Əsas Səhifə > Gündəm, Manşet > ƏLİ İNSANOV MƏHƏRRƏM ƏLİYEVƏ HƏVALƏ EDİLİB

ƏLİ İNSANOV MƏHƏRRƏM ƏLİYEVƏ HƏVALƏ EDİLİB


10-09-2013, 11:05
ƏLİ İNSANOV MƏHƏRRƏM ƏLİYEVƏ HƏVALƏ EDİLİB
YAXIN GÜNLƏRDƏ ƏFV FƏRMANI İMZALANIR: KEÇMİŞ NAZİR RAZI OLACAQMI?

DİA.AZ: - Prezident Administrasiyası daxilində mübhəm konfliktlərin sürməsi hər zaman müşahidə olunub. Bu vəziyyət isə Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyevin PA-ya rəhbər köməkçisi təyinatından sonra daha da gərginləşib. Bu barədə DİA.AZ-ın əldə etdiyi məlumatlardan aydın olur ki, zamanında PA şefi Ramiz Mehdiyevə qarşı alternativ güc kimi dəyərləndirilən Əli Əsədov-Zeynal Nağdəliyev cütlüyü bu gün daha çox münasibət aydınlaşdırmasına maraq göstərməsə də, hələ də yetərli səlahiyyətlərə və imkanlara malik olmayan Məhərrəm Əliyev ənənəvi rəqabət ovqatını qorumaqdadır.

Mənbənin söylədikləri: «Məhərrəm Əliyevi yaxından tanıyanlar da təsdiqləyər ki, kifayət qədər prinispial birisi olan sabiq «qorotdel» şefi Ramiz Mehdiyevlə haqq-hesab çürüdəcəyi anın həsrətindədir. Və elə bu səbəbdən onun PA-ya təyinatı da Mehdiyevin mövqelərinə bir zərbə kimi dəyərləndirildi. Amma sən saydığını say, gör fələk nə sayır»…

Məlumatlara görə, son günlər azadlığa çıxıb-çıxmayacağı mətbuatda müzakirə olunan keçmiş səhiyyə naziri Əli İnsanov Məhərrəm Əliyevə əlavə problemlər yaratmaqdadır. Bildirək ki, zamanında onlar quda olublar və hətta Əli İnsanov ilk həbs olunduğu günlərdə Məhərrəm Əliyev sonna qədər «mən inanmıram ki, Məhərrəm Əliyev dövlət çevrilişinə cəhd etsin» ifadələri ilə qudasına sahiblənmişdi.

Amma bu vəziyyət müvəqqəti xarakter daşıdı. Nəhayətdə Məhərrəm Əliyevin oğlu Polad Əliyevlə Əli İnsanovun qızı Ayla İnsanovanın birgə həyatına son qoyuldu və hətta tərəflər mənzil problemilə əlaqədar məhkəmə çəkişmələrinə qədər gedib çıxdılar.

Məlumatlı mənbə bildirir ki, amma buna rəğmən yenə də Məhərrəm Əliyev hakim düşərgədə Əli İnsanovdan sorumlu birisi kimi tutulur. Bu barədə mənbənin söylədikləri: «Yaxın günlərdə əfv fərmanının verilməsi gözlənilir. Və düşünülür ki, bu fərmanla 2005-ci ildə həbs edilənlər də azadlığa buraxılsın. Həmçinin Əli İnsanov. Amma məlumdur ki, Əli İnsanov hələ də əfv ərizəsi yazmayıb».

Mənbəyə görə, Əli İnsanova əfv ərizəsinin yazdırılması işi məhz Məhərrəm Əliyevə həvalə olunub: «Təbii ki, bu ideya Məhərrəm Əliyevin PA-dakı rəqiblərindən sızıb. İndi o, qohumluq əlaqələrinə son qoyduğu Əli İnsanovu razı salmalıdır. Hansı şərtlərlə? Bu - artıq önəmli deyil. Önəmli olanı Məhərrəm Əliyevin Əli İnsanovla dil tapıb-tapmayacağıdır».

Geri qayıt