Əsas Səhifə > Dünya > ABDULLA GÜL “AZƏRBAYCAN SƏNƏDİ”Nİ TƏSDİQLƏDİ

ABDULLA GÜL “AZƏRBAYCAN SƏNƏDİ”Nİ TƏSDİQLƏDİ


20-01-2012, 15:20
ABDULLA GÜL “AZƏRBAYCAN SƏNƏDİ”Nİ TƏSDİQLƏDİ

BUNUNLA BAĞLI FƏRMAN İMZALANIB

Türkiyə prezidenti Abdulla Gül Türkiyə və Azərbaycan hökumətləri arasında imzalanmış “Türkiyə-Azərbaycan uzunmüddətli iqtisadi və ticari əməkdaşlıq Proqramı və İcra Planı”nın qüvvəyə minməsi barədə fərman imzalayıb. APA-nın məlumatına görə, bu sənədi 2007-ci ildə Türkiyə tərəfdən dövlət naziri Kürşad Tüzmən, Azərbaycan tərəfdən isə baş nazirin müavini Abid Şərifov imzalayıb.

Proqramda iki ölkə arasında ticarət əlaqələrinin inkişafı üçün əngəllərin aradan qaldırılması əksini tapıb. Proqram və İcra Planı qüvvəyə mindiyi tarixdən sonrakı 6 ay müddətində ticarət əlaqələrində ortaya çıxan maneələrlə bağlı məruzə hazırlanaraq müzakirə olunacaq və müvafiq qərar qəbul ediləcək.

Proqramda Azərbaycanda Türkiyə-Azərbaycan azad iqtisadi zonasının yaradılması ilə bağlı məsələ də əksini tapıb. Belə ki, proqram qüvvəyə minəndən sonrakı 3 ay ərzində tərəflər bununla bağlı müzakirələrə başlamalıdırlar.

Sənəddə sənaye, enerji, nəqliyyat, rabitə, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair məqamlar da var. Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının inkişaf etdirilməsi ilə bağlı iki tərəfin iştirakı ilə 3 ay ərzində ayrıca fəaliyyət proqramı hazırlanacaq.


Geri qayıt