Əsas Səhifə > Ölkə > 1 İL ƏRZİNDƏ NARKOTİKA İLƏ BAĞLI 2636 FAKT
1 İL ƏRZİNDƏ NARKOTİKA İLƏ BAĞLI 2636 FAKT14-01-2012, 17:19 |
DİN BNMİ HESABAT VERDİ Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsində 2011-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib. Əməliyyat müşavirəsini giriş sözü ilə açan nazir qeyd edib ki, dünyada ən ağır cinayətlər sayılan, transmilli xarakter daşıyan terrorçuluq, insan, silah-sursat alveri, qaçaqmalçılıq və sair bu kimi beynəlxalq miqyaslı cinayətlərin heç biri xalq üçün, cəmiyyət üçün narkotiklər qədər ağır zərər verə, ağır fəsadlara, nəticələrə səbəb ola bilməz: “Onları narkotiklərlə müqayisə etmək çox çətindir və bu məsələ öz ağırlığı ilə bütün inkişaf etmiş ölkələri çox narahat edir. Ona görə də Baş Narkotiklərlə Mübarizə İdarəsi, onun yerli qurumları qanunvericiliklə müəyyən olunmuş qaydada çox mühüm bir funksiyanı icra edir”. Sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində görülmüş işlərin nəticələrinə dair geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, hesabat dövründə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə bağlı olan 2636 cinayət faktı aşkar edilib ki, onlardan da 817-si narkotik vasitələrin qanunsuz satışı, 1694-ü qanunsuz olaraq narkotik vasitələrin əldə edilib saxlanılması və 111-i narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı olub. Cinayət məsuliyyətinə cəlb olunan şəxslərdən 557 kiloqramdan çox müxtəlif növ narkotik vasitələr, o cümlədən 298,8 kiloqram marixuana, 164,8 kq həşiş, 52,3 kiloqram heroin, 14,1 koloqram tiryək, 1,5 kiloqram psixotrop maddələr və prekursorlar, 106,7 qram metadon, 27,1 kiloqram digər narkotik vasitələr aşkar olunaraq götürülüb. Bununla belə, 19 fakt üzrə 28,6 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin qarşısı alınıb. Narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunan 22 xarici ölkə vətəndaşından 53,9 kiloqram müxtəlif növ narkotik vasitə aşkar olunub götürülüb. Hesabat dövründə qanunsuz dövriyyədən qrup şəkilində törədilmiş 106 cinayət faktı üzrə 136 kiloqramdan çox müxtəlif növ narkotik vasitələr çıxarılıb, ümumi çəkisi 366,7 ton narkotik tərkibli bitkilər yaşıl kütlə halında məhv edilib. 19 fakt üzrə 28,6 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin qarşısı alınıb. Narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunan 22 xarici ölkə vətəndaşından 54 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə aşkar olunaraq götürülüb. Əməliyyat müşavirəsinə yekun vuran R. Usubov qeyd edib ki, ölkə ərazisindən tranzit kimi istifadə edilməsi, dövlətlərarası əlaqələri olan narkobiznes iştirakçıları barədə əməliyyat məlumatlarının əldə edilməsi, belə şəxslərin ifşa olunması üçün ixtisaslı əməliyyat tədbirləri hazırlanıb həyata keçirilməlidir. Nazir qarşıda duran vəzifələrdən danışarkən yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə ərazi polis orqanları və aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birgə narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, onun doğurduğu təhdidlər və zərərli nəticələri barədə aparılan maarifləndirmə işlərinin davamlı surətdə həyata keçirilməsinin zəruriliyini də qeyd edib. Geri qayıt |