Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “AZƏRSU” DA 32 QƏPİK KÜBARLIĞI

“AZƏRSU” DA 32 QƏPİK KÜBARLIĞI


10-10-2013, 09:47
“AZƏRSU” DA 32 QƏPİK KÜBARLIĞI
DİA.AZ: - Mənzillərə yeni quraşdırılmış su sayğacları kartlarına ödəmələr zamanı vətəndaşlardan artıq pul alırlar. Hətta ödəmə çekində belə hesablamalar dəqiq deyil və o, istehlakçının ziyanına xeyli “yuvarlaqlaşdırılıb”.

Mənzillərimizə elektron sayğacların qoyulması məni çox sevindirdi. İndi biz, tavandan qoyulan məbləği deyil, işlətdiyimiz suyun pulunu ödəyəcəyik.

Gəncə şəhər “Su-Kanal” Törəmə Səhmdar Cəmiyyəti ilə müqavilə bağladıqdan sonra, tələsirəm həmin təşkilata. Burada yeni elekron kartlara para yükləməklə, biz özümüzü bir müddətə su problemindən azad hiss edə bilərik. Kiçik pəncərənin qarşısında xeyli adam toplaşıb. Səs-küydən otaqda durmaq olmur. Bəzilərinin kompyüterdə toplanan borcları, onları əsəbləşməyə və səsini ucaltmağa vadar edir. Nəhayət, növbə bizə də çatır. Karta 5 manat yükləyirəm. Mənimlə birgə qonşum Elçin də eynən həmin əməliyyatı həyata keçirir. Qonşum məndən daha diqqətli olduğundan, çeki mənə göstərir və öz narazılığını bildirir:

-Qardaşım, axı bunlar burada düzgün yazmayıblar. 13 kub 36 qəpikdən, edir 4 manat 68 qəpik. Burada isə 5 manat yazılıb. Belə çıxır ki, bizdən 32 qəpik artıq alırlar.

Arxamızda dayanan yaşlı bir qadın bizim söhbətimizi eşidib, dilləndi:

-32 qəpik nədir ki, onun söhbətini edirsiniz.

Qadının sözləri ilə birgə bizə göndərdiyi apatiya enerjisi bizi süst etsə də, bir neçə saniyə sonra daxilimdə bir riyaziyatçı oyandı. Hesabladım: əgər mən hər ay elə 32 qəpik artıq ödəsəm, onda bir il ərzndə 4 manata qədər pul itirirəm. Məni kimi, çox demirəm, min nəfər yığılsa, onda vəsait nə az nə çox 4000 manat eyləyir. Bu da 32 qəpiyin hökmü!

Məsələni ayrıd etmək üçün “Su-Kanal” Törəmə Səhmdar Cəmiyyətinin rəhbər işçilərindən kimisə tapmağa çalışıram. Müdirin yanında xeyli işçi olduğundan və onun “şəxsən bu məsələ ilə məşgul olmadığından”, məni yönəltdilər şöbə müdirinin otağına. Şöbə müdiri isə təcili Bakıya çıxdığından, eləcə də baş mühəndis daimi sahədə olduğundan heç kəs bizim suallarımızı cavablandırmadı.

Çöldən binanın şəklini çəkməklə kifayətlənib, yollanıram Gəncədə fəaliyyət göstərən “Şəffaflıq – Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə ictimai Birliyinə.

Birliyin, eləcə də ATƏT-in “Qanunu Aliliyi” layıhəsinin hüquqşunası Babək Həmidov konkret danışdı:

-Gösdərdiyiniz faktlara görə əsas var ki, vətəndaş müvafiq strukturlara müraciət eləsin. Artıq mən sizə heç nə deyə bilmərəm.

Hörmətli Babək müəllim, bizə artıq heç nə də lazım deyil. Çünki bunların hamısını biz özümüz də çox yaxşı bilirdik. Sadəcə hüquqşunas məsləhəti, belə bir məsələdə heç də artıq deyildi.

Bu əhvalatın sonunda bir misal yadıma düşdü. Belə ki, bir adam yoldan keçən insanlara daş atır. Keçənlər isə sanki özlərinə təsəlli verir:

-Fikir verməyin dəlidir.

Nəhayət biri dözməyib deyir:

- Qardaş, bu dəlidirsə, götürüb daşı öz başına vursun, nəyə görə həmişə bizə atır?

Bu misal elə bizim məsələyə çox uyğun gəlir. Elə soruşmaq istəyirsən:

-Ay “Su-Kanal” idarəsi, nəyə görə həmişə pulu artıq alırsınız? Səhv edirsinizsə, bir dəfə də əskik alın...

Geri qayıt