Əsas Səhifə > Ölkə > TAKSİ ÜSYANLARI DAVAM EDƏCƏK

TAKSİ ÜSYANLARI DAVAM EDƏCƏK


17-01-2012, 14:13
TAKSİ ÜSYANLARI DAVAM EDƏCƏK

NN-DƏN CAVAB: “LİSENZİYASIZ TAKSİLƏR YIĞIŞDIRILACAQ”

“Bir qrup taksi sürücüsünün Nəqliyyat Nazirliyinin qarşısına toplanması, onların dedikləri nazir Ziya Məmmədova məruzə olunub. Nəqliyyat Nazirliyinin mövqeyi dəyişməz olaraq qalır. Lisenziyasız fəaliyyət göstərən taksi sürücülərinə qarşı mübarizə davam etdiriləcək”. Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov yanvarın 17-də “Media forum” saytına açıqlamasında belə deyib.

Nazirlik rəsmisi bildirib ki, ilk növbədə keçmiş sovet istehsalı olan köhnə avtomobillər, lisenziyasız fəaliyyət göstərən taksilər dövriyyədən yığışdırılacaq: “Bunu dəfələrlə demişik, taksi sürücülərinə müraciətlər etmişik. Artıq qayda-qanun yaratmağın vaxtı çatıb. Biz qanunsuz fəaliyyət növünə şərait yarada bilmərik. Bu mümkün olan iş deyil. Ona görə də qanunsuz fəaliyyət göstərənləri qanun əsasında işləməyə dəvət edirik. Taksi işlətmək istəyənlər ya “London taksiləri”ndən götürsünlər, ya da ağ rəngli xüsusi markalı xarici avtomobillər var, onlardan alıb, qaydalara əməl etməklə istifadə etsinlər. Taksi işlətmək üçün xarici avtomobil alanlar mütləq taksometr quraşdırmalı, lisenziya və fərqlənmə nişanına sahib olmalıdırlar. Məsələnin həlli yalnız bu formada mümkündür. “London taksiləri”ndə gündəlik plan ləğv olunub. Sadəcə olaraq taksometr nə qədər məbləğ yazırsa, onu şirkətə təhvil verirlər. Sürücülər isə maaş alır. Şirkət də deyir ki, yaxşı işləyin, taksometr çox yazsın. Getsinlər taksi parkına ilkin depoziti ödəsinlər və fəaliyyətlərini davam etdirsinlər. “London taksiləri”ni 33 min manata ala bilərlər. Amma bu taksiləri kreditə vermək mümkün deyil”.

Namiq Həsənov yalnız 2007-ci ildən sonra istehsal olunan avtomobillərdən taksi kimi istifadə edilməsinə razılıq verilməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, 2007-ci il təsadüfən seçilməyib: “Çünki dünyada qəbul olunan normalar var. Avropa Komissiyasının təsnifatına daxil olan avtomobil markaları mövcuddur. Burada sərnişinlərin təhlükəsizliyi məsələsi əsas götürülür. Lisenziya da 5 ilə verilir. 5 ildən artıq müddətdə istifadə olunan maşınlar sərnişin daşımaq üçün təhlükəli sayılır. Eyni zamanda ekoliji standartlara cavab vermir. Sərnişinlərin təhlükəsizliyi və ekologiyanı qorumaq üçün belə bir qərar qəbul edilib”.

Nazirlik rəsmisi vurğulayıb ki, köhnə avtomobillərin istifadədən yığışdırılması qəfil qəbul olunan qərar deyil. Onun sözlərinə görə, 2006-cı ildən başlayaraq bununla bağlı müraciətlər edilib, sürücülər taksi kimi istifadə etdikləri avtomobilləri yeniləri ilə əvəzləməyə çağırılıb: “Biz bunu 5 ildir deyirik. Amma Nəqliyyat və Daxili İşlər nazirliklərinin birgə tədbirləri 2012-ci ilin yanvarından başlayıb və bundan sonra da davam etdiriləcək. Buna Bakıda keçiriləcək “Avroviziya” yarışmasının da təsiri var. Çünki şəhərə qonaqlar gələcək. Amma biz bu tədbirlərə başlayanda “Avroviziya” məsələsi yox idi”.

Namiq Həsənov taksi məsələsinin siyasiləşdirilməsini qəbuledilməz sayır. Şöbə müdiri qeyd edib ki, köhnə avtomobillərdən taksi kimi istifadə olunmasına qoyulan qadağanı hansısa nazirlə, məmurla bağlamaq əsassızdır: “Qanunsuz fəaliyyətlə məşğul olanların belə demələri gözləniləndir. Biz qanunsuz fəaliyyətə necə şərait yarada bilərik? Qanunsuz fəaliyyətə şərait yaratmaq Nəqliyyat Nazirliyinin qanunsuz iş görməsi demək olar. Biz bunu edə bilmərik. Nəqliyyat Nazirliyi icra orqanıdır, Milli Məclisdə qəbul olunan qanunları, Nazirlər Kabinetinin qərarlarını yerinə yetirir”.

Yanvarın 16-da bir sıra taksi sürücüləri Nəqliyyat Nazirliyinin qarşısında toplanıb. Onlar köhnə avtomobillərin taksi kimi fəaliyyət göstərməsinə qoyulmuş qadağaya etiraz bildiriblər. Sürücülərin nümayəndələri nazirliyin sözçüsü Namiq Həsənovla görüşüb. Namiq Həsənov həmin gün sürücülərə bildirib ki, indi onlara konkret cavab verə bilməz, çünki məsələ nazir Ziya Məmmədova məruzə edilməlidir. Namiq Həsənov sürücülərə onların şikayəti ilə bağlı cavab veriləcəyini vəd edib. Bundan sonra sürücülər qərara gəliblər ki, 2 gün ərzində nazirlikdən cavab gözləsinlər. Onlar bildiriblər ki, köhnə avtomobillərin taksi kimi fəaliyyət göstərməsinə qoyulmuş qadağa götürülməsə, aksiyaları bərpa edəcəklər.


Geri qayıt