Əsas Səhifə > Cəmiyyət > NAXÇIVAN – REJİMLİ MUXTARİYYƏT

NAXÇIVAN – REJİMLİ MUXTARİYYƏT


14-09-2011, 14:52
NAXÇIVAN – REJİMLİ MUXTARİYYƏT

MUXTAR RESPUBLİKANIN 400 MİNLİK ƏHALİSİNİN 200 MİN NƏFƏRİ REGİONU TƏRK EDİB

Ermənistanın 48 kilometrlik Mehri dəhlizilə Azərbaycanın qalan bütün ərazisindən ayrı düşən ölkənin cənub-qərbindəki Naxçıvan Muxtar Respublikası təkcə coğrafi blokadaya alınmayıb, həm də XXI əsrin siyasi hadisələrindən (gedişlərindən) təcrid edilib.

Keçmiş prezident Heydər Əliyevin vətəni olan bu “kiçik torpaq” 70-ci illərdə onun hakimiyyətinin dayağı olub. Siyasi Büroda istefasından sonra bir neçə il davam edən aşağılamalardan sonra isə 90-cı illərin əvvəllərində Azərbaycanda yenidən siyasi olimp taxtına qayıtmasında tramplin rolu oynayıb.

Naxçıvan hələ 20 il öncə Azərbaycandakı demokratik proseslərin katalizatoru və milli-azadlıq hərəkatının episentri idi. Birinci respublikanın göy-qırmızı-yaşıl rəngli bayrağı ilk dəfə burada qaldırılıb, SSRİ sərhədləri ilk dəfə burada dağıdılıb, H.Əliyev isə Sov.İKP ilə əlaqələrini nümayişkaranə şəkildə qıraraq demokratik dəyərlərə sədaqətini elan edib. Muxtariyyət hələ Bakıdan əvvəl Moskvadan asılı olmadığını bəyan edib.

Mahiyyətinə görə, zəif iqtisadiyyata malik kasıb olan bu region yalnız öz vətəndaşlarının şəxsi azadlığı, Azərbaycanın heç bir regionunda olmayan öz hüquqlarını qoruması və sovet partiya bossları ilə bərabər şəkildə danişa bilməsilə fəxr edə bilərdi. Bu regionun təmsilçiləri milli-azadlıq mübarizəsinin önünüdə idilər və bu regiondan çıxan Əbülfərz Elçibəy ölkənin ilk demokratik prezidenti oldu.

90-cı illərin ilk illərində Əliyev milli demokratlarla müttəfiqlikdən hakimiyyətə gəlməsi üçün istifadə etdi, 1995-ci ildə silahlı müxalifətlə haqq-hesab çəkdikdən sonra keçmiş müttəfiqlərə münasibətini kəskin dəyişərək onları xalqın düşməni adlandırdı. Ölkənin heç yerində olmadığı kimi məhz Naxçıvanda vətəndaş hüquq və azadlıqlarının boğulmasına başlandı, keçmiş “demokratiya adası” isə Şimali Koreya tipli qapalı cəmiyyətə çevrilməyə başladı.

Ölkədəki ictimai-siyasi situasiyaya Naxçıvanın təsirini nəzərə alan H.Əliyev yerli ictimaiyyəti avtoritarizm çərçivəsinə sıxmaqla bu təcrübəni bütün ölkəyə yaymağı asanlaşdırdı.

Naxçivanda avtokratiya 1995-ci ilin noyabrında Azərbaycan Konstitusiyasına dəyişikliklərdən, muxtar respublika unitar dövlət içində dövlət statusu aldıqdan sonra daha da sürətləndi. Öncə analitiklər bu fikirdə idilər ki, bu model separatçı Dağlıq Qarabağa təklif kimi hazırlanıb. Amma sonrakı meyllər hətta ən xırda avropayönlü islahat və Qərbin təsirindən təcrid etmək kimi tamam başqa maraqları aşkarladı.

Naxçıvanda heç yerdə olmadığı kimi müxalif partiyaların, müstəqil QHT və KİV-lərin fəaliyyəti dayandırılıb. Region informasiya boşluğuna düşüb və əksər çap və elektron KİV-lərin gündəmindən çıxıb. Despotik xarakterinə görə “xan” adlandırılan Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov hər hansı siyasi fəallığı və azad fikirliliyi qadağan edən sərt rejim tətbiq edib.

Qorxu minlərlə insanın, ilk növbədə isə köhnə leninçi ənənələrlə iməciliyə çıxaraq yol, səki, bağların təmizliyi ilə məşğul olan, adi günlərdə isə öz kabinetlərinə qapanaraq siyasi söhbətlərdən qaçan məmurların həyat normasına dönüb.

Qorxu və ədalətsizlik, iqtisadi valyuntarizm naxçıvanlıları paytaxta və başqa ölkələrə qaçmağa vadar edir. Hakimiyyət etiraf etməsə də yerli əhali bölgədən kənara güclü insan axını olduğunu bildirirlər. Muxtar respublikanın 400 minlik əhalisinin 200 min nəfəri regionu tərk edib. Buna baxmayaraq, biznesin bütün növlərinin inhisarı və nəzarətedici orqanların təzyiqi şəraitində Naxçıvanda işsizlik yüksək səviyyədədir.

Bu “dövlət içində dövlətdə” ruhi xəstəxanaya, uydurulmuş ittihamlar əsasında dəmir barmaqlıqlar arxasına düşmək, ən yaxşı halda düşmən Qərblə əməkdaşlığa görə, “erməni casusu” rüsvayçılığı ilə Naxçıvandan qovulmaq çox asandır. Bu yaxınlarda Turac Zeynalov adlı gənc şəxs İranın xeyrinə casusluqda ittiham edilərək yerli Milli Təhlükəsizlıik Nazirliyində döyülərək öldürülüb. Ölümə səbəb kimi göstərilən bu mülahizə elə asanlıqla təqdim edilir ki, sanki şübhəli casusluğa görə baş verən qətl cəmiyyət üzərində total nəzarət quran xüsusi xidmət orqanlarına şərəf gətirir.

Ödürülən şəxsin atası və qardaşlarının MTN əməkdaşlarına qarşı ittihamlarından imtina etmələri hakimiyyətin aşınmasının göstəricisidir. Onlar bu hərəkətlərilə öz atasını satdığına görə bütləşdirilən 30-cu illərin sovet pioneri Pavlik Morozovun “igidliyini” təkrar ediblər. Oğul və qardaşı məhbəsdə qətlə yetirilən bu insanların hamısının cinayətkarların cinayətlərini “yuyaraq” Stalin məktəbinin ən yaxşı ənənəsi kimi Naxçıvanın düşmənlərinə yardımçı olmaqda etirafları belə təəccüblü olmayacaq.

Siyasi partiyaların, QHT və KİV-lərin repressiyalarına baxmayaraq, Naxçıvanda cəsarətli insanlar var ki, öz insani dəyərlərindən imtina etmirlər. Hüquq müdafiəçiləri Məlahət və İlqar Nəsibovlar onlardan biridir. Ruhi xəstəxanaya salınmaq, fiziki və mənəvi şikəstliyə düçar edilə bilmək təhlükələrinə baxmayaraq, belə insanların sayı artır. Öz günahsızlığını cəsarətlə müdafiə edən ictimai fəal Həkimeldostu Mehdiyevə qarşı sifarişli məhkəmə göstərdi ki, rejimin cəmiyyət üzərindəki repressiya yivləri sona qədər sıxılıb və cəmiyyətdə cəmlənən narazılıq yayı inqilabi enerjilə açılmağa hazırdır. Naxçıvanlılar keçən yüzilliyin sonlarındakı ənənələrini yaxşı xatırlayırlar.

Müsəlman cənubundan gələn dəyişikliklər küləyini ilk hiss edən, üsyançı Yaxın Şərqə ən yaxın olan bu regionda fəaliyyət və danışmaq azadlıqlarını qaytarmağı heç zaman olmadığı kimi arzu edirlər.


Geri qayıt