Əsas Səhifə > Ölkə > POLİS RƏİSİ RAMİL USUBOVU HƏDƏFƏ ÇEVİRİB?

POLİS RƏİSİ RAMİL USUBOVU HƏDƏFƏ ÇEVİRİB?


14-01-2012, 15:15
POLİS RƏİSİ RAMİL USUBOVU HƏDƏFƏ ÇEVİRİB?

RASİM İLDIRIMZADƏ NAZİRİNN ADINDAN İSTİFADƏ EDİB?

Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsi rəisinin müavinin adı yenidən qalmaqallı məsələdə hallanır...

Ölkə mətbuatının çox da uzaq zaman olmayan ötən ilin sentyabr ayındakı mənzərəsində keçmiş ABU rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin qardaşı M.Abdullayevin axtarışı ilə bağlı verdiyi sərt açıqlamalarının xüsusi çəkisi diqqəti çəkirdi. Onun ölkə hakimiyyətini, xüsusən də Azərbaycanın hüquq mühafizə orqanı əməkdaşlarını, yüksək çinli məmurları adam oğurluğu kimi ağır cinayət əməlində iştirakçı kimi təqdim etməsi hələ də hamını düşündürən sualdır. Hətta ola bilsin E.Abdullayevi qınamaq olmaz o mənada ki, o, qardaşının tapılması üçün əlimyandıda olmuşdu və hər bir sərfəli təklifə razılıq vermişdi. Buna görə də inandığı adamlarla danışığa getmişdi. Halbuki onun özü də bilməli idi ki, bu sirli qapının açarı ölkənin hüquq mühafizə orqanlarında axtarılmalı idi...

"Rasim İldırımzadə yaxın qohumluq əlaqəsi olan, özünün naziri olan cənab Ramil Usubovun adından istifadə edibmiş"

"Təzadlar"ın da 2011-ci ilin sentyabrın 29 tarixli sayında bu məzmunlu bir yazı dərc olunmuşdu. Həmin dövrdə bəzi məsələlərə aydınlıq gətirilməsi üçün müvafiq dövlət qurumlarına sorğular göndərmişdik. Məsələn, bu sorğulardan biri E.Abdullayevin açıqlamalarında adı keçən bəzi dövlət qurumu rəhbərlərinin barəsində idi. Belə sorğulardan birini DİN-nin Aeroport polisinin rəis müavini Rasim İldırımzadənin E.Abdullayevdən qardaşının tapılması müqabilində ondan istədiyi 1 milyon dollar pul sövdələşməsi məsələsi idi. Bizim göndərdiyimiz sorğuda həm də bəzi digər məsələlərə də aydınlıq gətirilməsini istəmişdik. Bu da həmin sorğuya dair aparılan araşdırmanın nəticəsi.

Redaksiyamıza həm də bu arada R.İldırımzadə ilə bağlı, belə demək mümkünsə, şok məlumatlar daxil oldu. Bircə məsələni qeyd edək ki, redaksiyanın elektron poçtuna göndərilən həmin materialda R.İldırımzadənin yaxın qohumluq əlaqəsi olduğu daxili işlər naziri Ramil Usubovun adından istifadə etməsi, ona arxalanması məsələsi qeyd olunur. Buna biz də inanmırıq. Amma həmin materialdakı açıqlamadakı məntiqi nəticə düşünməyi də ehtiva edir. Biz inanmırıq o mənada ki, nazir Ramil Usubovun adam oğurluğuna, şəxsiyyət əleyhinə yönəlmiş ağır cinayətlərə qarşı amansız mübarizə apardığı bir vaxtda bunlar baş verib.

Təbii ki, qarşı tərəf olaraq Rasim İldırımzadənin də mövqeyini dərc etməyə hazırıq. Həmçinin onun digər suallara cavabını da. Suallar isə çoxdur. çünki hələ o vaxtlar "Azadlıq" qəzetinin baş redaktoru, Fransada olmuş və müxtəlif adamlarla görüşə bilmiş Qənimət Zahidin də söylədiyi və ortaya qoyduğu çox ciddi məsələlər var.

Bu və ya digər suallara isə növbəti saylarımızda ölkəmizdə bu araşdırmalarda böyük əməyi keçən tanınmış hüquqşünaslardan birinin şərhi ilə cavab verməyə çalışacağıq.

***

Nəhayət, sonda həm də bir anonsu da diqqətə çatdırmaq istəyirik. E.Abdullayevin son açıqlamalarındakı MTN-ə təqdim etdiyi maddi sübutlardan:

"Videodisk N47. 09.11.2004.

Rasim Ildırımzadə Əli oğlu (DIN Aeroport Polis şöbəsinin rəis müavini, polkovnik):

- 1 milyon ver, Mahiri gətirək. Mahiri verəcəm sənə...

Elşad Abdullayev:

- Məni aldadırsan...".

Qeyd edək ki, Rasim Ildırımzadə DIN-nin Aeroport Polis şöbəsinin rəis müavini, polkovnikdir. O, daxili işlər naziri Ramil Usubovun qudası, Xətai rayon prokuroru Yusif İldırımzadənin qardaşıdır. Qeyd etdiyimiz kimi, ekspert-hüquqşünasın açıqlamalarında həm də bu suala cavab axtarılacaq: E.Abdullayevlə 1 milyonluq alverə girişəndə Rasim İldırımzadə kimə arxayın idi-qardaşı Yusif İldırımzadəyə, yoxsa ona dövlətçiliyi və qanunların aliliyini qorumağı etibar etmiş nazir Ramil Usubova? Bəlkə, başqa bir neçə nəfər var, onlara? Bunların hamısına yenidən yeni hüquqi müstəvidə cavab axtaracayıq.

(Davamı var)

"Təzadlar"


Geri qayıt