Əsas Səhifə > Ölkə > ƏLDƏ QƏZET SATANLAR ROBOTLARLA ƏVƏZ EDİLİR

ƏLDƏ QƏZET SATANLAR ROBOTLARLA ƏVƏZ EDİLİR


13-01-2012, 18:37
ƏLDƏ QƏZET SATANLAR ROBOTLARLA ƏVƏZ EDİLİR

BUNU BƏXTİYAR SADIQOV TƏKLİF EDİR

Mətbuat Şurasının 2011-ci ildə gördüyü işlərə dair yanvarın 12-də keçirdiyi hesabat konfransında rəsmi dövlət qəzeti “Azərbaycan”ın baş redaktoru, deputat Bəxtiyar Sadıqov da çıxış edib. O qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti qəzetlərin həm köşklərdə satışına, həm də səyyar yayımına maneə törədir: “İl ərzində mütəmadi olaraq bu barədə şikayətlər daxil olur. Qəzet köşklərinin sayı azaldılır, insan axınının gur olduğu yerlərdə qəzet satışına maneələr yaradılır, hətta köşklər bağlanır”.

Yanvarın 13-də “Media forum” saytına açıqlamasında Bəxtiyar Sadıqov Mətbuat Şurasının hesabat konfransında sadaladığı problemlərdən çıxış yolları barədə fikirlərini bölüşüb: “Qəzet satışına kömək üçün Bakı Şəhər İcra Hakimiyyətinin Milli Parkda avtomat qəzet satan aparatlar quraşdırması yaxşı olardı. Mətbuat yayımına kömək etmək istəyiriksə, o formada aparatların quraşdırılmasının zamanı çatıb.

Əl yayımı ilə bağlı işi bir özəl yayım təşkilatı öz üzərinə götürməlidir. Əldə qəzet yayacaq insanlarla müqavilə imzalanmalı, onlara lisenziya verilməlidir. Bu halda bir neçə məsələ həll olunur. Birincisi, bu proses qanuniləşir və Mətbuat Şurasının əldə qəzet yayanların haqlarını müdafiə etməsinə hüquqi cəhətdən tutarlı əsas yaranır. Əldə qəzet yayan insanlar üçün iş yeri olur, əmək müqavilələrinin olması onların hüquqlarının qorunmasına və gələcəkdə pensiya ilə təmin edilmələrinə şərait yaradır. Eyni zamanda əl yayımından dövlətə vergi ödənir.

İstər Milli Parkda, istərsə də insanların çox olduğu digər yerlərdə, dayanacaqlarda qəzet satan avtomatlar quraşdırılmalıdır ki, vətəndaşlar həmin yerlərdə də qəzet əldə edə bilsinlər, özü də asanlıqla, xırda pul atmaqla.

Ümumiyyətlə bütün yayım təşkilatları ilə Bakı Şəhər İcra Hakimiyyəti dediyim məqamları nəzərə alıb qarşılıqlı razılığa gəlməlidir”.


Geri qayıt