Əsas Səhifə > Gündəm, Manşet > HAKİM ELİTANIN DAXİLDƏKİ XAİNLƏRƏ QARŞI PLANLARI

HAKİM ELİTANIN DAXİLDƏKİ XAİNLƏRƏ QARŞI PLANLARI


23-09-2013, 10:25
HAKİM ELİTANIN DAXİLDƏKİ XAİNLƏRƏ QARŞI PLANLARI
«DAXİLİ İNQİLABÇILAR»LA BAĞLI SEÇKİDƏN SONRA TƏDBİR GÖRÜLƏCƏK

DİA.AZ: - «Qarşıdan gələn prezident seçkilərilə əlaqədar kənar güclərin Azərbaycanda hər hansı dəyişiklik cəhdi müdaxilələrinin qarşısı demək olar ki, alınıb. Əsas gərginlik yaradıcı tərəf hesab olunan Rusiya isə Bakı ilə ciddi anlaşmayə vardığından bu istiqamətdən də hansısa problemin yaradılması gözlənilən deyil». Bu barədə DİA.AZ-a açıqlamasında danışan hökumət içindəki bilgili qaynaq iddia edir ki, amma buna rəğmən rəsmi Bakının təhlükə yarada biləcək qüvvələrlə əməkdaşlıq cəhdində bulunan tərəflər barəsində sərt addımları olacaq.

Xatırladaq ki, bir müddət əvvəl keçmiş baş prouror Eldar Həsənovun, Prezidentin İcra Aparatının işlər idarəsinin sabiq müdiri Akif Muradverdiyevin və digərlərinin adları dövlət çevrilişinə cəhddə hallandırıldı. Eyni zamanda İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən bir sıra qüvvələrin də mövcudluğu barədə yerli və xarici mətbuatda kifayət qədər ciddi faktlar açıqlanıb.

Mənbəmiz bütün bunları xatırladaraq bildirir ki, prezident seçkilərindən dərhal sonra sərt addımlar müşahidə olunacaq: «Bu gün Azərbaycan baş nazirinin keçmiş müavini, AST şirkətlərin qrupunun vitse-prezidenti, Rusiya Azərbaycan Təşkilatları İttifaqının sədri, «Azerros»un Ağsaqqallar Şurasının rəhbəri kimi müxtəlif vəzifələri tutan Abbas Abbasov prezident İlham Əliyevin ona qarşı soyuq davranışlarından mətbuata şikayətlənir. Halbuki Abbas Abbasov az əvələ qədər Azərbaycan hakimiyyətinə qarşı hansı səngərdə yer aldığını gizlətmirdi. Eləcə də digərlərinin rəsmi Bakının kənar güclərin təzyiq planlarını önləməsinə qədər nümayiş etdirdikləri davranışları unutmaq lazım deyil».

Mənbəmiz iddia edir ki, rəsmi Bakının kimisə bağışlamaq kimi xoş mahiyyətli niyyəti yoxdur: «Hər zaman hakimiyyət bu kimi məsələlərdə sərt davranıb və bu dəfə də belə olacaq. Hakimiyyəti də məhz bu şəkildə saxlayırlar».

Məlumatlara görə, prezident seçkilərindən dərhal sonra işə düşəcək cəza maşını onlarla məmurun da qara günlərini qarantiləməkdədir: «Necə ki, zamanında hakimiyyət öz daxilindəki «rəsulçuları» bir-bir aşkarlayaraq, onlarla yollarını ayırdı, indi də «daxili inqilabçılar»ın zərərsizləşdirilməsi dönəmi başlayacaq».

Mənbəmizin bildirdiyinə görə, vəzifələrini məhz bu şəkildə itirəcək məmurların sayı 20-yə çatmaqdadır: «Hələ aralarında deputatlar da var ki, onların da 2015-ci il parlament seçkilərinə qədər və seçki dövründə Milli Məclis heyətindən kənarlaşdırılacaqları qaçılmaz bir gerçəklik olacaq».

Geri qayıt