Əsas Səhifə > Ölkə > RAFİQ TAĞININ QIZININ ARZUSU

RAFİQ TAĞININ QIZININ ARZUSU


19-01-2012, 14:50
RAFİQ TAĞININ QIZININ ARZUSU

“ƏSAS ODUR ATAMIN QATİLİ TAPILSIN”

“İnanıram ki, atamın qatili tezliklə tapılacaq”. Yanvarın 19-da “Media forum” saytına açıqlamasında mərhum yazıçı Rafiq Tağının qızı Qəmər Tağı belə deyib.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb. Noyabrın 23-də o, müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb.

Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır. İstintaq Cinayət Məcəlləsinin 120.1 - qəsdən adam öldürmə maddəsi ilə aparılır.

Qəmər Tağı “Media forum”a deyib ki, hərdən atasının qatilinin tapılmayacağı ümidsizliyinə qapılır: “Bunun səbəbi atamın öldürülməsindən iki ay keçməsinə baxmayaraq nəticənin olmamasıdır. Amma inanıram ki, atamın qatili tapılacaq. Gec, ya tez - əsas odur atamın qatili tapılsın və qanı yerdə qalmasın”.

Qəmər Tağı istintaq orqanının evdən götürdüyü kompüterin prosessorunun geri qaytarıldığını vurğulayıb: “Kompüterin yaddaşındakı yazılar hamısı yerindədir”.

Mərhum yazıçının qızı ailənin təhlükəsizliyini təmin edən polis əməkdaşlarının hər gün evin önündə olduğunu deyib: “Ona görə ailəmizə qarşı təhlükə hiss etmirəm”.


Geri qayıt