Əsas Səhifə > Güney Press, Araşdırma > YAĞIŞ "GİZLİ KORRUPSİYANI" YUYUB ÜZƏ ÇIXARDI

YAĞIŞ "GİZLİ KORRUPSİYANI" YUYUB ÜZƏ ÇIXARDI


25-09-2013, 12:58
YAĞIŞ "GİZLİ KORRUPSİYANI" YUYUB ÜZƏ ÇIXARDI
Sentyabrın 23-də Bakıya və bölgələrə yağan güclü və qəfil yağış ölkə sakinlərinə problem yaşatmağa başladı. Payızın ilk güclü yağışı bir daha onu sübut etdi ki, nəinki bölgələr, heç paytaxt Bakı da payıza hazır deyil.

Amma, əslində aidiyyəti qurumlar dayanmadan bəyanatlar verirlər ki, Bakı və Azərbaycan ən sərt qışa belə hazırdır. Fakt isə göz qabağındadı. Paytaxtın hətta mərkəz ərazilərindəki bəzi asfalt küçələr də sellə doldu.Tez-tez asfalt örtüyü çəkilən həmin yollarda nahamarlıqdan iri su gölməçələri yarandı, yollarda sel suları avtomobillərin və piyadaların hərəkətinə maneçiliklər törətdi. Həmin gün yağan leysan yağışlar nəticəsində Bakıda əksər küçələr keçilməz oldu. Gecə saatlarında Bakı küçələrində vəziyyət tam acınacaqlı oldu. Yollar bağlandı, sel suları avtomobillərin hərəkətini tam məhdudlaşdırdı. PaytaxtınNəsimi, Xətai, Yasamal rayonlarında bu proses özünü daha qabarıq biruzə verdi. Binəqədi, Səbael, rayonlarında da avtomobillərin də hərəkətinə yollardakı sel suları maneçilik törətdi. Bir sözlə, əvvəllər Bakı sərt qışda iflic olurdusa, indi paytaxt payızın ilk yağışından eyni aqibəti yaşadı. Bakıda sel sularının yaratdığı problemlər təkcə avtomobil yollarındakı vəziyyətlə yekunlaşmadı. Yağışın yağması və qabaqlayıcı tədbirlərin görülməməsi Bakıda sakinlərə daha ağır problemlər yaşatdı. Bəli, bu daha dəhşətli faktlardır. Redaksiyamıza müraciət edən sakinlər həmin gecədən etibarən küçələrdə gecələdiklərini bildirirlər. Səbəb isə Bakıdakı həyət evlərinin yağış və çirkab sularına qərq olmasıdır. Bəli, həmin gün Bakı sakinləri gecəni suyun işərisində keçiriblər. Təsəvvür edin, paytaxtın ən "yaraşıqlı" hissəsi hesab edilən "Tarqovı" və Qış bulvarı ərazisində belə, misli görünməmiş rəzalət yaşanıb, hər tərəfi su basıb, avtomobillər və insanlar üçün keçilməz olan daşqınlar, göllər yaranıb. Paytaxtın Binəqədi, Nəsimi və Xətai rayonları ərazisində də biabırçı vəziyyət müşahidə olunub.Məsələn, Xətai rayon sakinlərinin də mənzillərinə su dolub. Onların sözlərinə görə, həmin gecəni bütün həyət evlərinin həyətyanı sahələrini su basıb. Suyun səviyyəsi bu ərazidə də 70 sm-1 metr səviyyəsində olub. Sakinlər deyirlər ki, bəzi ailələr hələ də evdən çıxa bilmirlər. Həyətyanı sahələrdə suyun su mühərrikləri ilə çəkilməsinə baxmayaraq, bəzi həyətlərdə hələ də hərəkət mümkün deyil. Hazırda həmin ərazidə həmin həyətlərdən suyun çəkilməsi prosesi davam edir. Həyətlərdə hələ də suyun 20-30 sm hündürlüyündə qaldığı deyilir. Bu ərazidə sel suları çəkildikcə həyətləri üfunət iyləri bürüyür. Artıq bəzi sakinlər evlərini atıb şəhərdəki hansısa yaxın adamlarının bina evlərindəki mənzillərinə pənah gətirmək məcburiyyətində qalıb.Binəqədi rayonunun bəzi hissələrində də mənzillər su ilə dolub. Rayonun Binəqədi qəsəbəsi, 3-cü mədən əraizisində yaşayan Ağarəsul Məhərrəmov da ailəsi ilə birlikdə mənzilinə daxil ola bilmir. Onun sözlərinə görə, axşam saatlarında qəfil yağan yağış nəticəsində yaxınlıqdakı kanalizasiya xətti daşıb. Kanalizasiya xəttinin daşması onun mənzilini neft çirkab suları və kanalizasiya suları ilə doldurub: "Axşam saat 10 olardı. Evdə oturmuşduq. Qəfildən güclü yağış başladı. 15-20 dəqiqədən sonra pəncərədən baxanda gözlərimə inanmadım. Həyətimizdə su pilləkən səviyyəsinə qalxmışdı. Sel suları get-gedə artdı və nəticədə mənzilimiz su ilə doldu. Suyun qarşısını almaq üçün küçəyə çıxanda gördüm ki, yaxınlıqdan keçən kanalizasiya xətti partlayıb və kanalizasiya suları buruq sularına qarışıb. Yolda suyun səviyyəsi bir metrdən artıq idi. Bütün küçənin sakinləri gecəni həyətdə keçirmişik. Neft buruqlarından çıxan çirkab suları da kanalizasiya sularına qarışıb bütün küçəni bürüyüb. Evlərin zirzəmiləri, zirzəmisiz mənzillərin isə içərisi su ilə doludur. Səhərə qədər suyun içərisində qalmışıq. Evin bütün əşyaları suyun içərisindədir. Yorğan-döşək, stol-stul, soyuducu, paltaryuyan, bir sözlə bütün məişət əşyalarımız, paltarlarımız çirkab sularının altında qalıb. Bilmirik neyləyək? Bu ziyanı bizə kim ödəyəcək? Kimə müraciət edirik, deyirlər evin sığortası yoxdur. Bu da bizə rəsmi qurumlardan cavab".
Bir sözlə, payızın ilk güclü yağışındaca paytaxt meri Hacıbala Abutalıbovun "gündən günə gözəlləşdiyi, abadlaşdığı, müasirləşdiyi" haqqında tərifli özlərinin əslində populizmdən başqa bir şey olmadığı ortaya çıxıb. Bu, əslində Bakıda "abadlıq və yenidənqurma" adı ilə həyata keçirilən və icrasına yüzmilyonlarla manatın xərcləndiyi dövlət investisiya layihələrinin korrupsiya alətinə çevrilməsinin sübutudur.
Hələ payızın ilk günlərində bu cür acınacaqlı vəziyyətin yaranması qarşıdakı soyuq aylarda - yağış və qarın intensivləşəcəyi dönəmdə Bakının hansı duruma düşəcəyini proqnozlaşdırmağa əsas verir.
Hacıbala Abutalıbovun dediklərindən belə çıxırdı ki, Bakı az qala Parisə çevrilib, Avropanın ən müasir şəhərləri ilə yaraşır, əslində isə Azərbaycan paytaxtının Avropa şəhərlərindən olsa-olsa Venesiya ilə müqayisə edilə biləcəyi təsdiqləndi. Şair demiş, "Bakı can üstədir, Bakı xəstədir".
Bu situasiyanı yaradan isə korrupsiyadır. Görülən işlərin kosmetik xarakter daşıması, əvəzində paytaxtın mabadlaşdırılması, yeniləşdirilməsi üçün ayrılan vəsaitlərin əhəmiyyətli hissəsinin məmur ciblərinə getməsidir.
İlk payız yağışı bu həqiqəti təsdiqlədi. İndi qalır başda Hacıbala Abutalıbovun meriyası olmaqla, əlaqədar qurumların buna görə cavabdehlik daşıması!

Geri qayıt