Əsas Səhifə > Hadisə > ÇÜRÜYƏN UŞAQLARIN DƏRMANI TAPILMIR

ÇÜRÜYƏN UŞAQLARIN DƏRMANI TAPILMIR


7-09-2013, 11:13
ÇÜRÜYƏN UŞAQLARIN DƏRMANI TAPILMIR
Ağdamda bulyoz-epidermoliz xəstəliyindən əziyyət çəkən 14 yaşlı Akif Məmmədov və 4 yaşlı bacısı Dilarə Məmmədova müalicə üçün Bakıya göndəriliblər. Bu haqda Ağdam Mərkəzi Rayon xəstəxanasının baş həkimi Gülnar Abbasova məlumat verib. Onun sözlərinə görə, xəstəxanadan uşaqların dayısı Qabil Məmmədovla əlaqə saxlanılıb. Q.Məmmədov bildirib ki, uşaqlar Bioloji Təbabət Klinikasında alman mütəxəssis tərəfindən müayinə olunduqdan sonra 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanserinə köçürülüb.

Uşaqların vəziyyəti barədə məlumat öyrənmək üçün 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanseri ilə əlaqə saxladıq. Suallarımızı cavablandıran həkim-dermatoloq Vüsalə Hüseynova xəstələrin vəziyyətinin ağır olduğunu bildirdi.
"Uşaqlar buraya 2 (3) gün əvvəl axşamüstü gətirilib. Hazırda vəziyyətləri ağırdır. Müalicə sistematik şəkildə aparılır. Uşaqların tam sağalma imkanları olmasa belə, müalicələr intensiv formada edilməlidir. Həkimlərimiz indi də maraqlanır, amma heç yerdə bu xəstəliyin tam sağalması ilə bağlı məlumat yoxdur. Bu xəstəlik əsasən qohum nikahlarından doğulan körpələrdə müşahidə edilir. Amma bu uşaqların valideynləri qohum deyil, sadəcə eyni kənddəndirlər. Göründüyü kimi, qohum olmayanların da uşaqlarında bu xəstəlik müşahidə olunurmuş.

Hazırda uşaqlara həm daxildən, həm də yerli müalicə aparılır. Ümumiyyətlə, bu xəstəliyin bir neçə forması var. Akif və Dilarədə ağır formasıdır. Suluqlar, yaralar əsasən selikli qişalarda müşahidə olunur. Akiflə Dilarənin də selikli qişalarında suluqlar müşahidə edilir. Dilarənin ağız boşluğunda bunlar çoxlu saydadır. Hətta artıq əl, ayaq barmaqlarının birləşməsi gedir. Bu xəstəlik əsasən uşaq körpə ikən üzə çıxır. Bu uşaqlarda da elə olub. Hazırda isə lap ağırlaşma gedir. İndi çarəmiz yalnız uşaqların immunitetini möhkəmləndirərək, orqanizmlərinin xəstəliyə qalib gəlməsi üçün qorumaqdır. Hazırda uşaqlar müayinədədirlər, lakin müalicələri də başlayıb. Uşaqları ən çox incidən isə suluqların yaranmasıdır. Həmin suluqların içindəki maye onları incidir, yandırır. Ona görə də o suluqlar təmizlənib, yeri işlənməlidir. Hazırda uşaqlara bu prosedur aparılır. Belə insanlarda dəri qatı çox zərif olur, məsamələr sıx yerləşmir. Adicə əlinizi vursanız belə, orada mütləq zədə yaranır. İncidir onları. Hazırda uşaqların vəziyyəti onların daxili orqanlarından da asılıdır. Nə qədər möhkəm olsalar, o qədər yaxşı olacaq. Akiflə Dilarənin vəziyyəti pis haldadır, onların dırnaqları artıq yoxdur. Hətta cinsiyyət orqanlarında da yaralar var. Əslində bu xəstəliyi olan uşaqlar hələ körpə ikən 3-5 aylarında tələf olurlar. Ya da həyatları beləcə ağırlaşa-ağırlaşa davam edir. Hazırda bu vəziyyətdə olan daha 1-2 xəstəmiz də var. Onlar da daim müalicə alır. Səhiyyə Nazirliyinin bizə verdiyi dərmanlarla onları təmin edirik”. Ümid edirik ki, Akif və Dilarənin vəziyyəti yaxın zamanda stabilləşər. Allahdan uşaqlara şəfa, yaxınlarına isə səbr diləyirik.

Geri qayıt