Əsas Səhifə > Siyasət, Manşet > İSMƏT ABBASOV NÖVBƏTİ DALĞANIN ƏSAS HƏDƏFİDİR

İSMƏT ABBASOV NÖVBƏTİ DALĞANIN ƏSAS HƏDƏFİDİR


27-09-2013, 10:24
İSMƏT ABBASOV NÖVBƏTİ DALĞANIN ƏSAS HƏDƏFİDİR
KTN SİSTEMİNDƏ BÖYÜK KORRUPSİYA FAKTLARINA HÜQUQİ QİYMƏT VERİLİR

DİA.AZ: - «Bunyavirus əməliyyatı»ndan iki milyon manatlıq qazancla çıxan kənd təsərrüfatı naziri İsmət Abbasova qarşı dosya hazırlanır. Bu barədə DİA.AZ-a açıqlama verən Nazirlər Kabinetindəki qaynaq iddia edir ki, prezident seçkilərindən dərhal sonra gözlənilən antikorrupsiya əməliyyatı zamanı bu dəfə nə hərbi komissarlıq sistemi işçiləri, nə də sosial müdafiə sahəsində çalışanlar əsas zərbəni almayacaqlar.

Mənbənin söylədikləri: «Antikorrupsiya sezonunun növbəti dalğası əsas olaraq KTN sistemini vuracaq. Doğrudur, bu yöndə bu günə kimi müəyyən həbslər həyata keçirilib. Hətta korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları Bərdə Baytarlıq İdarəsinin sabiq rəisinə qarşı xüsusi əməliyyat keçirərək onu həbsə də atdılar. Amma gözlənilən dalğada KTN sisteminin çox ciddi fiqurlarının həbsi gözlənilir»

Kimdir onlar? Bu barədə danışan qaynaq iddia edir ki, kənd təsərrüfatına ayrılan kreditlərin, dövlət vəsaitinin xərclənməsi yönündə çox ciddi yeyintilər baş verib: «Bu yeyintilərin hesab-kitabı tutulur. Dövlətin Hesablama Palatası, Maliyyə Nazirliyi və digər qurumları bu gün KTN-yə ayrılan vəsaitin xərclənməsində böyük maxinasiyaları aşkarlayıblar.

Ən maraqlı olanı isə odur ki, bu gün həbsinə tədarük görülən İsmət Abbasovun səlahiyyətli işçilərindən biri ilə bağlı addımın atılması məhz seçkidən sonraya saxlanılıb. Qərara alınıb ki, belə bir həbsin həyata keçirilməsi seçki ərəfəsində hakimiyyətin ümumi reytinqinə xələl gətirə bilər».

Onu da bildirək ki, KTN-də həbsə atılacaq məmurların bəziləri və onların hansı cinayət əməlində ittiham olunmaları ilə bağlı redaksiyamıza müəyyən bilgilər verilib. Araşdırma aparırıq və yaxın günlərdə geniş materialı diqqətinizə təqdim edəcəyik. Bizi izləyin.

Qarşı tərəfin mövqe ifadəsi üçün qapılarımız açıqdır.

Geri qayıt