Əsas Səhifə > Ölkə, Manşet > HAKİMİYYƏTİN VƏHABİ PROBLEMİNƏ ŞOK ZƏRBƏ PLANI

HAKİMİYYƏTİN VƏHABİ PROBLEMİNƏ ŞOK ZƏRBƏ PLANI


17-09-2013, 15:59
HAKİMİYYƏTİN VƏHABİ PROBLEMİNƏ ŞOK ZƏRBƏ PLANI
KÜTLƏVİ HƏBSLƏR GÖZLƏNİLİR

DİA.AZ: - Məlum olduğu kimi, “Əbu Yəhya əl-Azəri” “Sumqayıt Camaatı” adlanan dini cərəyanın nümayəndəsi olub. Əvvəllər Sumqayıtda yaşayan Nicat adlı bu şəxs “Mühacir və Ənsar Ordusu”nun tərkibində döyüşüb.

Suriyada Bəşər Əsəd qüvvələrinə qarşı döyüşlərdə çeçen Əbu Ömərin rəhbərlik etdiyi “Mühacir və Ənsar Ordusu”nun tərkibində azərbaycanlılardan ibarət dəstəyə başçılıq edən “Əbu Yəhya” ləqəbli Azərbaycan vətəndaşı öldürülüb.

APA-nın Suriyadakı cihad qruplarına məxsus saytlara istinadən verdiyi məlumata görə, sentyabrın 13-də “Əbu Yəhya əl Azəri” Suriyanın Hama şəhərində gedən döyüşlərdə hökumət qüvvələrinin 66 bölükdən ibarət hərbi bazasını mühasirə altında saxlayan zaman qırıcı təyyarələrin bombardırmanı nəticəsində ağır yaralanıb. Çoxlu qan itirən “Əbu Yəhya” ölüb. O, elə həmin gün Hama şəhərinin Artma kəndindəki “Əbu Müslim” qəbiristanlığında dəfn olunub.

“Yeni Müsavat”a daxil olan məlumatlara görə, “Əbu Yəhya əl-Azəri” “Sumqayıt Camaatı” adlanan dini cərəyanın nümayəndəsi olub. Nicat adlı bu şəxs 3-4 il əvvələ qədər Sumqayıtda yaşayıb. Yəhya onun övladının adıdır. Öldürülənə qədər o, Ömər Şuşani adlı komandirin başçılıq etdiyi “Mühacir və Ənsar Ordusu” briqadasının tərkibində azərbaycanlılardan ibarət qrupa rəhbərlik edib. Suriyada döyüşən azərbaycanlıların əksəriyyəti məhz bu qruplaşmanın tərkibindədir.

Bu qanunsuz qruplaşma bir qədər əvvəl daxili ziddiyyətlərə görə 3 yerə parçalanıb. “Seyfullah” ləqəbli çeçen əsilli səhra komandiri bir, “Əbu Banat” ləqəbi ilə tanınan avar millətindən olan komandir isə başqa bir qrupa rəhbərlik etməyə başlayıb. “Əbu Yəhya”nın bir neçə gün bundan əvvəl Hama ətrafında gedən döyüşlərdə ağır yaralandığı və iki ayağını itirdiyi barədə xəbərlər də var. Bildirilir ki, Şuşaninin briqadası əsasən Hələb ətrafında və yaxın qəsəbələrdə gedən döyüş əməliyyatlarında iştirak edib. Digər iki qruplaşma isə Hama, Humus, İdlibdə Bəşər Əsədə qarşı döyüşür.

Xatırladaq ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin ölkə ərazisində törədilməsi planlaşdırılan və törədilən terror aktlarında “Sumqayıt camaatı”nın adı “Meşə qardaşları” silahlı birləşməsinə daxil olan qrup kimi keçir. 2008-ci il avqust ayının 17-də Bakıda “Əbu-Bəkr” məscidində baş vermiş partlayışda şübhəli bilinən Samir Mehdiyev də məhz “Sumqayıt camaatı”nın rəhbərlərindən idi. 2010-cu ilin yanvar ayında Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat məlumatı əsasında Samir Mehdiyev Pakistan ərazisində saxlanılıb və Bakıya gətirilib. İndiyədək bu qrupun 31 üzvü tutularaq məhkəmə qarşısına çıxarılıb.

DİA.AZ-ın əldə etdiyi informasiyalardan isə aydın olur ki, artıq azərbaycanlı vəhabilərlə bağlı rəsmi Bakı hərəkətə keçib. Qeyd edək ki, buna qədər yerli hüquq-mühafizə orqanları «profilaktik tədbirlər» adı altında bir-iki vəhabi təriqəti üzvünün saqqalını qırxmaqla yetinirdilər və bununla da yuxarılara «tədbir görüldü» hesabatı təqdim olunurdu. Amma fakt isə tamam əksinə idi. Yəni reallıq ondan ibarət idi ki, Azərbaycanda vəhabi problemi hansısa uzunsaqqallının saqqalının qısaldılması ilə həll oluna bilməz. Bunu isə bu gün Suriyada, Əfqanıstanda, İraqda və digər qaynar nöqtələrdə Azərbaycan övladlarını itirməyimizlə daha da aydın formada əxz edirik.

Məlumatlı mənbə redaksiyamıza bildirir ki, bu günə kimi vəhabilərin Azərbaycanda rahatlıqla barındırılması üçün il ərzində ayrı-ayrı dövlət adamlarımıza müxtəlif istiqamətlərdən üst-üstə olaraq 300 milyon ABŞ dolları həcmində vəsait ötürülür: «Təbii ki, bu çox ciddi vəsaitdir. Amma bu pula görə Azərbaycanın dövlət maraqlarını, Azərbaycan dövlətçiliyini təhlükəyə atmağın özü belə ən böyük cinayətdir. Lakin bu işi görənlər var və onlar hələ də vəzifə başındadırlar. Bu gün vəhabilərin Azərbaycanın dövlət strukturlarının içlərinə qədər yeriyə bilmələrinin tək nədəni də onların ən üst səviyələrdə himayə olunmalarıdır».

Mənbəmiz iddia edir ki, hazırda Prezident Administrasiyasında yüksək post tutan məmurlarımızdan biri hətta ailəlikcə vəhabi təriqətinin üzvüdür: «Doğrudur, onlar tamamən saqqala və çarşaba bürünməyiblər. Amma dəfələrlə bu camaatla sıx əlaqədə olublar. Bu əlaqələr isə təkcə madiyyatlar ölçülmür».

Mənbəmizin bildirdiyinə görə, yaxın günlərdə - konkret olaraq seçkilərə qədər vəhabilərə qarşı ciddi tədbirlər görülə bilər: «Bu həm də vəhabilərin qarşıdan gələn prezident seçkilərilə bağlı sürprizlər hazırlaması ilə bağlı yerli xüsusi xidmət orqanlarına siqnalların daxil olması ilə əlaqədardır».

Mənbəmiz iddia edir ki, belə bir əməliyyatların eyni vaxtda Azərbaycanın bir neçə şəhərində həyata keçirilməsi planlaşdırılır.


Geri qayıt