Əsas Səhifə > Partiya > MÜSAVAT BAŞQANLIĞINA DAHA BİR İDDİALI VAR

MÜSAVAT BAŞQANLIĞINA DAHA BİR İDDİALI VAR


18-01-2012, 13:44
MÜSAVAT BAŞQANLIĞINA DAHA BİR İDDİALI VAR

“ÖZÜNƏ GÜVƏNƏN HƏR BİR PARTİYA ÜZVÜ NAMİZƏD OLA BİLƏR”

Müsavat Partiyasının Məclis üzvü Səxavət Əlisoy mart ayının əvvəllərində keçirələcək qurultayda başqanlığa namizəd olacağını açıqlayıb. O, Modern.az saytına deyib ki, bu yerə digər partiyadaşları yox, hətta İsa Qəmbər növbəti dəfə iddialı olsaydı belə, namizədliyini yenə irəli sürəcəkdi: “Çünki Müsavat ən demokratik partiyalardan biridir. Nizamnamə isə hər bir partiya üzvünün başqanlığa namizədliyini irəli sürməsinə imkan verir. Düşünürəm ki, özünə güvənən hər kəs bu hüququndan istifadə edə bilər”.

Səxavət Əlisoyun fikrincə, seçilib-seçilməyəcəyi onun üçün vacib şərt deyil: “İsa Qəmbər dəfələrlə deyib ki, Müsavat heç kəsin atasının partiyası deyil. Bundan başqa, o, ilk partiya başqanıdır ki, nizamnamənin tələbinə uyğun olaraq namizədliyini irəli sürməyəcəyini bəyan edib. Bu da bir demokratiya nümunəsi deyilmi?”

Qeyd edək ki, indiyə qədər Müsavat başqanlığına iddialılar sırasında partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının, Məclis üzvləri Nüşabə Sadıxlı və Qubad İbadoğlunun da adları çəkilib. Səxavət Əlisoy öz namizədliyini irəli sürməklə heç də kimsənin istəklərinə qarşı çıxmadığını da vurğulayıb.

Geri qayıt