Əsas Səhifə > Siyasət, Manşet > HACIBALA ABUTALIBOVLA BAĞLI QƏRAR VAR

HACIBALA ABUTALIBOVLA BAĞLI QƏRAR VAR


4-10-2013, 09:25
HACIBALA ABUTALIBOVLA BAĞLI QƏRAR VAR
BAKI ŞƏHƏRİNİN STATUSU MƏSƏLƏSİNƏ YANVARDA AYDINLIQ GƏTİRİLƏCƏK

DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov nəhayət ki, uzun mətbu müzakirələrin ardından istefaya göndərilir. Xəbərimizdə onu da qeyd etmişdik ki, Hacıbala Abutalıbovun gedişi yaxın günlərə təsadüf etməsə də, bu barədə artıq konkret qərar verilib.

Bu məsələ ilə bağlı DİA.AZ-a çox maraqlı faktlar daxil olub. Belə ki, mötəbər mənbələrdən sızan informasiyada bildirilir ki, əslində Hacıbala Abutalıbov gələn ilin yanvar ayına qədər görəv başında saxlanılacaq. Yəni Hacıbala Abutalıbov prezident seçkilərini salamat yola verib, ilin sonuna qədər rahat nəfəs alma fürsətinə malikdir.

Mənbəmiz Hacıbala Abutalıbovun gedişi ərəfəsində bir sıra islahatların da həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirdi. Mənbəmizin sözlərinə görə, Hacıbala Abutalıbov Bakının sonuncu icra başçısı ola bilər: «Çünki islahatlar nəzərdə tutulub və bu islahatlara görə Bakı meriyasının yaradılması planlaşdırılır».

Onu da nəzərinizə çatdıraq ki, Azərbaycan artıq Avropa Şurasının üzv ölkələri arasında yeganə ölkədir ki, paytaxtının statusu yoxdur.

Bununla bağlı DİA.AZ-a danışan mənbə bildirir ki, hakimiyyət nəhayətdə Cənubi Qafqaz ölkələrindən onu geriyə salan problemi həll etmək qərarını verib. Yəni Bakının paytaxt statusu ilə bağlı yeni hüquqi baza yaradılır və Bakı meriyası formalaşdırılır: «Məhz bu proses Hacıbala Abutalıbovun təbii yolla gedişinə şərait yaradacaq və o, Bakının sonuncu icra başçısı kimi bəlkə də tarixə çevrilmiş olacaq».

Onu da bildirək ki, bu vaxta qədər onlarla maraqlı fiqur Bakı şəhər icra hakimiyyətinin başçısı postu uğrunda mübarizəyə qalxmışdı. Və bu qərarla həm də onların arzuları birdəfəlik olaraq gömülmüş olur. Məlumatlı mənbə bildirir ki, əslində Gəncəyə getməyə razı olan Elmar Vəliyevlə, Sumqayıta başçı gedən Eldar Əzizov da məhz bu səbəbdən Bakı şəhər icra başçısı postundan gözlərini birdəfəlik çəkiblər.

Geri qayıt