Əsas Səhifə > Ölkə > “ÇAKIR” MƏHKƏMƏDƏ CAVAB VERƏCƏK

“ÇAKIR” MƏHKƏMƏDƏ CAVAB VERƏCƏK


14-01-2012, 16:28
“ÇAKIR” MƏHKƏMƏDƏ CAVAB VERƏCƏK

MÜSAVATÇI POLİS RƏİSİNİN MÜAVİNİNƏ İDDİA QALDIRIB

Yanvarın 16-da Nəsimi Rayon Məhkəməsi Müsavat Məclisinin üzvü Mustafa Hacıbəylinin iddiasına baxacaq. Müsavatçı Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Süleyman Nemətova cinayət işi qaldırılmasını istəyir.

“Media forum” saytına danışan Mustafa Hacıbəyli iddianın mahiyyətinə aydınlıq gətirib: “2011-ci il aprelin 2-də müxalifətin Bakıda keçirdiyi aksiyada tutulub Nəsimi Rayon Polis İdarəsinə aparıldım. İdarənin rəis müavini Süleyman Nemətov fiziki təzyiqə əl atıb mənə ağır işgəncələr verdi. Azadlığa buraxılandan sonra işgəncə faktına görə cinayət işi qaldırılması üçün Nəsimi Rayon Prokurorluğuna müraciət etdim. Ekspertiza mənim işgəncəyə məruz qalmağımı təsdiqləmişdi, amma prokurorluq Süleyman Nemətova cinayət işi qaldırmaqdan imtina etdi.

Bundan sonra Daxili İşlər Nazirliyi Nəsimi Rayon Prokurorluğunun müraciəti əsasında araşdırmalara qoşuldu. Amma bu instansiya da obyektiv araşdırma aparmadı. Ona görə məhkəməyə üz tutmalı oldum. Nəsimi Rayon Prokurorluğunun obyektiv araşdırma aparmasını, polis zabiti Süleyman Nemətova cinayət işi qaldırmasını istəyirəm”.

Müsavatçının hüquqlarını vəkil Nemət Kərimli qoruyur.

1972-ci ildə anadan olan Mustafa Hacıbəyli Dövlət İdarəçiliyi Akademiyasını bitirib. “525-ci qəzet”də, “Yeni Müsavat” qəzetində çalışıb. “Yeni Müsavat” jurnalının redaktoru olub.

Qarabağ müharibəsi əlilidir.


Geri qayıt