Əsas Səhifə > Güney Press, Araşdırma > "GƏNC MÜTƏXƏSSİSLƏR ÜÇÜN" TİKİLƏN BİNADA QOCAMAN MAXİNASİYA

"GƏNC MÜTƏXƏSSİSLƏR ÜÇÜN" TİKİLƏN BİNADA QOCAMAN MAXİNASİYA


23-09-2013, 10:53
"GƏNC MÜTƏXƏSSİSLƏR ÜÇÜN" TİKİLƏN BİNADA QOCAMAN MAXİNASİYA
Respublika ərazisində fəaliyyət göstərən inşaat şirkətlərinin nüfuzu gündən günə zəifləyir. Bu proses həmin şirkətlərin rəhbərləri tərəfindən törədilən çoxsaylı maxinasiyaların və fırıldaqçılıq əməllərinin məntiqi nəticəsi kimi baş verir. Artıq uzun müddətdir ki, kütləvi informasiya vasitələrində bu və ya digər tikinti şirkəti tərəfindən müştərilərin aldadılması, alınmış pulların müqabilində mənzilin təqdim olunmaması, eyni bir mənzilin alqı-satqısı üzrə müqavilənin bir neçə vətəndaşla bağlanması faktlarınin müzakirəsinin intensivləşməsi də bu kimi halların artdığını göstərir.

Digər tərəfdən də son vaxtlar Azərbaycanda çox yayılmış dolandırıcılıq əməllərinin bir forması da müxtəlif inşaat meydançalarında alnının təri ilə halal pul qazanan fəhlə və ustaların məvaciblərinin kəsilməsi kimi təzahür edir. Onsuz da hamıya yaxşı məlumdur ki, tikinti şirkətlərinin real gəlirləri deklarativ xarakterli sənədlərdə göstərilən rəqəmlərdən bir neçə dəfə artıq olur. Hər yeni sifariş on və yüz min manatlarla vergiyə cəlb olunmayan əlavə gəlir deməkdir. Bu gəlirləri isə iş və materialların şişirdilmiş qiymətlər əsasında tərtib olunmuş smetaları, şübhəli nağdlaşdırma prosedurları, podratçı-subpodratçı-subsub...podratçı oyunları və sairə maxinasiyalar təmin edir. Amma göründüyü kimi bəzi işbazların doymaz nəfsləri bütün bu mənimsəmələrlə də təmin olunmur.

Buna görə də gecə-gündüz inşaat meydançalarında tər tökən, və əslində bu gün doğma Azərbaycanımızın istənilən guşəsində göz oxşayan gözəllikləri öz əlləri ilə yaradan insanlar hər növbəti sifarişi tamamlayıb təhvil verdikdən sonra, öz halal pullarını almaq üçün günlərlə, bəzən aylarla gözləməli olur, müxtəlif instansiyaların qapıları qarşısında uzun-uzadı ayaq döyürlər.Redaksiyamıza daxil olan yeni məlumatlarda isə hazırda Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində inşa olunan yaşayış binasınının tikintisini aparan şirkətin həyata keçirdiyi maxinasiyalardan bəhs olunur.

Qeyd edək ki, məlumatlarda bu binanın “Gənc Mütəxəssislər Cəmiyyəti” üçün inşa olunduğu bildirilir. Lakin işləri icra edən tikinti şirkətinin fəaliyyətindən hələlik nə orada çalışan fəhlələr, nə də gələcək mənzil sahibləri şikayətçi deyillər. Bu dəfə şirkət rəhbərlərinin dələduzluq əməllərinə tikintini inşaat materialları ilə təmin edən fiziki və hüquqi şəxslərdir. Məlumatlarda göstərilir ki, tikinti şirkətinin rəhbərliyi əldə olunan razılıqları, bağlanmış müqavilələrin şərtlərini pozaraq alınmış mal-materiallara görə tələb olunan ödənişləri həyata keçirməkdən yayınır. Maraqlıdır ki, bu zəmində yaranan mübahisələr xüsusilə şiddətlənən zaman tikinti şirkətinin rəhbərliyi Sumqayıt Şəhər İcra Hakimiyyətinin himayəsinə sığınmaq cəhdləri də göstərir.

Belə ki, inşaat materialları satan şirkətlərin təmsilçilərinə tikintinin şəxsən Sumqayıt ŞİH-nin başçısı Eldar Əzizovun kurasiyasında olduğu deyilir. Mal-materiallara görə ödəniş gecikmələri də guya ki, məhz ŞİH tərəfindən vəsait köçürmələrinin ləngidilməsi səbəbi ilə izah olunur. Lakin mənbələr bu bəhanələrin əsassız olduğunu və sadəcə tikinti şirkəti rəhbərlərinin bu yolla məsuliyyətdən yayınmaq üçün zaman qazanmaq istədiklərinini iddia edirlər. Digər tərəfdən isə Sumqayıt ŞİH-nin yaranmış vəziyyətə müdaxilə etməsi və onun ərazisində aparılan tikintidə qayda-qanuna riayət olunması tələbini ciddi şəkildə irəli sürməsi bütün narazılıqların aradan qaldırılması üçün ən təsirli vasitə ola bilərdi.

Geri qayıt