir?

- Bir aktrisa kimi deyə bilərəm ki, belə hallara normal baxıram. Həmin səhnələrə çəkilən heç bir aktrisanı da qınamıram. Çünki hərənin öz baxış tərzi var.

- Siz həmin növ səhnələrə çəkiləməyə razılıq verərsiniz?

- Düzünü desəm, mən indiyə qədər belə səhnələrdə iştirak etməmişəm. Təklif olunsa da, qəbul etmərəm. Yenə də deyirəm, qəbul etməməyim bunda qeyri-normal nəsə olmağından, yaxud həyat yoldaşımın pis reaksiya göstərə biləcəyindən irəli gəlmir, sadəcə olaraq, şəxsi qərarım belədir.

- Siz özünüz bir tamaşaçı kimi aktrisa Natavan Hacıyevanı necə qiymətləndirərsiniz?

- Bu suala cavab vermək mənim üçün bir qədər çətin olar. Yaxşı olar ki, buna tamaşaçılar özləri rəy versinlər. Çünki mən səhnədə oynayıram, onlar mənə baxırlar. Yəqin ki, onlar daha doğru bilərlər.

- Ümumiyyətlə, gününüzün çox hissəsini nə barədə fikirləşməklə keçirdirsiniz?

- Mən bu həyatda sənətdən, şöhrətdən, maddiyyatdan öncə insan olmağı fikirləşirəm. Əsl insan olmaq üçün bütün gücümlə səy göstərirəm. Fikirləşirəm ki, əgər hər bir insan kamil insan olmaq üçün cəhd etsə və bunu bacarsa, qalan amillər öz-özlüyündə düzələr.

- İndiyə qədər oynadığınız tamaşalardan hansı sizə daha çox uğur gətirib?

- Mənim bütün rollarım mənim üçün əzizdir. Heç birinin arasında fərq qoymuram. Amma “Hökmdarın taleyi”, “Teleskop” və s. kimi tamaşalar mənim üçün uğurlu sayıla bilər.

- Bəs hansı rolu canlandırmaq arzusundasınız?

- İstəyərdim ki, “Kleopatra”nı oynayım...

- Xarici görünüşünüzdən tam razısınız?

- Mən özümü tam gözəl və ideal bir insan hesab etmirəm. Necəyəmsə, eləyəm. Artıq heç nə istəmirəm. Hər bir şeyə görə Allaha şükr edirəm.

- Kompleksləriniz var?

- Dəqiq deyə bilmərəm, bəlkə var, bəlkə də yox (gülür)...

- Həyatdan nə istəyirsiniz?

- Bilirsiniz, mənim çox maraqlı bir uşaqlıq arzum var idi. O arzu hələ də mənim xəyallarımda yaşayır. Həmişə kimsəsiz uşaqların taleyi məni çox düşündürüb. İstərdim ki, bir evim olsun və bütün kimsəsiz uşaqları həmin evin damının altında bir yerə yığıb onları öz himayəm altına alım.

- Gələcəkdə nə etməyi düşünürsünüz?

- Hələ ki, heç nə düşünmürəm. Heç bir planım yoxdur. Hər şeyi zamanın axarına buraxmışam.

DEYİR, ƏRİM MƏNİ QISQANMIR...
DEYİR, ƏRİM MƏNİ QISQANMIR...
Geri qayıt