Əsas Səhifə > Siyasət, Manşet > ZİYA MƏMMƏDOVA «TAKSİ TORBASI» TİKİLİR

ZİYA MƏMMƏDOVA «TAKSİ TORBASI» TİKİLİR


16-01-2012, 13:24
ZİYA MƏMMƏDOVA «TAKSİ TORBASI» TİKİLİR

«NN ŞEFİ ÖZÜ DƏ BİLMƏDƏN ÇOX QƏLİZ BİR OYUNA SALINIB»

DİA.AZ: - «Nəqliyyat Naziri Ziya Məmmədov özü də bilmədən çox qəliz bir oyuna salınıb». Bu sözləri redaksiyamızı son günlər nəqliyyat nazirliyinin taksi və şəhəriçi avtobuslarla bağlı başlatdığı islahatlara münasibət bildirərkən, hakimiyyət içindəki çox mötəbər mənbə bildirib.

Qaynağın sözlərindən belə aydın olur ki, son günlər taksi sürücülərinin nəqliyyat nazirliyi tərəfindən atılan addımlara sərt reaksiya verməsi əgər bir yandan çarəsizliyin təzahürü kimi qəbul olunursa, digər yandan da təşkil olunmuş bir işdir.

Qeyd edək ki, keçən həftədən etibarən NN tərəfindən köhnə sovet maşınlarının taksi kimi fəaliyyəti qadağan edilib. Bununla yanaşı, digər xarici markalı maşınlardan da yalnız ağ rəngdə olanların taksi kimi işləməsinə icazə verilib. Bu uyğulamanı çox sərt formada qarşılayan taksi sürücüləri artıq bir neçə dəfə etiraz aksiyalarına əl atıblar ki, bu aksiyaların davamlı olacağı şübhəsizdir. Hətta bəzi qaynaqlar belə bir məlumat da yayırlar ki, narazı taksi sürücüləri gizli şəkildə təşkilatlandırılır və onların kütləvi şəkildə «Azadlıq» meydanına yürüşünün təşkili istiqamətində də addımlar atılır.

Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) daxil olan məlumatlara görə, əslində bütün bunların heç biri təsadüfi deyil: «Təbii ki, taksi sürücülərinin burada kiminsə əlinə oynadığını söyləmək insafsızlıqdır. Onlar bir tikə çörəklərinin davasını aparırlar. Amma vəziyyətdən sui-istifadə edənlər var. Koknret olaraq «Azəryolservis» rəhbəri Cavid Qurbanovun adını nişan vermək olar».

Mənbə bildirir ki, keçən həftənin bazar günü Cavid Qurbanovun adamları təxminən 200-ə yaxın taksi sürücüsü ilə görüşərək onları daha ciddi etiraz aksiyalarına sövq ediblər: «Taksi sürücülərinə bildirilib ki, Ziya Məmmədovun bu qərarının tam mahiyyəti prezidentə çatdırılmayıb. Yalnız köhnə sovet maşınlarının yığışdırılacağı bildirilib. Lakin nəqliyyat nazirliyi digər xarici maşınların da taksi kimi fəaliyyətini əngəlləyir. Bu isə artıq ciddi təlatüm yarada biləcək olaydır».

Mənbəmizə görə, məsələdən sui-istifadə edən Cavid Qurbanov da maraqlıdır ki, narazılıqların miqyası genişlənsin: «Təbii ki, bu olaylar əgər qanlı tqquşmalara səbəb olacaqsa, o zaman Ziya Məmmədovun nazir postunda saxlanılması çətinləşəcək və hətta o, könüllü şəkildə istefaya da məcbur edilə bilər».

Hələlik məsələlər şişmək üzərədir və hadisələrin bundan sonra hansı məcraya yön alacağını söyləmək xeyli çətindir. Amma görünəni odur ki, Ziya Məmmədov həqiqətən də hədəfə çevrilir və bu hədəfə doğru toplarını hakimiyyət içindəki digər rəqiblərinin də tuşlaması an məsələsidir. Axı yıxılana balta vurmaq bu ölkədə asan bir işdir…

Mövzu diqqətimizdədir. Bizi izləyin…


Geri qayıt