Əsas Səhifə > Ölkə > RƏSMİ BAKININ “FRANSA PLANI” VARMI?

RƏSMİ BAKININ “FRANSA PLANI” VARMI?


19-01-2012, 14:09
RƏSMİ BAKININ “FRANSA PLANI” VARMI?

AZƏRBAYCAN PARİSİN QARŞISINDA ƏLİYALINDIR

Azərbaycan-Türkiyə münasibətləri növbəti dəfə sınaq qarşısındadır. Fransa Senatının “erməni soyqırmı”nı inkara görə cinayət məsuliyyəti müəyyənləşdirən qanun layihəsini yanvarın 23-də müzakirə çıxarması Türkiyədə həyəcanla izlənilir. Sənədin təsdiq olunacağı halda Türkiyə hökuməti Fransa ilə bağlı atacağı addımları götür-qoy edir.

Bu arada, Azərbaycan hakimiyyətinin baş verənlərə səssiz qalması Türkiyənin siyasi və ictimai dairələrini narahat edir.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun 4 üzvü yanvarın 17-də Bakıya gəlib. Səfərin məqsədi bəllidir. Ankara Bakının nəbzini yoxlayır. Bunu Bakıya gələn türkiyəli millət vəkilləri də gizlətməyiblər. Türkiyəli deputatlar biri vurğulayıb ki, Azərbaycan rəhbərliyinin sözügedən layihə ilə bağlı konkret mövqe ortaya qoymasını gözləyirlər və səfərə də buna görə gəliblər.

Senatın qanun layihəsini təsdiq edəcəyi halda, Fransanın ermənpərəst mövqeyi rəsmiləşəcək. Bu isə o deməkdir ki, Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki tərəfsizliyi rəsmən pozulmuş olacaq. Azərbaycan ictimaiyyəti, QHT-lər, media Fransa parlamentinin məlum qərarına kifayət qədər sərt reaksiya veriblər. Hakim Yeni Azərbaycan Partiyasının mənsubları da ilk günlərdə Fransa parlamentinin qərarına etiraz edirdilər. Ancaq son günlər Azərbaycanın hakimiyyət dəhlizlərində sanki bir sakitlik hökm sürür.

Rəsmi Bakı Senatın adı çəkilən qanun layihəsinin təsdiq etməyəcəyinə ümidlidir. Elə xarici işlər naziri Elmar Məmmədyarov da bir müddət öncə mövzu ilə bağlı suala belə cavab vermişdi ki, Fransa ilə bağlı nəsə addım atmağı düşünmürlər, çünki Senatın mövqeyi hələ bəlli deyil. Əlbəttə, Senat qanun layihəsini təsdiq etməyə də bilər. Bəs əksi olarsa, rəsmi Bakı hansı addımları atacaq? Hazırda bu, günün ən aktual sualıdır.

Türkiyəli diplomatlar bir neçə il öncə erməni diplomatlarla təmaslara baş vurduqda rəsmi Bakı xeyli narahat görünürdü. Brüsselə səfəri zamanı jurnalistlər qarşısında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev Türkiyə ilə Ermənistan arasındakı dialoqu nəzərdə tutaraq belə bir fikir söyləmişdi: “Biz sadə suala sadə cavab eşitmək istəyirik”. İndi eyni sualı Azərbaycan hakimiyyətinə Türkiyə iqtidarı, siyasi çevrələri və icitmaiyyəti ünvanlayır: “Senat qanun layihəsini təsdiq edəcəyi halda Azərbaycan hakimiyyəti Fransanın həmsədrlikdən geri çağırılması işinə baş vuracaqmı?” Bu da sadə cavab tələb edən sadə sualdır.

Hələ ki, rəsmi Bakı bu sadə suala cavab verməkdən yayınır. Əksinə, xarici işlər nazirinin müavini Araz Əzimov dekabrın sonunda Vaşintondakı konfransda çıxışı zamanı qeyd edib ki, Minsk qrupunun formatının dəyişməsinə lüzum görmürlər. Bəzi hakimiyyət nümayəndələri qeyri-rəsmi söhbətlərdə Fransa parlamentinin qərarını Fransa-Türkiyə münasibətlərinə aid olan məsələ kimi dəyərləndirərək, Azərbaycanın bu məsələdə tərəf ola bilməyəciyi irəli sürürlər.

Məsələ burasındadır ki, bir neçə il öncə İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında protokollar imzalandıqda rəsmi Bakı Ankaranı güncə sıxmışdı. Bakı Ankaranı protokolları parlamentdə ratifikasiya etməməyə çağırırdı. Azərbaycan iqtidarı Türkiyə-Ermənistan sərhədinin açılacağı və iki ölkə arasında diplomatik münasibətlərin qurulacağı halda bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir edəcəyini irəli sürdü. Hətta o günlərdə Azərbaycanın 4 qadın millət vəkili Ankaraya yollanaraq eyni ilə bu gün Bakıya gələn türkiyəli millət vəkilləri kimi həmsöhbətlərindən konkret cavab istəyirdilər.

Ankara protokolları ratifikasiya etmədi. Halbuki bu protokollar ratifikasiya edilsəydi, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması ilə yanaşı ortaq tarix komissiyası da qurulacaqdı. Belə olan halda böyük ehtimalla Fransa parlamenti “erməni soyqırımı” layihəsini gündəmə gətirməzdi. Yəni faktiki Fransa ətrafında hadisələrin hazırkı şəkildə inkişafında rəsmi Bakının da rolu olub. Və indi növbə rəsmi Bakının addım atmasına çatdıqda Azərbaycan hakimiyyəti Ankaraya mesaj yollayır: “Bizi bu işlərə qatmayın”. Bu yanaşma da Ankarada ciddi narazılıq doğurur. Rəsmi Bakı Azərbaycanın Fransa ilə bağlı atacağı addımın qarşılığında Türkiyə parlamentinin də Xocalı soyqırımını tanımasını istəyir. Yəni Ankaraya “bu olmadan o da olmayacaq” mesajını çatdırmağa çalışırlar.

Bütün hallarda, əgər Fransa Senatı “erməni soyqırmı”nı inkara görə cinayət məsuliyyəti müəyyənləşdirən qanun layihəsini təsdiq edərsə və bunun qarşılığında da Azərbaycan hakimiyyəti bu ölkənin həmsədrlikdən geri çağrılması proseduruna baş vurmazsa, onda da Türkiyə ilə münasibətləri zərbə altında qoyacaq. Azərbaycanı bu seçimdən Senatın qanun layihəsini təsdiq etməməsi qurtara bilər.


TURAN Analitik xidməti


Geri qayıt