Əsas Səhifə > Cəmiyyət, Manşet > BAKI MERİ YAŞILLIQLARIN QƏNİMİ ROLUNDA

BAKI MERİ YAŞILLIQLARIN QƏNİMİ ROLUNDA


13-09-2013, 15:00
BAKI MERİ YAŞILLIQLARIN QƏNİMİ ROLUNDA
BAKI MERİNDƏN NARAZILIQ VAR

DİA.AZ: - Redaksiyamıza daxil olmuş növbəti şikayət məktubunda yenidən paytaxtımızın yaşıllıqlarına qənim kəsilən məmurlar ittiham olunurlar. Əlbəttə, kimsə bu mövzunun artıq çoxdan köhnəldiyini söyləsə, biz bu fikirlə razılaşarıq. Lakin siz də razılaşın ki, mövzu köhnəlsə də öz aktuallığını itirməyib. Bir tərəfdən bu gün Bakıda yeni-yeni park və xiyabanların salınmasına dövlətimiz tərəfindən külli-miqdarda vəsaitlər ayrılır. Digər tərəfdən isə məmurlarımız özləri külli-miqdarda gəlir əldə etmək məqsədilə 15-20 il bundan əvvəl əkilmiş ağacları kəsərək onların yerində müxtəlif kommersiya obyektləri inşa etdirirlər.

Aldığımız məlumatları daha maraqlı edən bir cəhət də, şikayət məktubunda ittiham olunan məmurun əslində bu yaşıllıqların mühafizəsində durmağı tələb olunan bir şəxsin olmasıdır. Belə ki, həmin məktubda Bakının Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivinin bir qrup sakini, barəsində məlumat verdikləri hadisədə birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu təqsirkar görürlər.

DİA.AZ-a daxil olan məktubda bildirilir ki, hələ 20 il bundan əvvəl Yeni Günəşli qəsəbəsinin AB massivində, 149 saylı binanın ətrafında (sol tərəfində) sakinlər tərəfindən 10-larla ağac əkilmişdir. Bu günə qədər həmin ağaclar öz görkəmləri ilə insanların gözünü oxşayır, yerli mikroiqlimin formalaşmasına öz tövhələrini verir, qızmar yay günlərində sərinlik gətirən kölgələri ilə vətəndaşlara sevinc və rahatlıq bəxş edirdilər. Lakin görünür bu ağaclardan bir neçə kilometr məsafədə, sərinliyi kondisioner vasitəsilə tənzimlənən iş otağında əyləşən Hacıbala müəllim Yeni Günəşli sakinləri üçün məhz nəyin daha vacib olduğunu onlardan daha yaxşı bilir. Elə bu bilgilər əsasında da şəhər meri qərara gəlir ki, ağacların suvarılması üçün sərf oluna biləcək suyu, bu ağacların yerində inşa ediləcək çay evinə vermək daha məqsədəuyğun olar. Əsas budur ki, ağaclar suyu havayı içirlər (əlbəttə, əvəzində verdikləri oksigen nəzərə alınmasa), çay evində bu suya görə pul verəcəklər. Bu xüsusda sakinlər öz məktublarında belə yazırlar: “20 il əvvəl əkdiyimiz 10-larla ağac bir gecənin içində kəsilərək məhv edildi. Yerində isə 3 mərtəbəli cay evi tikildi. Qeyd edək ki, obyekti tikdirən Hacıbala Abutalıbov, bu işi icra edən isə Bakı Şəhər İcra Hakimiyyətinin ümumi şöbəsinin müdiri Namiq Məmmədovdur. Bunu ərazidə işləyən fəhlələr də təsdiq edə bilər. Bu qanunsuzluqlarla bağlı dövlət orqanlarına şikayət etsək də xeyri olmamışdır. Hər gün axşam saat 6-dan sonra da bir neçə dövlət nömrə nişanına malik avtomobil, əsasən də 90-AL-848 nömrəli “Mitsubishi” markalı maşın həmin əraziyə gəlirlər. Avtomobillərdən düşən məmurlar tikintinin gedişi ilə maraqlanır, daha çox isə narazı sakinləri “sakitləşdirməklə” məşğul olurlar. Nömrəsi xüsusi qeyd olunan “Mitsubishi” markalı avtomobil isə tikintiyə nəzarət edən Namiq Məmmədovun xidməti maşınıdır. Tikinti demək olar ki, artıq başa çatıb. Bu qanunsuzluqla bağlı bir neçə dəfə həmin əraziyə gələn adamlarla danışsaq da, onlar buranın Hacıbala müəllimin olduğunu qeyd edərək, heç kimin bura toxuna bilməyəcəyini demişlər...”

Belə-belə işlər. Adətən şəhərdə bu kimi halların qarşısının alınması məqsədilə sakinlər elə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə müraciət edirlər. Bəs indi necə olsun? Kimdən kimə şikayət edilsin? Bax burda bir məşhur mahnının sözlərini yada salmağa dəyər: “...səndən yar, sənə yar, şikayətim var”.

Geri qayıt