Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏT CƏZA MAŞININI İŞƏ SALMA YOLUNDA

HAKİMİYYƏT CƏZA MAŞININI İŞƏ SALMA YOLUNDA


20-09-2013, 10:56
HAKİMİYYƏT CƏZA MAŞININI İŞƏ SALMA YOLUNDA
PREZİDENTİN XƏBƏRDARLIĞI SEÇKİDƏN SONRA ÖZÜNÜ NƏZƏRƏ ÇARPDIRACAQ

DİA.AZ: - Bu gün Azərbaycanda oliqarx-məmurlar problemi cəmiyyətin daha çox müzakirə etdiyi mövzulardan biri olmasına rəğmən, həm də getdikcə adiləşən və artıq insanların iradəsinə zidd olsa belə normal qəbul edilən hala çevrilməkdədir. Buna səbəb isə addımbaşı rast gəldiyimiz məmur özbaşınalıqlarının qarşısının alınmasının mümkünsüzlüyüdür. Digər tərəfdən də mövcud şəraitdə “məmur özbaşınalıqları” ifadəsini təkcə vəzifəli şəxslərin bilavasitə özləri tərəfindən törədilən qanunsuz əməllərə şamil etmək düzgün deyil.

Hamıya məlumdur ki, bu şəxslərin yaxın qohumları, onların himayəsində olanlar bəzən həmin məmurun özündən belə daha artıq ambisiyalarını ortaya qoymaqla daha ciddi hüquq və qanun pozuntularına yol verirlər. Onlar özlərini daha imtiyazlı hiss etdiklərindən, hətta aşağıda hesab etdikləri vətəndaşları əzməkdən belə çəkinmirlər. Bunun adına isə qudurğanlıq, harınlıq deyilir. Ki, bu problemə prezident İlham Əliyev də dəfələrlə toxunub. Elə son Bərdə səfəri zamanı da bu barədə danışan dövlət başçısı yenidən mövqeyini “cəzalandırılacaqlar” xəbərdarlığı ilə təkrarlamış oldu.

Keçən günlərdə DİA.AZ olaraq ölkənin Müdafiə Sənayesi naziri Yavər Camalovun biznes imperiyasını idarə etməkdə ona kömək edən bəzi qohumlarının yol verdikləri müxtəlif qanun pozuntularından bəhs edən ilginc faktları diqqətinizə çatdırmışdıq. Məlum olduğu kimi Y.Camalov “Olimpik Star”, “Kral”, “Niaqara”, “Qızıl tac”, “Ambassador” və bir çox başqa obyektlərin də aid olduğu şadlıq evləri, otellər, sağlamlıq-istirahət mərkəzləri şəbəkəsinin sahibidir. Bundan başqa nazirin malik olduğu böyük biznes şəbəkəsi Rusiyanın paytaxtı Moskva şəhərində də kifayət qədər sahələri əhatə etmişdir.

Belə ki, mənbələr bu şəbəkəyə “Elita” ticarət mərkəzinin və əlbəttə ki, bir neçə restoran-şadlıq evi kompleksinin aid olduğunu bildirirlər. Maraqlıdır ki, bu komplekslər də Y.Camalovun Bakıdakı şadlıq evləri ilə eyni adlarla, “Kral”, “Niaqara” və sairə adlandırılıb. Ümumilikdə isə, məlumatlara görə, Müdafiə Sənayesi nazirinin Moskvadakı biznesinin aylıq dövriyyəsi 20 milyon ABŞ dollarından artıqdır. Yeri gəlmişkən qeyd edək ki, son vaxtlar ölkə mətbuatında Y.Camalovun təkcə Bakıda malik olduğu çoxsaylı mülklər barədə də maraqlı məlumatlar dərc olunmaqdadır. Hətta bəzi mənbələr nazirin Bakı və Bakıətrafı yaşayış məntəqələrində 50-yə yaxın villaya sahib olduğunu bildirirlər.

Təbii ki, bu qədər sərvətin qarşısında özünə, davranışına nəzarəti qoruyub saxlamaq hər adama nəsib olmur. Elə ötən yazılarda da biz Y.Camalovun qardaşı oğlu Samir Camalovun misalında bu mülahizəni kifayət qədər araşdırmışıq. Lakin bu yaxınlarda ölkə mətbuatı üçün yeni müzakirə mövzusuna çevrilmiş digər bir olay Camalovların başqa, fərqli bir simasını da ictimaiyyətə təqdim etmiş oldu. Bu dəfə isə söhbət Yavər Camalovun qardaşı Əlikram Camalovdan gedir. Bu xüsusda mətbuatda yayımlanan məlumatlarda bildirilir ki, hələ 2010-cu ildə Ə.Camalov “Dəmirbank”dan 3 milyon 950 min manat məbləğində kredit götürüb. Bunun müqabilində isə nə əsas borc nə də həmin məbləğə hesablanmış 386 min manat məbləğində faiz borcu banka ödənilməyib. Bu səbəbdən də artıq sentyabrın 24-də Əlikram Camalov məhkəmə qarşısına çıxa bilər.

Qeyd edək ki, məlumatlarda Ə.Camalovun “Hacı Camalxan” Kəndli Fermer Təsərrüfatının təsisçisi və direktoru olması, həmçinin “Dəmirbank”dan aldığı krediti də məhz bu müəssisəyə rəsmiləşdirdiyi bildirilir. Lakin təəssüflər olsun ki, biz hamımız milyonlarla vəsaitin bir məmurun əlində necə sürətli və müəmmalı şəkildə “yoxa çıxmasının” dəfələrlə şahidi olmuşuq. Yaxınlarının tutduğu yüksək vəzifə, günbəgün sürətlə artan var-dövlət və digər bu kimi məqamlar belə insanlarda özlərinin cəzasızlıq və toxunulmazlıqlarına dərin inam yaradır. Sirr deyil ki, bəzi oliqarx məmurların şəxsi sərvətləri hətta elə bir həddə gəlib çatır ki, onlar özlərini artıq dövlət daxilində ikinci bir dövlətdə hiss edirlər. Bu isə istənilən halda gec-tez acı nəticələrə gətirib çıxaran bir haldır...

Elə YAP-ın icra katibi Əli Əhmədovun də harınlamış məmurlara qarşı tədbirlərin görüləcəyi barədə fikirlər yürütməsi çox ciddi siqnal kimi qəbul edilməlidir. Əslində bu kateqoriyada icra başçısından tutmuş, nazir postuna qədər hər kəsə ciddi siqnal ötürülmüş olsa da, kimlərsə bunu ciddiyə almamaqdadır. Amma DİA.AZ-ın əldə etdiyi informasiyalardan belə bir təəssürat yaranır ki, nahaq yerə…

Mötəbər mənbənin bildirdiyinə görə, prezident seçkilərindən dərhal sonra çox ciddi mənsəb sahibləri də daxil olmaqla təxminən 20-yə yaxın məmurun sərt formada cəzalandırılması gözlənilir: «Onların siyahıları tutulub və əksəriyyəti barədə çox ciddi faktlar da toplanılaraq birbaşa olaraq dövlət başçısına təqdim edilib. Kimdir onlar? Bu bardə təxminlər yürütmək asandır. Amma zamana ehtiyac var və seçkilərdən sonra onlarla bağlı sərt tədbirlərə ictimaiyyət şahidlik edəcək».

Geri qayıt