Əsas Səhifə > Ölkə > “ZİYA MƏMMƏDOVA İSTEFA!!!”

“ZİYA MƏMMƏDOVA İSTEFA!!!”


16-01-2012, 15:41
“ZİYA MƏMMƏDOVA İSTEFA!!!”

SÜRÜCÜLƏRİN AKSİYASI ZOR GÜCÜNƏ DAĞIDILDI

Bu gün Bakıda taksi fəaliyyəti ilə məşğul olan bir qrup sürücü Nəqliyyat Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları Nəqliyyat Nazirliyinin bəzi avtomobillərin taksi kimi fəaliyyətinə qadağa qoymasına etiraz ediblər.

Polis icazəsiz keçirilən aksiyaya müdaxilə edib və sürücüləri zor gücünə ərazidən uzaqlaşdırıb. Sürücülər əsasən "Ədalət" və “İstefa” şüarları səsləndiriblər. Və nazir Ziya Məmmədovun istefası tələb olunub.

Taksi sürücülərinin Nəqliyyat Nazirliyinin qarşısında keçirdiyi etiraz aksiyasını dağıtmaq üçün əraziyə əlavə polis qüvvələri gətirilib.

Nazirliyin qarşısındakı yolu bağlayan sürücülərlə polislər arasında qarşıdurma gedib, polis həbslər aparıb. Sürücülər bir-birilərini imkanları çatdığı qədər müdafiə ediblər, hətta polisin saxladığı bir neçə aksiyaçı polis avtomobilindən düşüb qaça bilib.

Aksiyaçılar köhnə avtomobillərin taksi kimi fəaliyyət göstərməsinə qoyulmuş qadağanın götürülməsini istəyirlər.

Aksiya iştirakçılarından bir neçə nəfər Nəqliyyat Nazirliyinin rəsmiləri ilə görüşmək üçün nazirliyin binasına dəvət edilib. Görüşdən sonra jurnalistlərə açıqlama verən sürücülər bildiriblər ki, onlar siyasi tələblərlə çıxış etmədiklərini nazirliyin diqqətinə çatdırıblar: “Əsas tələbimiz odur ki, dolanışığımızı təmin etmək üçün işləməyimizə şərait yaratsınlar. Bunun üçün müəyyənləşdirilən vergiləri ödəməyə hazır olduğumuzu da onların diqqətinə çatdırdıq”.

Qeyd edək ki, yanvarın 13-dən Nəqliyyat Nazirliyi ilə Daxili İşlər Nazirliyi reydlərə başlayıb. Onlar lisenziyasız işləyən, həmçinin sovet istehsalı olan avtomobillərin taksi kimi xidmətlərinə qadağa qoyur. Taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlərin avtomobilləri buraxılış ili 2007-ci ildən sonrakı dövrə aid olmalıdır.


Geri qayıt