Əsas Səhifə > Güney Press, Araşdırma > ŞİRVANDA ŞAHMAT MƏKTƏBİ PROBLEMİ

ŞİRVANDA ŞAHMAT MƏKTƏBİ PROBLEMİ


24-09-2013, 15:16
ŞİRVANDA ŞAHMAT MƏKTƏBİ PROBLEMİ
Təhsilə bu qədər diqqət, qayğı varkən niyə problemlər sadalamaqla bitmir? Redaksiyamıza daxil olan telefon zəngləri, məktublar buna əyani bir sübutdur. Bəzi məktəb direktorlarının loru dildə desək, "gözləri doymur”. Bu qədər qanunsuzluq, özbaşınalıq olmaz axı. Belə təhsil müəssisələrindən biri də Şirvan şəhəri, Uşaq Gənclər Şahmat İdman Məktəbidir. Qeyd edək ki, hazırda məktəbin direktoru Əlizamin Kərimovdur. Şirvan şəhəri, 20 yanvar küçəsi, mənzil 6-da yaşayan, Məmmədzadə Safura Murtuz qızınin prezidentə ünvanlamış və sürəti bizə göndərilmiş bir məktubunu sizlərə təqdim edirik.

Salam, hörmətli prezident, sizə məlum edirəm ki, mən Şirvan şəhər sakini, Uşaq Gənclər Şahmat İdman Məktəbinin işçisi, Məmmədzadə Safura Murtuz qızı. Sizə dəfələrlə məktubla müraciət edərək, şahmat məktəbindəki özbaşınalıqlar, o cümlədən, mənim qanunsuz olaraq, işdən çıxarılmağım haqqında məlumat vermişdim. Lakin, nədənsə, müraciətimə nə prezidentin icra aparatından, nə də şəhər rəhbərliyindən reaksiya verən olmadı. Bəzən əlaqədar yazılara məktəbin direktoru Kərimov Əlizamin etiraz edib, yazılanlarda yalan axtarmağa çalışır. Məgər şahmat məktəbinin yarısının bölünüb üç hissəsinin satılması yalandırmı? Əgər yalandırsa, niyə böhtançı kimi müəllimləri məhkəməyə vermir? Çünki bilir ki, nəinki şahmat məktəbinin müəllimləri, hətta şəhər sakinlərinin böyük əksəriyyəti bunu təsdiq edəcəklər ki, həqiqətən prezident şahmata qayğı göstərdiyi bir vaxtda, bu hansı özbaşınalıqdan irəli gəlir ki, (görəsən kimə və nəyə arxalanırlar?) məktəbin yarısı satılıb mağaza kimi fəaliyyət göstərir? Sonra da, müəllimlər ixtisara düşür ki, bəs sinif otaqları olmadığına görə, dərs keçmək qeyri-mümkündür. Yəni, məktəb balacadır, yer, şərait yoxdur. Hər gələn direktor Kərimov Əlizamin kimi, məktəbin üç sinif otağı qədər ərazini satsa, məktəbdə otaq qalarmı?

Mənə məktəb direktoru əmr verib ki, həmin əmr də, qüvvədə deyil. Əmrin və arayışın surətini Sizə göndərirəm. Direktor öz yalanları ilə hamını aldatdığını zənn edir. Verdiyi əmr formal xarakter daşıyır və kağız üzərində qalıb. Mənə bildirilib ki, mən, analıq məzuniyyətində olanı əvəz edirəm. Əmr mənə 2012-ci ilin aprel ayında verildiyi halda, mən, indi əmrin saxta olduğunu bilmişəm. Əmrin doğruluğuna, iyun 2013-cü il tarixinə kimi inanırdım. Sən demə, vəzifədə qalmaq üçün, eyni zamanda şikayətlərin qarşısını almaq üçün, yalandan əlindəki möhür və ştampla istənilən mövzuda əmr, arayış yazıb işçini aldatmaq olarmış. Təki məktəbin satılıb hissələrə bölünməsindən, yeyintilərdən, prezidentin xəbəri olmasın. İşçinin aylıq əmək haqqının yığılmasından, müxtəlif yeyintilərin prezidentdən gizlədilməsi artıq bunlar üçün ənənəvi hal alıbdır. Çox maraqlıdır ki, adi vətəndaşlardan kimsə cibəgirib 5-10 manat oğurladıqda, belələrindən qanun tələb olunur, azadlıqdan məhrum edilir. Lakin, dövlətin müəssisəsini satan, büdcəsini dağıdıb, talan edən məmura isə gözün üstə qaşın var deyən olmur. Açığını desək, şahmat məktəbinin direktoru Kərimov Əlizamin özünü əsl diktator kimi aparır, şahmat məktəbinə şəxsi əmlakı kimi baxır. Necə olur ki, Kərimov Əlizamin mühəndis ola-ola təhsil sahəsində məktəb direktoru işləyə bilir, amma mən ali təhsilli pedaqoq ola-ola (1993-cü ildə ali məktəbi bitirmişəm) direktordan aşağı pillədə işləyə bilmirəm? Hörmətli cənab prezident biz, maaşla dolanan adi insanlarıq. İndiyədək, heç bir istirahət etmək üçün maddi imkanımız olmayıb. Aldığımız maaşla güclə dolanırdıq ki, onu da belə direktorlar bizlərə çox görürlər.

Cənab prezident Sizə etdiyim şikayətlər şəhər rəhbərliyinə gəlir ki, o da, bir tədbir görmür. Sayca 4-cü məktubdur ki, Sizə müraciət edirəm. Lakin, bu müraciətlərə şəhər rəhbərliyi baxmır. Çünki, şəhər rəhbərliyi Əlizamin Kərimovu özü vəzifəyə gətirib.

Başa düşmürük ki, ölkə rəhbərinin verdiyi sərancamın əksinə olaraq şahmata qayğı əvəzinə, şahmat məktəbinin satılması nə dərəcədə düzgündür? Şəhər rəhbərliyi sizcə niyə buna göz yumur?

Şəhər rəhbərliyinin, Ulu öndərin abidəsinin, Heydər Əliyev mərkəzinin, eləcə də, İcra Hakimiyyətinin bir addımlığında yerləşən şahmat məktəbinin satılmasından xəbəri olmaya bilməz. Əgər xəbəri varsa, niyə heç bir tədbir görmür? Maraqlıdır, həm də çox...

Hörmətli prezident çox xahiş edirəm ki, müraciətimə şəxsən özünüz baxasınız. Müqəddaratımı özünüz həll edəsiniz. Əgər, bu iş, Şirvan şəhər rəhbərliyinə həvalə olunsa, yenə də, heç bir nəticə verməyəcək. Ümidim tək Sizədir, cənab prezident.

Məktubdan da göründüyü kimi, Şirvan şəhər, Uşaq Gənclər Şahmat İdman Məktəbinin bir hissəsi satılaraq, mağaza kimi fəaliyyət göstərir. Məktəbin bir hissəsinin satılaraq mağaza kimi fəaliyyət göstərməsi ilə ilk dəfədir rastlaşırıq. Sanki, şəxsi mülkünü kiməsə, icarəyə verir. Əlizamin Kərimovun bu dərəcədə özbaşınalıqlara əl atmasına göz yummaq olmaz.

Şagirdlərin təhsil alması üçün fəaliyyət göstərən müəssisənin, mağaza kimi fəaliyyət göstərməsi çox gülünc və acınacaqlı haldır.

Safura Məmmədzadənin dediyinə görə, şəhər rəhbərliyi də, buna göz yumur. Şirvan şəhər, Uşaq Gənclər Şahmat İdman Məktəbinin İcra Hakimiyyətinin bir addımlığında yerləşməsini nəzərə alsaq, orada mağazanın fəaliyyət göstərməsindən yəqin ki, xəbərdardırlar.

Belə özbaşınalıqların və müəllimlərin işdən çıxarılması, görünür Əlizamin Kərimov üçün adiləşib. Bizə daxil olan bu məktuba biganə qala bilməzdik. Bu səbəbdən də, bu mövzunu işıqlandırdıq. Biz də, Safura xanım kimi ümid edirik ki, bu qanunsuzluqlara göz yumulmayacaq və Əlizamin Kərimov kimi dövlətin müəssisəsini satan, büdcəsini dağıdıb, talan edən şəxslər, tutduqları vəzifədən uzaqlaşdırılacaqlar.

Geri qayıt