Əsas Səhifə > Hadisə > ŞƏMKİRDƏ DİLƏNÇİ QADIN EVİ TALADI

ŞƏMKİRDƏ DİLƏNÇİ QADIN EVİ TALADI


1-10-2013, 09:48
ŞƏMKİRDƏ DİLƏNÇİ QADIN EVİ TALADI
DİA.AZ "Kəpəz TV"yə istinadən xəbər verir ki, Şəmkirdə dilənçiliklə məşğul olan qadın mənzillərdən birindən xeyli məbləğdə pul və zinət əşyaları oğurlayıb. Amma qadın əldə etdiyi həmin vəsaiti və zinət əşyalarını o qədər də uzağa apara bilməyib. Ev sahibinin sayıqlığı nəticəsində həmin cinayətin üstü açılıb.

Yevlax sakini Sitarə Əzizova gəlir əldə etmək məqsədi ilə Şəmkir rayonunun müxtəlif ərazilərində dilənçiliklə, eləcə də qadın geyimləri satmaqla məşğul olurmuş. Sonuncu dəfə həmin qadın Zəyəm-Cırdaxan kənd sakini Xatirə Məmmədovaya məxsus fərdi yaşayış evinə gəlib və evdə heç kimin olmamasından istifadə edərək oğurluq etmək qərarına gəlib.

Çirkin əməli həyata keçirən Sitarə Əzizova mənzili tərk etmək istəyərkən ev sahibi ilə qarşılaşıb. O, evin sahibi Xatirə Məmmədovada şübhə yaradıb. Dərhal evinə baxış keçirən Xatirə Məmmədova zinət əşyalarının və pulun oğurlandığını müəyyən edib.

Şəmkir Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi Məhərrəm Məmmədov bildirib ki, mənzildən 8 adda qızıl zinət əşyaları, 389 manat və 5000 rus rublu oğurlanıb. Oğru qadın sonradan ev sahibinin şübhələndiyini başa düşərək həmin əşyaları yaxınlıqdakı kolluğa atıb.
Sitarə Əzizovanın əməlindən zərərçəkənlərin sayının artacağı istisna olunmur. Faktla bağlı cinayət işi açılaraq istintaq aparılır.

Geri qayıt