Əsas Səhifə > Partiya > "SİYAVUŞ NOVRUZOV ŞƏRLƏMƏKLƏ MƏŞĞULDUR"

"SİYAVUŞ NOVRUZOV ŞƏRLƏMƏKLƏ MƏŞĞULDUR"


17-09-2013, 15:31
"SİYAVUŞ NOVRUZOV ŞƏRLƏMƏKLƏ MƏŞĞULDUR"
“Yeni Azərbaycan Partiyası Milli Şuranın təşəbbüs qrupu tərəfindən prezidentliyə namizəd Cəmil Həsənlinin seçki qanunvericiliyini pozması ilə bağlı beynəlxalq təşkilatlara, eyni halı “Azadlıq” qəzeti davam etdirdiyi təqdirdə isə Mətbuat Şurasına şikayət ünvanlayacaq”. Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.
S. Novruzov qeyd edib ki, C. Həsənli təbliğat-təşviqat kampaniyasına start verilmədən seçki təbliğatına başlayıb: “Cəmil Həsənli Seçki Məcəlləsinin tələblərini kobud şəkildə pozub, eyni zamanda İnzibati Xətalar Məcəlləsinin tələblərinə zidd olaraq, təbliğat – təşviqat kampaniyası aparıb. Ödənişli seçkiqabağı təşviqat prosesinə qoşulmaqla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etməyən “Azadlıq” qəzetinin də onun təbliğat kampaniyası ilə məşğul olması ciddi qanun pozuntusudur. MSK-nın saytında da seçkiqabağı təşviqat kampaniyasında iştirak edəcək mətbuat orqanları siyahısında da “Azadlıq” qəzetinin adı yoxdur. Məsələn, bu gün biz “Azərbaycan” qəzetində pulsuz yazı dərc etmək üçün püşkatmada iştirak elədik. Eyni hal “Xalq”, “Respublika” qəzetlərinə də aiddir. Bu, qanunun tələbədir. Amma Milli Şuradakılar qanunun tələbini ciddi şəkildə pozurlar. İstədikləri yazını, istədikləri reklamı say çoxluğu ilə, özü də əvvəldən təşviqat kampaniyasından rəsmi imtina edən bir qəzetdə yayımlayırlar. “Azadlıq” qəzetinin bu cür qanunu pozması azmış kimi, həm də ancaq bir namizədin təbliği ilə məşğul olur, digərlərinə qarşı qara piar aparır, şər, böhtan kampaniyası həyata keçirir”.
S. Novruzov deyib ki, bu, Seçki Məcəlləsinə ziddir: “Bizim fikrimizcə, MSK bununla bağlı Cəmil Həsənliyə də, “Azadlıq” qəzetinə də xəbərdarlıq etməlidir. Həm də İnzibati Xətalar Məcəlləsinin tələbləri yerinə yetirilib, bu qurum cərimə olunmalıdır. Əgər proses yenə davam edərsə, MSK daha ciddi qərarlar qəbul etməlidir. Bu məsələyə çox ciddi fikir verilməlidir”.
S. Novruzov deyib ki, YAP “Azadlıq” qəzeti ilə bağlı Mətbuat Şurasına müraciət ünvanlanlamağı düşünür: “Çünki təbliğatdan rəsmən imtina edən bir qəzet məqsədli formada ancaq bir namizədin təbliğatı ilə məşğul olur, digər namizədlərə qarşı şər kampaniyası aparır”.
YAP rəsmisi bildirib ki, onlar beynəlxalq təşkilatların seçki müşahidə missiyaları ilə görüşdə də C. Həsənlinin seçki ərəfəsində namizəd olaraq qanun pozuntularına yol verdiklərini bildirəcəklər: “Əgər onun bu gündən bu kampaniyanı dayandırmasalar, biz beynəlxalq qurumlara da müraciət ünvanlayacağıq”.

Cəmil Həsənlinin seçki qərargahının həmsədri Həsən Kərimov isə “Yeni Müsavat”a açıqlamasında Siyavuş Novruzovun əsassız danışdığını, əksinə hakimiyyətin namizədinin təbliğatının kampaniyaya start verilməzdən öncə aparıldığını bildirdi: “Siyavuş Novruzovun şər-böhtandan başqa deyəcəyi heç nə yoxdur. Ona görə də yenə öz tərbiyəsinə uyğun olaraq şərləməklə məşğuldur. Təbliğat kampaniyasından öncə Cəmil Həsənlinin təbliğatı və təşviqatı istiqamətində heç bir material yayılmayıb. Cəmil Həsənlinin heç bir platforması açıqlanmayıb. Cəmil müəllimin seçki kampaniyası Seçki Məcəlləsinə tam uyğun aparılıb və aparılır. Siyavuş Novruzov yaxşı olar ki, YAP-ın namizədi İlham Əliyevin təbliğat-təşviqatı istiqamətində neçə aydır açıq-aşkar aparılan təbliğata görə cavab versin. Telekanalları günün yarısını İlham Əliyevin təbliğinə həsr edirlər neçə aylardır. Sentyabrın 16-da səhər bütün məktəblərdə İlham Əliyev dərsləri keçirilib. Məktəblərdə bütün şagirdlərə və müəllimlərə İlham Əliyevin fəaliyyətini əks etdirən kitab və disklər paylanıb. Biz yaxın günlərdə həmin kitabı və diski MSK-ya təqdim edəcəyik. Həmçinin məsələ qaldıracağıq ki, hökumətin strukturu olan İqtisadi İnkişaf Nazirliyinin maliyyəsi ilə çap edilən və tirajı göstərilməyən bu kitab nə üçün hakim partiyanın prezidentliyə namizədinin təbliğatı üçün yayılıb. MSK qarşısında tələb qoyacağıq ki, bu məsələyə qanuni qiymət verilsin. Həmin kitabın və diskin milyonlarla tirajda hazırlanıb yayıldığı dəqiqdir. Siyavuş Novruzov qanunları açıq şəkildə özlərinin ayaqaltı etməsinə görə zəhmət çəkib cavab versin”.

Geri qayıt