Əsas Səhifə > Gündəm, Manşet > “GÖMRÜKKOM”DA KORRUPSİYA YOXLAMALARI

“GÖMRÜKKOM”DA KORRUPSİYA YOXLAMALARI


14-01-2012, 12:32
“GÖMRÜKKOM”DA KORRUPSİYA YOXLAMALARI

AYDIN ƏLİYEVƏ QARŞI ÇOX CİDDİ FAKTLAR TOPLANIB

DİA.AZ: - Dövlət Gömrük Komitəsində (DGK) yaşanan qanunsuzluqlar və özbaşınalıqlar elə bir həddə çatıb ki, artıq yuxarı dairələr də burada yoxlama əməliyyatları keçirmək istəyirlər. Çünki Korrupsiyaya qarşı Mübarizə Komissiyasına ünvanlanan şikayətlərdə kifayət qədər tutarlı faktlar var ki, «Gömrükkom»da araşdırmalar aparılsın.

«Gömrükkom»a yaxın mənbənin verdiyi məlumata görə, qurumda qanunsuzluq və özbaşınalıqlarlar günü-gündən artır. Rüşvətin burada kütləvi xarakter daşıması isə adət halını alıb. Ölkəyə daxil olan böyük investisiya və pulların dövr etdiyi «Gömrükkom»da əldə edilən gəlirin həcmi düşündüyümüzdən və rəsmi statistikada göstəriləndən qat-qat yuxarıdır. Bu qədər pulu nəzarətsiz buraxmaq və ya korrupsiya faktına çevirmək olduqca acınacaqlı bir durumdan xəbər verir. Bir fakta diqqət edək. Ölkədə fəaliyyət göstərən mobil operatorların - «Azərcell», «Bakcell» və digərlərinin abonetlərinin sayı 3-4 milyonu ötdüyü halda, guya ölkəyə daxil olan və qeydiyyata düşən mobil telefonların sayı 30 mindir. Bu, necə ola bilər ki? Bunları qeydiyyata DGK götürürsə, bu rəqəmin bu qədər təhrif olunması nədən xəbər verir? Əgər ölkədə fəaliyyət göstərən dükanlarda satışa çıxarılan mobil telefonları saysaq, bu rəqəmin yüz mini ötdüyünün şahidi olarıq.

Bu faktların tərkibinə sahibkarların narazılıqlarını da əlavə etsək, çox ciddi problemlərin şahidi olarıq. Belə ki, ölkənin qismən imkanlı təbəqəsi hesab olunan sahibkarlar vaxtaşırı «Gömrükkom»da problemlərlə üzləşir, qanunsuzluqların qurbanına çevrilirlər. Xüsusən də avtomobil satışı ilə məşğul olan sahibkarların şikayətləri olduqca ciddi məqamlardan bəhs edir. Verilən məlumatlarda bildirilir ki, Avtonəqliyyat Gömrük İdarəsindəki vəziyyət çox mürəkkəbdir. Sözügedən idarədə rüşvəti heç bir qorxu hiss etmədən, açıq-aşkar tələb edirlər. Bu qanunsuluqlara isə Rövşən adlı şöbə müdiri rəhbərlik edir. Onu burada «pulyığan rövşən» kimi tanıyırlar. Arxasında isə olduqca güclü oliqarxlar dayanır. O da bildirilir ki, hazırda yuxarı dairələr və Korrupsiyaya qarşı Mübarizə İdarəsi «Gömrükkom»da yaranmış problemlərlə ciddi maraqlanmağa başlayıb. Hətta yaxın günlərdə yoxlamalar başlaya bilər. Mənbənin sözlərinə görə, görülən tədbirlər qurumun sədri Aydın Əliyevin işdən çıxarılması ilə də nəticələnə bilər. Lakin bu versiya inandırıcı görünmür. Çünki Aydın Əliyevə nisbətən güclü fiqurlar müdafiə edir. Ancaq digər dəyişikliklərin olması faktı danılmazdır. Həmin dəyişikliklər də ondan ibarətdir ki, dövlət rüsumları bir qədər aşağı salınacaq və «Gömrükkom» rəhbərliyində təmsil olunan bəzilərinin ya yerini dəyişəcək, ya da işdən çıxaracaq. Burada həbslərin olması da qaçılmazdır. Ancaq konkret kimin həbs olunması hələ bildirilmir. Ehtimal olunur ki, həbs olunacaq şəxslərdən biri sözügedən qurumda çalışan bir qədər yüksək vəzifə tutan şəxs olmalıdır. Əməliyyatların Avtonəqliyyat Gömrük İdarəsində geniş miqyaslı aparılması da gözlənilir.

Etibarlı mənbənin sözlərinə görə, Aydın Əliyev yaxın bildiyi çevrələrdən əməliyyatları əngəlləməyi xahiş edib. Həmçinin yoxlamaların səthi keçirilməsi də «Gömrükkom» sədrinə sərf etmir. Mənbə bildirir ki, «Gömrükkom»da hansı daşı qaldırsan, altında rüşvət çıxacaq. Aydın görünür ki, yoxlamalar qurumda dəyişikliklə yadda qalacaq. Bundan istifadə edən məmurlar isə cəzalandırılacaq. Bəli, bunu Aydın Əliyev də bilməlidir ki, budəfəki yoxlamalar böyük dəyişikliyə səbəb ola bilər. Bir çox şöbə müdiri haqqında faktların toplanması da söylənilir. Həmin şöbə müdirlərinin isə kimlərinsə qohumları olması üzə çıxsa, hər şey aydınlaşacaq. Və ehtimal var ki, qurumdakı dəyişiklik yuxarıdan aşağı aparılacaq. Görünür, bununla da Aydının rəhbərlik etdiyi qurumdakı qaranlıq işlər sözün əsl mənasında, aydınlaşacaq.

Geri qayıt