Əsas Səhifə > Partiya > MÖVSÜM SƏMƏDOVLA GÖRÜŞ QADAĞAN EDİLİB?

MÖVSÜM SƏMƏDOVLA GÖRÜŞ QADAĞAN EDİLİB?


24-09-2013, 13:20
MÖVSÜM SƏMƏDOVLA GÖRÜŞ QADAĞAN EDİLİB?
Azərbaycan İslam Partiyasının üzvləri qurumun həbsdə olan sədri Mövsüm Səmədovla görüşə bilmir. Məlumatı “Media forum”a partiya sədrinin müavini Akif Heydərli verib. O bildirib ki, partiyanın Baş Məclisi prezident seçkisində Ədalət Partiyasının sədri İlyas İsmayılovu dəstəkləmək qərarı qəbul etdikdən sonra üç dəfə görüşə getsələr də, 11 saylı Cəzaçəkmə Müəssisəsinə buraxılmayıblar: “Sonuncu dəfə bizə dedilər ki, siz bura gələndə problem yaranır. Soruşduq nə problem, dedilər içəridən şəkil çəkib mətbuata ötürürsünüz. Halbuki İslam Partiyasının üzvləri belə bir hərəkətə yol verməyiblər. Biz qanunu da yaxşı bilirik, davranışımıza da nəzarət etməyi bacarırıq”.

Akif Heydərli deyib ki, vəkili vasitəsilə Mövsüm Səmədova fikirlərini çatdırıblar: “Mövsüm Səmədov İlyas İsmayılovu dəstəkləməyimizə heç bir etiraz bildirməyib. Onun razılığı var və bu qərarı bizim öhdəmizə buraxıb. Çünki Mövsüm Səmədov özü demokratik fikirli insandır və partiyanın Baş Məclisinin qərarına həmişə hörmətlə yanaşır”.

Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.

Geri qayıt